Nazirlik hərbi qulluqçuların təzminatı ilə bağlı açıqlama verib
“Hərbi qulluqçuların pul və maddi təminatı “Hərbi qulluqçuların statusu haqqında” qanun əsasında həyata keçirillir. Həmin qanunun 10.2-ci maddəsinə uyğun olaraq, “döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır”.
Maliyyə Nazirliyindən “Report”a verilən açıqlamada belə deyilir. Bildirilir ki, İkinci Qarabağ müharibəsi zamanı elan edilən qismən səfərbərliklə Azərbaycan ordusunun şəxsi heyəti ehtiyatda olan zabit və gizirlər, habelə əsgərlər hesabına artırılıb. “Hərbçilərin bir hissəsi artıq təxris edilib, bununla əlaqədar hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçularının sayının, o cümlədən “Hərbi qulluqçuların statusu haqqında” qanunun yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq ikiqat pul təminatı ilə əhatə olunan hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi zərurəti yaranıb”, – deyə nazirlik bildirib.
Qeyd olunub ki, müharibədən əvvəl Müdafiə Nazirliyi ikiqat pul təminatını təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödəyirdi. Müharibə zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib:
“Hal-hazırda, Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi Müdafiə Nazirliyinə müvafiq sorğular edib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq.
Eyni zamanda, işğal altında olan ərazilərin azad olunması nəticəsində Dövlət Sərhəd Xidməti Azərbaycanın İran və Ermənistanla dövlət sərhədlərinin qorunması ilə bağlı yeni vəzifələr həyata keçirməyə başlayıb. Hal-hazırda bu qurumla da Müdafiə Nazirliyində olduğu kimi ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir”.
Nazirlik həmçinin vurğulayır ki, ikiqat əməkhaqqının hesablanması istinad olunan qanuna əsasən döyüş şəraiti, döyüş əməliyyatlarında iştiraka görə həyata keçirilir və hərbi qulluqçunun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə almır.
Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nomrəli qərarına əsasən, dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1 200 metrdən 1 500 metrə qədər olduqda 10%, 1 500 metrdən 2 000 metrədək olduqda 20%, 2 000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur.
Maliyyə Nazirliyi sosial şəbəklələrdə və bəzi media orqanlarında hərbçilərin pulunun azaldılması ilə bağlı gedən yazıları pisləyib, “populist və emosional çalarların qatılması qəbuledilməzdir” kimi qiymətləndirib.