''Sərəncam gələcəkdə nazirliyin daha da güclənmə ehtimalını gündəmə gətirdi''
Prezident İlham Əliyev
mayın 30-da Maliyyə Monitorinqi Xidmətinin Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsi haqda sərəncam imzalayıb.
Sərəncamda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi xüsusi vurğulanıb.
Sənəddə qeyd olunub ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə riayət olunması təmin edilməlidir. Eyni zamanda, müvafiq qurumlarının üzv olduğu beynəlxalq təşkilatlar bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülən tədbirlər barədə məlumatlandırılmalıdır.
Sərəncamı Meydan TV-yə şərh edən ReAL Partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli hesab edir ki, qurum normal çalışırsa, hansı nazirliyin tərkibində olması o qədər də önəmli deyil. Onun sözlərinə görə, Maliyyə Monitorinqi Xidməti qarşısına qoyulan vəzifələrə indiyə qədər nail ola bilməyibsə, problemlər yaşanıbsa və nəticə olaraq idarəetmə dəyişdirilirsə, suallar yaranır.
“Məsələn, Maliyyə Monitorinqi Xidməti nə üçün bugünə qədər vəzifəsini doğru yerinə yetirə bilməyib? İdarəetmədə yaranan problemlərin həllini qurumun işləmə qaydalarını dəyişməkdə deyil, rəhbərliyin dəyişməsində görürlər. Sərəncamda nəyə görə bu addımın atıldığı izah da olunmur. Əgər Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətində problemlər var idisə, qarşısına qoyduğu məqsədlərə çatmağa doğru iş apara bilmirdisə, rəhbərliyin dəyişməsi o qədər də əhəmiyyətli olmayacaq”.
Natiq Cəfərlinin sözlərinə görə, qərar siyasi xarakter daşıyır:
“Görünən odur ki, Vergilər Nazirliyinin gücləndirilməsi istiqamətində addımlar atılır. Ola bilər gələcəkdə Vergilər Nazirliyinə başqa səlahiyyətlər də verilsin. Çoxdan söhbət gedir. Amma düşünmürəm ki, idarəetmədə köklü dəyişiklik olmasa, bu sərəncam nəyisə dəyişsin. Bütün hallarda sərəncam gələcəkdə nazirliyin daha da güclənmə ehtimalını gündəmə gətirdi”.