Fransa prezidenti Nikol Paşinyanla görüşüb
Fransa Ermənistan və Azərbaycan arasında sülhün bərpasına və dialoqun inkişafına yardım edəcək. Bu barədə çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makron Parisdə Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşündə bildirib.
“ATƏT-in Minsk Qrupunun həmsədri qismində Fransa Rusiya və ABŞ-la birlikdə gərginliyin aradan qaldırılmasına və dialoqun, o cümlədən tərəflər arasında birbaşa dialoqun bərpasına nail olmaq üçün əlindən gələni etmək niyyətindədir”, – deyə Fransa lideri bildirib.
“Ermənistan və Azərbaycan sərhədində bu yaxınlarda baş verən hadisələrlə əlaqədar sərhədin delimitasiyası yalnız danışıqlar yolu ilə və güc tətbiq etmədən həyata keçirilməlidir”, – Makron vurğulayıb.
Makron hesab edib ki, Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir.
“Tərəflər mayın 11-nə qədər tutduqları mövqelərə qayıtmalıdırlar”, – deyən Makron qeyd edib ki, atəşkəs rejiminə bütünlükdə Dağlıq Qarabağda riayət olunur, amma hələ çox iş görülməlidir:
“Fransa əhaliyə dəstəyini davam etdirməyə hazırdır. Mən həmçinin bütün əsirlərin azad edilməsi, humanitar təşkilatların regiona çıxışına qoyulan məhdudiyyətlərin götürülməsi zərurəti və mürəkkəb minalanmış zonalar məsələsi haqqında düşünürəm”. (“Turan” İA)