”Manatın inzibati yolla idarə olunması iqtisadiyyatın xeyrinə deyil”

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə manatın taleyi haqqında danışır.

Amerikanın Azərbaycandakı səfirliyinin ABŞ-ın Müstəqillik Günü ilə bağlı keçirdiyi tədbirdə iştirak edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Meydan TV-nin suallarını cavablandırıb.



Manat yenə dollara nisbətən dəyərini itirib. Bu barədə nə deyə bilərsiz?

– Azərbaycan iqtisadiyyatının üzləşdiyi çətinliklərin aradan qaldırılacağına tam əminəm. Hesab edirəm ki, bundan sonra aparılacaq pul-kredit siyasəti ölkənin iqtisadi inkişafını təmin edəcəkdir. Yeni yaradılan Maliyyə Nəzarəti Palatası da öz funksiyasını təsdiq olunmuş əsasnaməyə uyğun aparacaq və ölkədə alıcılıq qabiliyyətinin artması, hüquqların qanunlarla qorunması istiqamətində lazımi tədbirlər görəcək.



Əminliyiniz nəyə əsaslanır?

– Əminliyim ona əsaslanır ki, cənab prezident islahatların yeni mərhələsində ölkə iqtisadiyyatının şaxələndirilməsi, neftdən asılılığının azaldılması istiqamətində çox mühüm fərmanlar imzalayıb. Elə götürək aqrar sektorun inkişafını. Onun rəqabətə davamlılığının artması istiqamətində qərarlar, sərəncamlar qəbul edilib, yeni qurum yaradılıb. Götürək ölkə iqtisadiyyatının ən vacib sektorlarından biri olan tikinti kompleksinin inkişafı üçün həyata keçirilən tədbirləri. Sosial mənzillərin tikintisi, investisiya bağlılığının artması üçün Vergi Məcəlləsində edilən dəyişikliklər məndə əminlik yaradır ki, Azərbaycan iqtisadiyyatı davamlı və keyfiyyətli inkişaf edəcək



İqtisadçılar deyirlər ki, manat əsasən inzibati yollarla saxlanılır, bazar manatın dəyərini tənzimləmir…

– Mən inanmıram ki, iqtisadçıların hamısı belə fikirdədi. Azərbaycan iqtisadiyyatında son aylarda baş verən proseslər, cənab prezidentin çıxışları tam əminliklə deməyə əsas verir ki, manatın inzibati yollarla idarə olunması bütövlükdə ölkə iqtisadiyyatının xeyrinə deyildi. Ancaq hər bir dövlətdə – dünyanın ən aparıcı ölkələrində belə iqtisadiyyatı tənzimləmə mexanizmi var və bundan sonra da Azərbaycan hökuməti o mexanizmlərdən səmərəli istifadə edəcəkdir.

Ana səhifəVideo”Manatın inzibati yolla idarə olunması iqtisadiyyatın xeyrinə deyil”