Baş Prokurorluq: ”Bir sıra belə epizodlar üzrə istintaq davam edir”
“Prokurorluq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev tərəfindən yüz milyonlarla dolların qanunsuz olaraq xaricə çıxarılması haqqında faktları araşdırmağa davam edir”. Bu barədə “Turan”-a Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.
“”Beynəlxalq Bank”ın sədri vəzifəsində işlədiyi dövrdə (2001-2015) o, mütəşəkkil qrup yaradıb və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, başqasının böyük ölçüdə əmlakını israf edib, vəzifə saxtakarlığı edib və əmanətçilərin hüquqlarına və dövlətin maraqlarına ziyan vurub” – mətbuat xidmətindən bildirilib.
Baş Prokurorluqdan o da qeyd olunub ki, bir sıra belə epizodlar üzrə istintaq davam edir. “Müəyyən olunub ki, Hacıyev və “Beynəlxalq Bank”ın bir sıra digər məsul əməkdaşları xaricdə saxta hüquqi şəxslərin hesablarına yüz milyonlarla dollar köçürüb. Hacıyevin Maliyyə Nazirliyinin rəhbərliyinin bundan xəbəri olduğu və özlərinin qanun pozuntularına yol verdikləri haqqında ittihamları isə əsassızdır”, – deyə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
2016-cı il oktyabrın 14-də Cahangir Hacıyev mənimsəmə və fırıldaqçılıq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə “Beynəlxalq Bank”ın 6 əməkdaşı müxtəlif müddətli həbs cəzaları alıb.