Makronun “bayram” tövsiyələri…

Azərbaycan toplumu daha çox Fransa dövlətinin Ermənistanın yanında olmasına, Makronun isə qatı ermənipərəsrliyinə (!) əmindir

Mənbə: Meydan tv


Yaxud diplomatiyamızın uğursuzluğuna sözardı

Fransa prezidenti Emmanuel Makron Respublika Günü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib, bayramdan 5 gün sonra. Olsun, beynəlxalq münasibətlərdə belə hallar olur, hansısa ölkə başçısı təbrikini bayrama qədər, hasısa bayram günü, bəziləri də bayramdan sonra göndərir. Qınanılası heç nə yoxdur. Bu, daha çox diplomatiyaya sorumlu olan qurum əməkdaşlarının diqqətsizliyinin nəticəsidir. Bəzən hansısa ölkənin bayramının vaxtını unudurlar, şübhə etmirəm ki, bizim ölkənin də hansısa dövlətin bayramını təbrikində belə yubanmalar olub.

Makronun təbrikinin gecikməsi yox, “təbrikdə” yazılanlar narahatlıq doğurur. Qarabağ münaqişəsini nizamlamağı öhdəsinə götürən, Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ölkənin prezidenti özünü barışıq missiyası tərəfdarı kimi yox, Ermənistan nümayəndəsi kimi aparır. Məktubdan bir sitata baxaq: “Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatdan altı ay sonra yerlərdə davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır. Bu, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasını və hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələrini nəzərdə tutur. Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir. Bu baxımdan, UNESCO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm”.

Azərbaycan torpaqlarının 30 illik işğalından yox, dağıdılan, yerlə bir edilən kəndlərdən və şəhərlərdən yox, viran qoyulan tarixi abidələrdən yox, bir salamat başdaşı qalmayan qəbiristanlıqlardan yox, meşələrin səhralığa çevrilməsindən yox, Ermənistanla Azərbaycanın sərhəd problemindən və əsir götürülmüş hərbçilərdən danışır, onların yaxınlarına qovuşmasını istəyir. Kimlərin? Xocalı, Ağdaban, Malıbəyli və başqa faciələri törədən terrorçuların, qatillərin, cinayətkarların ailələrinə qovuşmasından.

Makronun vurğuladığı kimi, 9 noyabrda imzalanan üçtərəfli razılaşmadan 6 ay yox, 7 ay keçir. Ermənistan işğalı vaxtı öz dədə-baba torpaqlarından qovulan azərbaycanlılar hələ də yurdlarına qayıda bilməyiblər. Ona görə ki, Fransa prezidentinin dayaq durduğu, hər addımda müdafiə etdiyi işğalçılar Qarabağda azərbaycanlıların bütün evlərini dağıdıb, yağmalayıb. Ancaq bu illər ərzində Makronun, eləcə də sələflərinin Ermənistan prezidentlərinə bu tipli təbrikində bir dəfə də olsun onlar işğala görə qınanmayıb, onlara işğala son qoymaq tövsiyə olunmayıb, tutduqları torpaqlarda elədiklərinə görə hər hansı irad bildirilməyib.

Müsəlman olan azərbaycanlıların dini inancını təhqir etmək üçün məscidlərimizdə işğalçıların donuz saxladığından həmsədr ölkənin prezidenti kimi Makronun xəbəri olmayıbmı? “…Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir. Bu baxımdan, UNESCO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm” – yazan Makron, yaxud erməni tərəfinin yazdığının altına imzasını atan Fransa prezidenti görəsən, göndərdiyi təbrik məktubunu oxuyubmu? Necə ola bilər, Ermənistanın işğalında olanda, Qarabağın altını üstünə çevirəndə o ölkənin prezidentlərinə “irs müxtəlifliyini qorumağın vacibliyini” demək yada düşmür, ancaq Azərbaycanın Respublika günündə, əziz bayramında yalnız ermənilərin “Qarabağ dərdindən” danışılır? Heç olmasa etika xatirinə, ATƏT-in Minsk qrupunun xatirinə, həmsədrlik xatirinə məktubu bir qədər neytral yazmaq olmazdımı?

ATƏT-in Minsk Qrupunun həmsədri olan, həm də sülh üçün 1997-ci ildən vasitəçilik edən ölkənin prezidenti ermənipərəst mövqeyində duran, bu illərdə öhdəlikləri yadına düşməyən adam təbrik məktubunda yazır: “…Sonda Sizi əmin edirəm ki, Fransa himayəsi altında yüksək səviyyəli bir dialoq qurmaq üçün Minsk qrupunun həmsədri kimi bütün öhdəliklərini davam etdirəcək və ölkənizlə Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə edilə bilər”.

Azərbaycan toplumu daha çox Fransa dövlətinin Ermənistanın yanında olmasına, Makronun isə qatı ermənipərəsrliyinə (!) əmindir.

Azərbaycanın, daha doğrusu, Heydər Əliyev Fondunun Fransa üçün etdiklərini bir hissəsini xatırlatmaq yerinə düşər, qaxınc üçün yox, ədalət üçün yada salırıq:

– 2013-cü ildə Heydər Əliyev Fondu Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edib.

– Heydər Əliyev Fondu Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasında iştirak edib.

– Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsini bərpa edib. Bu məqsədlə 2009-cu ilin iyun ayında Heydər Əliyev Fondu kilsəyə maliyyə yardımı ayırıb.

– 2007-ci ildə Fond Parisdə yerləşən və 1979-cu ildən etibarən Dünya İrsi Siyahısına salınmış Versal Sarayının parkındakı, zamanın və iqlim şəraitinin təsiri nəticəsində zədələnmiş qədim, ümumbəşər abidələrin – “Amazonka”(1685-1693, müəllif Jak Buirret) və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın (1687-1705, müəllif Klod Berten) bərpa işlərini həyata keçirib.

– 2011-ci ilin sentyabr ayında Heydər Əliyev Fondu Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqresin keçirilməsi üçün Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərib.

– 2011–2012-ci illərdə Heydər Əliyev Fondu Fransanın müxtəlif regionlarındakı 20-dək kilsənin bərpasına maliyyə yardımı ayırıb.

– Müstəqil jurnalist Régis Genté 2013-cü ildə Eurasianet üçün məqaləsində yazmışdı: “Son 5 il ərzində Azərbaycan Fransa üçün mədəniyyət layihələri və bərpa işləri üçün 1.25 milyon avrodan çox pul ayırıb”.

YAP iqtidarının ən doğru addımı Fondun elədiklərinin kiçik bir siyahısını (hamısını da olar) Makronun təbrik məktubuna qoşma kimi əlavə edib özünə qaytarmaq olar. Onun da tolerantlığı öyrənməsinə ehtiyac var, hələ gec deyil…Elə Azərbaycan hakimiyyəti də dost seçimində düşünməlidir, həm də yubanmadan…

Ana səhifəXəbərlərMakronun “bayram” tövsiyələri…