Vaan Martirosyan: Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Qarabağın Azərbaycanın tərkibində qalmasına səs verəcək
”Qarabağı Artsax yox, Kolumbiya adlandırmaq olar. Hazırda ora narkotik və qanunsuz silahlar üçün əlverişli yerdir”.
APA-nın məlumatına görə, bu sözləri “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində “Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi” adlı paneldə Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan deyib. O bildirib ki, Qarabağda əhali iki yerə ayrılıb: “Bunların biri elitadır və oyuncaq Dağlıq Qarabağ prezidentinin ətrafında olan insanlardır. Əhalinin əksəriyyəti isə acınacaqlı durumdadır. Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Qarabağın Azərbaycanın tərkibində qalmasına səs verəcək. Onların suyu, ərzağı yoxdur”.
Sonra Vaan Martirosyan jurnalistlərin suallarını cavablandırıb:
“Maksimum 5 il ərzində azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamağa başlayacaqlar. Bu, mənim proqnozumdur”.
V. Martirosyan bunun xalq diplomatiyası sayəsində mümkün olacağını, Dağlıq Qarabağ münaqişəsinin həllini tapacağını söyləyib: “Buna mane olmağa çalışan Köçəryan-Sarkisyan rejimi isə quldur rejimdir. Dünyada heç vaxt quldurluq beynəlxalq hüquqa qalib gəlməyib. Bu quldur rejim zora əsaslanır və onlar zorla da hakimiyyətdən uzaqlaşdırılacaqlar”.
V. Martirosyan müharibədə övladlarını itirən erməni valideynlərinin hamıdan əvvəl sülhə razı olacağını vurğulayıb:
“Çünki onların övladları öz evlərini müdafiə edərkən həyatlarını itirməyiblər”.