Makintoş birdən yandı…

Mərdü-mərdanə deyin ki, neftin qiymətini Azərbaycan müxalifəti salıb

Source:

Ölkənin bir neçə rayonunda əhali etiraz mitinqlərinə qalxıb. Mən şəxsən bu hadisədə hakimiyyət üçün heç bir təhlükə görmürəm. Bu, vətəndaşın deyil, rəiyyətin diz üstə etirazıdır. Böhranın baiskarından sədəqə diləyən kütlə heç bir siyasi şüar qaldırmır. Hamı “mərhəmətli padşah”a ümid bəsləyir.

Qanlı 9 Yanvar yada düşürmü?  Onda da ac fəhlələr adil çardan ədalət umaraq, keşiş Qaponun başçılığı altında  dilək yürüşünə çıxmışdılar, cavabında güllə aldılar. İndi də çarəsizlik girdabında çabalayan avam insanlar qorxu və vahimə içində kameranın obyektivindən soruşurlar: “Biz nə deyirik ki? Biz prezidentin dediyini deyirik. Biz də deyirik ki, qiymətlər qalxmasın”.

Zavallı camaat nə bilsin ki, bazar iqtisadiyyatı prezidentin göstərişləri ilə deyil, başqa qaydalarla işləyir. Amma camaat  bilir ki, polis qoşunu onları əzəcək. Bilir və qorxur. Acizanə soruşur ki, “tutulanlardan niyə xəbər yoxdur?” Demir  ki, onları nə haqla tutublar, hüququnu dinc üsulla tələb edəni tutmağa heç kəsin haqqı yoxdur.  Elə yalvarırlar ki, tutulanlardan xəbər verin.

Azərbaycan acınacaqlı səviyyədə idarə edilir. Lakin vəziyyət əsla ümidsiz deyil. Yəni hakimiyyət sükanından  yapışıb, dövlət gəmimizi qayadan-qayaya çırpan vətən oğulları ilə yanaşı, cibini deyil, xalqı və dövləti düşünən insanlar da var. Məhz onlar elə-hey deyirdilər və yazırdılar ki, “holland sindromu” baş verəcək, müftə neft pullarını göyə sovuran, yerli istehsalı idxal inhisarçılarının xeyrinə məhv edən  hakimiyyət  on ildən sonra iştaha açmış əhalinin tələbatını ödəməkdə aciz qalacaq, pulumuzun məzənnəsi düşəcək, görüntü layihələrindən heç bir gəlir gəlməyəcək, ölkə xarici amillərin əsir-yesirinə çevrilib dərin iqtisadi, ictimai, sonra isə siyasi böhranla üzləşəcək. Deyirdilər, yazırdılar, kitab və məqalələrini nazirliklərə, prezident aparatına göndərirdilər ki, birdən qəzet-jurnal məqalələrini oxumazlar, qoy bizim həyəcan təbillərini eşitsinlər.

 Kimə deyirsən? Hakimiyyətin başı qarışmışdı böyük  pulların bölgüsünə, xərclənməsinə  və mənimsənilməsinə.  Mənimsənilmənin ən əlverişli üsulu tikintidən və irimiqyaslı beynəlxalq tədbirlərdən keçirdi. Bu yol ilə yüyürərək, hakimiyyət gəlib çıxdı neftin çəlləyi 30 dollardan ucuz  zəmanəyə və məlum oldu ki, “makintoş yandı…”

 Prezident müşavirə yığıb soruşdu ki, “necə yandı?” Əsabələr səmimiyyətlə etiraf etdilər: “Birdən yandı”.

 Yekəxanalıq və əsassız nikbinlik zəmanəsi sona yetəndən sonra qaçılmaz  “kimdir müqəssir” və “nə etməli” sualları ortaya çıxdı. Prezident “kimdir müqəssir” sualının cavabını şəxsən özü verdi. Təqsir qoyuldu xarici dövlətlərin üzərinə: ABŞ, Rusiya, Səudiyyə və s. “Nə etməli” sualına isə cavab verilmədi, çünki inhisarçılara edilmiş “qiymətləri qaldırmayın” təklifinin adi insan dilinə tərcüməsi “əvvəlki qədər qarət etməyin” idi ki, bunu da heç bir quzuya çevrilməmiş canavar qəbul etməz.  Təklif verildi, lakin əvəzində qiymətlər pərvazlanıb asimana yüksəldi.

Camaat da etiraza qalxdı . Qalxdı və tutuldu, döyüldü, dağıdıldı, qorxuduldu. Hakimiyyət onlara “ekstremist”,  “alkaş” və “narkoman” adı qoydu.

Burada da mənim yadıma 20 Yanvar faciəsindən sonra sovet hakimiyyətinin Bakıda etiraza qalxmışlara qoyduğu “ekstremist”, “narkoman” və “xuliqan” adları düşdü. Hə, bir də demişdilər ki, “Xalq Cəbhəsinin boyevikləri məzlum sovet  əskərlərinə hücum ediblər”. İndi də deyirlər ki, əhvalı xeyli pərişan AXC və Musavat  ara qarışdırır, camaatı etiraza qaldırır.

Mus-mus deyincə, Mustafa deyin! Mərdü-mərdanə deyin ki, neftin qiymətini Azərbaycan müxalifəti salıb…

Ana səhifəXəbərlərMakintoş birdən yandı…