Manatın devalvasiyası qazın qiymətini yenə artıra bilər

Süleyman Qasımov: ”Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək”

Source:


Süleyman Qasımov: ”Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək”

“Manatın dollar qarşısında dəyər itirməsi səbəbindən SOCAR-ın zərəri yaranır”, – Dövlət Neft Şirkətinin iqdisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun sözləridir.

APA yazır ki, Süleyman Qasımov təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin etdiklərini söyləyib:

“Daxili tələbat SOCAR hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir”.

Süleyman Qasımov foto APA

Manatın devalvasiyasının SOCAR üçün əlavə zərər yaratdığını deyən S.Qasımov bildirib ki, ölkə daxilində təbii qaza olan tələbatı ödəmək üçün alınan qaza görə əməliyyat həyata keçirilərkən gələcəkdə hər hansı bir mexanizmin hazırlanması mümkündür:

“Üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizm işlənib hazırlanması məsələsi gündəmdədir. Lakin hələlik bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmır. Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək”.


Bu il qazın qiymətində yenə artım ola bilərmi?

Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban SOCAR –ın gələcəkdə Taarif Şurasına müraciət edib- etməməsinin manatın gələcək məzənnəsi ilə bağlı olduğunu deyir.

Onun sözlərinə görə, bu barədə danışmaq hələ tezdir:

İlham Şaban

“Dolların kursunun nə qədər qalxacağını, manatın hansı səviyyədə qalacağını söyləmək hələlik mümkün deyil. Çünki manatın məzənnəsi stabil deyil. Biz bilmirik manat harada dayanacaq, üzməyi öyrənəcəkmi. İndidən nəsə demək çətindir. Manatın gələcək durumundan məlum olacaq ki, Dövlət Neft Şirkəti Taarif Şurasına müraciət etmək məcburiyyətində qalacaq, ya yox”.

İqtisadçı Natiq Cəfərli də Süleyman Qasımovun dediklərinə şərh verib:

“SOCAR rəsmisi deyir, qazı xaricdən və ABƏŞ (Bp)-dən dollarla alırlar, manatın məzənnəsi aşağı düşəndə, şirkət əhaliyə və hüquqi şəxslərə qaz satdıqda ziyan edir və gələcəkdə qazın qiyməti yenidən arta bilər. Amma hörmətli Süleyman Qasımov unudur ki, elə həmin ABƏŞ-lə (Bp) müqaviləyə əsasən, “Azəri-Günəşli-Çıraq” platformalarında neftlə birgə çıxan səmt qazını ölkəyə, yəni, SOCAR-a pulsuz verir, bu isə ildə 2,5-3 mlrd. m3 qazdır, SOCAR bu qazın ancaq daşınmasına və saxlanılmasına qəpik-quruş xərcləyir, amma vətəndaşlara 1700 m3 qazı il ərzində 10 qəpiyə, normadan artıq hissəsini isə 20 qəpiyə satır.

Natiq Cəfərli

Əhalinin işlətdiyi qaz isə elə 3 mlrd. m3 civarındadır, bu həcmdən bir az artıqdır. Yəni SOCAR başqa məqsədlərlə xaricdən aldığı qazın (məsələn, Gürcüstanın artan təlabatını ödəmək üçün) dəyərini niyə vətəndaşların cibindən çıxmağa çalışır ki?!”

Ana səhifəXəbərlərManatın devalvasiyası qazın qiymətini yenə artıra bilər