Ötən illə müqayisədə ərzaq məhsulları 14,5 faiz bahalaşıb
2017-ci ilin yanvarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin eyni dövrünə nisbətən 11.9 faiz bahalaşıb.
Ərzaq məhsullarının qiymətləri 14.5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12.3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8 faiz artıb.
Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. Bu ilin yanvarında 2016-cı ilin dekabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 2.3 faiz yüksəldiyi bildirilir:
“Ərzaq məhsullarının qiymətləri bu bir ayda 2.8, qeyri-ərzaq məhsullarının qiymətləri 2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1.9 faiz artıb. Əksər ərzaq məhsulları bahalaşıb”.
Ət, süd, pendir bahalaşıb
Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin qiyməti yüksəlib. Kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın da qiyməti artıb.
Habelə, kərə, bitki yağlarının, şəkər, şəkər tozunun, qəhvə, çay və kakaonun da qiymətinin artdığı bildirilir. Bundan başqa, almanın, armudun, heyvanın, narın, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun qiymətlərində də bahalaşma müşahidə olunub.
2017-ci ilin yanvarında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların qiymətində də artım baş verib.
Son 2 ildə baş verən ərzaq bahalaşmasının səbəbi manatın devalvasiyası idi. Ancaq son 2 həftədir ki, manat dollar qarşısında dəyər qazanır. Bəs ərzaq məhsullarının qiyməti niyə ucuzlaşmır?
Manatın möhkəmlənməsinin ərzağın qiymətinə təsiri varmı?
İqtisadçı Qubad İbadoğlu da deyir ki, qiymət artımı ilə manatın devalvasiyası arasında birbaşa əlaqə olduğundan manatın möhkəmlənməsi qiymətlərin ucuzlaşmasına gətirib çıxarmalı idi. Amma bu baş vermədi:
“Manatın devalvasiyasına görə Azərbaycana idxal olunan Aİ-95 Premium və Aİ 98 Super markalı benzinin qiyməti fevralın 1-dən bahalaşdı. Ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və digər səbəblərə görə təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri isə yanvarın 1-dən bahalaşdırılıb. Göründüyü kimi, hər iki qiymət artımına dair qərarlar manatın devalvasiya ilə əlaqələndirilib. Bu məntiqlə də hazırda manatın dollara nəzərən möhkəmlənməsi həm ixdal benzinin və həm də təbii qazın qiymətini ucuzlaşması üçün əsaslar yaradır”.
Bu niyə baş vermir?
İqtisadçı bildirir ki, hər iki qiymətin bahalaşması bu fəaliyyətlə məşğul olan şirkətlərin bazarda hökmran mövqeyi və inhisarçılıq fəaliyyəti ilə əlaqədardır. Sual olunur, əgər dövlət şirkətləri iqtisadiyyatın bu sadə qanunauyğunluğuna əməl edib, benzinin və qazın qiymətlərini ucuzlaşdırmırsa, onda özəl bölmə nəyə görə bu qanunlara tabe olmalıdır?!
“Qiymətlər ucuzlaşmır. Çünki manatın məzənnəsinin uzunmüddətli dövrdə bahalaşacağına, onun bu və ya ondan aşağı səviyyədə qərarlaşacağına nəinki özəl sahibkarlar, hətta dövlətin biznes fəaliyyətini həyata keçirənlər belə inanmırlar. Onların gözləntisi tezliklə manatın dəyər itirməsidir. İdxal olunan ərzaq məhsulları və məişətdə istifadə olunan malları Azərbaycana gətirən və onun topdansatışı ilə məşğul olan şirkətlərin həmin məhsullar üzərində monopoliyası və ya oliqopoliyası mövcud olduğundan onların qiymətlərə nəzarətini və təsirlərini saxlanılmaqdadır. Əsasən oliqarx-məmurlara məxus olan bu şirkətlər hazırkı şəraitdə məzənnə fərqindən də qazanmaqla daha çox gəlir əldə edirlər”.
“Ölkədə rəqabətli bazarlar formalaşmayınca, istehlak qiymətləri ucuzlaşmayacaq”
Qubad İbadoğlu deyir ki, ötən il dekabrın 1-dən elektrik enerjisinin, bu ilin yanvarın 1-dən isə qazın qiymətlərinin kəskin bahalaşması ticarət şəbəkələrinin xərclərini artırdığından onlar da artan xərclərini məzənnə fərqindən yaranan gəlirlərlə kompensasiya etməyə üstünlük verirlər:
“Bütün bunlar onu göstərir ki, ölkədə rəqabətli bazarlar formalaşmayınca, istehlak qiymətləri ucuzlaşmayacaq, əksinə bir az da bahalaşacaq. Odur ki, çıxış yolu yetkin və sərbəst bazar iqtisadi modelinə keçidi təmin edən liberallaşdırma islahatlarındadır”.
“Nə dollar satan oyunçular artıb, nə neft bahalaşıb, nə idxaldan asılılıq azalıb”
Manatın dollar qarşısında dəyər qazanmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli də deyir ki, bu gün fundamental olaraq heç nə dəyişməyib. Nə dollar satan oyunçular artıb, nə neft bahalaşıb, nə idxaldan asılılıq azalıb, nə ölkəyə investorlar gəlib, nə ölkənin reytinqi artıb:
“Ancaq manatın məzənnəsi qalxıb. Proses müvəqqətidir. Görürəm ki, ərzaq və qeyri-ərzaq qiymətlərinin də ucuzlaşması gözləntiləri yaranıb. Biznes belə çevik deyil, məzənnənin qiymətlərə həmən təsiri olmur, ola da bilməz. Çünki biznes özünü də sığortalayır, müqavilələr öncədən bağlanılır. Bu gün bazarda olan mallar əvvəlcədən alınıb. Bəlkə də 1,90-1,95 olarkən valyuta ilə ödənişlər edilib. Ona görə də, məzənnənin qiymətlərə təsiri olmayacaq”.