“Manatın devalvasiyasından sonra hərbi qulluqçuların məvacibləri dəyərini 30 faiz itirib”
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun təhlilçisi, hərbi jurnalist Cəsur Sümərinli Meydan TV-in bu barədə sualını cavablandırarkən bildirib ki, bu il orduda məvaciblərin artırılması gözlənilmir (güclü inflyasiya olsa 10-20 faiz artırıla bilərlər, amma bu, sosial rifah baxımından artım sayılmamalıdır). Beləliklə, ortaya çıxacaq problemlərdən biri Silahlı Qüvvələrdə zabit, gizir və NANXQ kadrlarının karyerası ilə bağlı olacaq.
“Manatın devalvasiyasından sonra hərbi qulluqçuların məvacibləri dəyərini 30 faiz itirib”,-deyən təhlilçi bildirib ki, arxa cəbhədə xidmət edən leytnant rütbəli zabitin aldığı 500 manatın real dəyəri təxminən 330-350 manat, ön cəbhədə isə təxminən 470-500 manat təşkil edir (ön cəbhədə leytnantlar orta hesabla 700 manat alırlar). Orta hesabla hərbçilərin sosial təminatına (yemek, geyim və məvacib) hərbi büdcədən ayrılmış orta hesabla 350 milyon manat vəsait (bu, MN-ə ayrılmış vəsaitin təxminən 25-30 faizidir, əlbəttə anormal göstəricidi) öz dəyərini təxminən 125-130 milyon manat səviyyəsində itirməkdədir. Sözsüz ki qidalanma və geyim yerli şirkətlər hesabına həyata keçirilir, amma onlar yaxın 1 ayda qiymətləri qaldıracaqlar. Bununla da Mərkəzi Bankın 21 fevral qərarı Silahlı Qüvvələr qulluqçularına mənfi təsir göstərəcək.
Cəsur Sümərinli hesab edir ki, hakimiyyət indiki durumda yaxın 1-2 ayda orduda ən azı 50 faizlik məvacib artımına getməlidi. Əks təqdirdə, orduda normal kadrları saxlamaq, onlardan bəhrələnmək mümkün olmayacaq.
Onun fikrincə, mövcud durum orduda mənimsəmə, korrupsiya və rüşvətxorluğun mənfi təsirini göstərəcək. Böyük ehtimalla 2015-ci ildə hərbi təlimlərin kecirilməsinə ayrılan külli miqdarda vəsaitin ixtisarı gözlənilir. Əgər iqtisadi vəziyyət gərginləşsə, orduda ixtisarların, hərbi vəzifəlilərin sayının kəskin azaldılması, əvəzində mülki vəzifəlilərin sayının artırılması gözlənilir.
Hərbi jurnalist gizir və MAXHQ vəzifələrinə ehtiyatdan çağırılma prosesi dayanıb. Halbuki, 5 ay bundan əvvəl yüzlərlə vətəndaş orduda müvafiq hərbi vəzifələrə qəbul olunmuşdu. Hazırda prosesin dayanması maliyyə böhranı ilə bağlıdır.
Cəsur Sümərinli bildirdi ki, hakimiyyətin digər sahələrində olduğu kimi orduda da böhrandan çıxış proqramı yoxdur. “Əgər böhran davam etsə, orduya ayrılan vəsaitin ixtisar olunması, xaricdən sifariş verilmiş hərbi texnika alışının dayanması, hərbi təlimlərin sayının kəskin azalması və şəxsi heyətin ixtisarına start veriləcək”.