“Manatın taleyi neftin qiymətindən asılı olacaq”

Qubad İbadoğlunun fikrincə, bu il istehlak mallarında qiymət artımı gözlənilir

Source:


Qubad İbadoğlunun fikrincə, bu il istehlak mallarında qiymət artımı gözlənilir

“Yola saldığımız 2014-cü il, xüsusilə, vətəndaş cəmiyyəti fəalları üçün çətin il oldu,  qarşıladığımız 2015-ci ilin  isə  istehlakçılar  və sahibkarlar üçün ağır il olacağı gözlənilir”. Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu yeni illə bağlı proqnozunda deyib. Onun sözlərinə görə, ötən il Azərbaycanın mövcud hakimiyyəti avrointeqrasiya istiqamətində vacib təşəbbüsləri yetərincə qiymətləndirməyərək,  əvvəlki xarici siyasət  kursundan bir az geri çəkildi.  2014-cü  il ərzində Azərbaycan Rusiyaya daha çox  yaxınlaşdığından Qərbdən xeyli  uzalaşdı. Lakin Rusiya ilə yaxınlaşma ən yüksək səviyyəsinə qədər davam etmədiyindən Azərbaycanın adı imperialist məqsədlərlə yaradılan Avrasiya İttifaqı və Gömrük Birliyi kimi qurumlarda yer almadı. Bu məqsədə müvəqqəti nail olunsa da, mümkün risklərdən sığortalanmaq barədə danışmaq hələ tezdir.

“Ötən ilin iqtisadi yekunları gözlənildiyi qədər uğurlu olmadı. İlin sonuncu rübündən başlayaraq dünya bazarında xam neftin qiymətlərinin ucuzlaşması Azərbaycanın ixracatdan  valyuta hasılatının, eləcə də, dövlətin maliyyə gəlirlərini azalmasını şərtləndirdi və bu da öz növbəsində ÜDM-in artım tempinə təsirsiz ötüşmədi. Ötən il sənaye ili elan olunsa da , milli iqtisadiyyatın bu önəmli sahəsində məhsul istehsalı əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 2014-cü ilin 11 ayında 1,5 faiz, eyni dövr ərzində digər vacib sektor olan kənd təsərrüfatında ümumi məhsul istehsalı 2,9 faiz azaldı.Gömrük məlumatlarına görə, xarici ticarət dövriyyəsi 6,7 faiz aşağı düşüb. İl ərzində diqqəti çəkən ən böyük iqtisadi hadisələr dünya bazarındakı qiymət dəyişmələrinin və Rusiyanın valyuta bazarındakı böhran meyllərinin Azərbaycana birbaşa təsirləri ilə bağlı oldu” – deyə Qubad İbadoğlu qeyd edib.

İqtisadçı daha sonra ötən ilin  çoxsaylı və səs-küylü intiharlarla da yadda qaldığını yada salıb: “Sosial  və psixoloji problemlərdən yaxa qurtarmaq üçün bu yolu seçənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artdı. İş yerlərini itirənlərin rəsmi statistikası açıqlanmasa da, xüsusilə, yanacaq-energetika bölməsində ixtisarlar kütləvi xarakter almağa başladı və əvvəlki illərdə olduğu kimi işsizlik ilin əsas sosial bəlası olaraq qaldı. 2014-cü ildə iqtisadiyyatın struktur və kadr tərkibində ciddi dəyişikliklər qeydə alınmadı,  yalnız kənd təsərrüfatı və əmək və əhalinin sosial müdafiəsi nazirliklərində kadr dəyişiklikləri oldu. Ötən il ərzində korrupsiya ilə mübarizə, dövlət vəsaitlərinin xərclənməsinə ictimai nəzarətin təşkili yerli və beynəlxalq ekspertlər tərəfindən az səmərəli qiymətləndirildi və  Beynəlxalq Şəffaflıq Təşkilatı tərəfindən ilin sonunda açıqlanan reytinqdə  Azərbaycan 29  balla  175 ölkə arasında 126-cı sırada yer aldı.

İl ərzində Norveçin “Statoil” dövlət neft-qaz şirkətin “Şahdəniz” layihəsindəki 15,5 faiz payını, Cənubi Qafqaz qaz kəməri layihəsindəki 12,4 faiz payını sataraq Azərbaycandakı fəaliyyətini məhdudlaşdırdı.

İlin sonunda Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşası davam edən Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) sahəsində ilk sınaq qatarının xəttə buraxılması  əhəmiyyətli  hadisələrdən hesab oluna bilər”.

Qubad İbadoğlunun fikrincə, ötən ilin 11 aylıq yekunlarına görə, qeyri-neft və qaz bölməsindən büdcəyə 3,9 milyard manat  və ya büdcə gəlirlərinin 25 faizi qədər vəsait daxil  olub. Bu da o deməkdir ki, ötən ildə də  dövlət büdcəsinin 75 faizindən çoxu neft-qaz bölməsindən daxilolmalar hesabına icra olunub. İlin sonunda Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 milyard  438 milyon manat, xərcləri 21 milyard  100 milyon  manat məbləğində təsdiq edildi. Neft Fondunun gəlirləri hesaba alınmamaqla 2015-ci il icmal büdcəsinin kəsiri 15  milyard 440  milyon manat məbləğində müəyyən edildi. Bu, neft gəlirləri nəzərə alınmadan büdcənin hansı vəziyyətdə olmasını əks etdirən risk göstəricisi kimi də qəbul oluna  bilər.

“Büdcə paketi ilə birgə Milli Məclisə təqdim edilən vergi qanunvericiliyinə olan dəyişikliklərdən məlum oldu ki, gələn ildən vergi yükünün artırılmasından ən çox əziyyət çəkən fiziki şəxslər və kiçik sahibkarlar olacaq. Belə ki, 2015-ci ildən etibarən banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər üzrə gəlir vergisi tətbiq olunmağa başladı. Bu dəyişiklik 5,3 milyon nəfər əmanətçininin gəlirlərinə azaldıcı təsir göstərməklə dövlət büdcəsinə  əlavə olaraq 70 milyon manata qədər vəsait qazandıracaq. Beləliklə, dövlətin bu mənbədən orta hesbala 70 milyon manatlıq qazancı əmanətçilərin həmin məbləğ qədər itkiləri hesabına başa gələcək.

Cari ildən istehlakçıların xərclərini artıracaq digər dəyişiklik fiziki şəxslərin əmlak vergisi ilə bağlı oldu. 2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər əmlak vergisini invertar dəyərinə görə deyil, onların  xüsusi mülkiyyətində olan mənzillərin sahəsindən asılı olaraq ödəyəcəklər. Yeni dəyişikliyə görə, əmlak vergisi 30 kvadratmetrdən  çox olan  sahənin hər kvadratmetrinə görə hesablanacaq və regionlar üzrə fərqləndiriləcək.  Bu ildən etibarən 10 sotdan çox torpaq sahəsi olan fiziki şəxslər də əvvəlki illə müqayisədə daha çox vergi ödəmək məcburiyyətində qalacaqlar.

Bu il  avtomobil həvəskarları  üçün də  bəd xəbərlərlə  başladı. Son  dəyişikliyə görə,  idxal olunan avtomobillərə tətbiq edilən yeni  aksiz  dərəcələri  istehlakçıların xərclərini   mühərrikin həcmindən asılı olaraq ən azı 100 manat və ən çoxu 13300 manat artıracaq.

2015-ci ildə aksiz dərəclərinin artımı nəticəsində qiymətləri bahalaşacaq mallar siyahısına etil spirti, araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materialları, şampan şərabı,  pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər daxildir. Bununla yanaşı, siqarlar,  eləcə də, tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri aksiz dərəcəsinin atırılmasına görə bahalaşacaq.

Nəhayət, Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın aksizli malların siyahısına aid edilməsi təklif olunduğundan bu sahədə də qiymət artımı gözlənilir” – deyə Qubad İbadoğlu bu ilin iqtisadi təhlilini aparıb.

İqtisadçı sonda qeyd edib: “Göründüyü kimi 2015-ci ildə ən böyük çətinlik  ailə büdcəsinin xərclərini artımı və gəlirlərinin azalması, bir sözlə, əhalinin rifahının yüksəldilməsi sahəsində olacaq. Çünki yuxarıda adı sadalanan məhsulların qiymətlərinin bahalaşması ümumi qiymət səviyyəsinin də artımını şərtləndirəcək. Bu isə Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti il üçün hədəflədiyi 2-3 faizlik inflyasiya səviyyəsini qorumaqda çətinliklər yaradacaq. AMB-nin məzənnə rejiminin əsasən dəyişməz saxlanılmasına dair bəyanatı milli valyutanın  sabitliyinə  təminat versə də, bütövlükdə, manatın taleyi dünya bazarında neftin qiymətinin hansı səviyyəyə və müddətə  qədər ucuzlaşmasından asılı olacaq.

Bu il Rusiyada rublun dəyərsizləşməsi və xam  neftin qiymətinin ucuzlaşmasının davam edəcəyi halda  Azərbaycanda alıcılıq qabliyyətinin də kəskin aşağı düşəcək. Bu da xüsusilə  qeyri-ərzaq mallarının və məişət məhsullarının satışının əhəmiyyətli dərəcədə azalmasını şərtləndirəcək. Nəticədə, bu il bir tərəfdən ailə büdcəsində ərzaq  xərcləmələrinə yönələn vəsaitlərin həcmi  artacaq, digər tərəfdən də qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan ticarətçilər böhran şəraitində işləməli olacaqlar.

Yeni ildə yeni şərtlərlə işləmək məcburiyyətində qalan milli iqtisadiyyatın neftin dünya bazar qiymətlərinin ucuzlaşmasına və Rusiyadakı böhrana necə adaptasiya olunacağından da çox şey asılıdır.  Əks təqdirdə yaranmış vəziyyətdən ən çox əziyyət çəkən yalnız istehlakçılar deyil, həm də kiçik və orta  sahibkarlar olacaq”.

Ana səhifəXəbərlər“Manatın taleyi neftin qiymətindən asılı olacaq”