“Ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasətinin davam etdirilməsi və təsdiq olunmuş büdcə xərclərinin 3,1 milyard manat və ya 15 faiz ixtisar edilməsi qərarına gəlinib”
2015-ci ildə Azərbaycan iqtisadiyyatının artımı, büdcə-fiskal dayanıqlığı təmin edilib.
“APA-Economics”in məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib.
Nazirin sözlərinə görə, Ümumi Daxili Məhsulun (ÜDM) 1,1 faiz artım səviyyəsi əvvəlki illərlə müqayisədə az olsa da, mürəkkəb xarici iqtisadi mühit, ölkəmizin makroiqtisadi sabitliyinə artan təzyiqlər şəraitində əldə edilib və buna görə qənaətbəxş hesab edilə bilər.
“2015-ci ildə dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet hesab edilən layihələr tam həcmdə maliyyələşdirilib. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri nəzərdə tutulduğundan 2,3 milyard manat və ya 11,6 faiz az olub. Gəlirlərin azalmasının əsas səbəbi neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi nəticəsində hökumət tərəfindən Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertlərin azaldılması və bununla fondun valyuta ehtiyatlarına qənaət etməsi qərarı olub. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətləri ilə təmin olunan daxil olmalar 100,1 faiz səviyyəsində icra olunub və müvafiq olaraq dövlət büdcəsi gəlirlərinin 41,5 faiz və 9,3 faizini, mütləq ifadədə isə 7 milyard 118 milyon manat və 1 milyard 592 milyon manat təşkil edib. Qeyd olunmalıdır ki, 2015-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6 milyard 950 milyon manat və yaxud 103 faiz icra edilməklə, proqnozda nəzərdə tutulandan 200 milyon manat, 2014-cü illə müqayisədə isə 694 milyon manat və ya 9,5 faiz çox təşkil edib. Ümumən, vergi daxilolmalarında qeyr-neft sektorundan daxilolmaların xüsusi çəkisi 40,5 faiz təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 6,5% çoxdur”, – deyə nazir qeyd edib.
S. Şərifov qeyd edib ki, ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasətinin davam etdirilməsi və təsdiq olunmuş büdcə xərclərinin 3,1 milyard manat və ya 15 faiz ixtisar edilməsi qərarına gəlinib.
“Bununla belə, sosialyönümlü xərclərin prioritetliliyi saxlanılaraq, həmin məqsədə büdcə xərclərinin 32,1 faiz və 5 milyard 752 milyon manat yönəlib ki, bu da 2014-cü illə müqayisədə 5 faiz çoxdur”, – deyə nazir qeyd edib.