Mahmud Hacıyev: ”Azərbaycan vətəndaşlarının böyük qismi pataloji affekt vəziyyətindədir”

”Peşəkarlıq bu cinayətin baş verməsinə imkan verməməkdir”

Foto: arxiv


''Peşəkarlıq bu cinayətin baş verməsinə imkan verməməkdir''

Bu həftə kriminal xəbərlərlə yadda qalıb. Yanvarın 5-də qızıl dükanının sahibəsi Məryam Tofiq qızı Namet-zadənin yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkarlanıb.

Yanvarın 7-də Neftçala rayonunda orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Günün ikinci yarısında isə belə hadisə Nəsimi rayonunun R.Rüstəmov küçəsi ev 4, mənzil 46 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Fərid Abbasovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib.

Sadalananlar baş verən qətl və intihar hadisələrindən bir neçəsidir.

Mövcud kriminogen durumu Meydan TV-yə şərh edən keçmiş polis zabiti Mahmud Hacıyev bildirib ki, dünyanın son 50-100 illik tarixinə saldıqda və məhkəmə psixoloqları, kriminoloqlar, kriminalistlərinin yazdıqlarına baxdıqda, hədəf bir məsələnin üzərində cəmləşir. Onlar yazırlar ki, hansı ölkədə sosial-iqtisadi durum ağırlaşırsa, işsizlik, narkomaniya artırsa, birinci növbədə tamah motivi ilə olan cinayətlərin sayı da artır. Tamah motivi ilə olan cinayətlər isə oğurluq, quldurluq, soyğunçuluq və nəticədə adam öldürməkdir. Yəni polis gücləndirilmiş rejimdə işləsə də, bunlar baş verir.

"Tamah motivi ilə baş verən cinayətlər aydındır, bəs digər cinayətlərdə necə, artım olurmu, məsələn, xuliqanlıq…" sualına Mahmud Hacıyev cavab verib ki, hazırda Azərbaycan vətəndaşlarının psixoloji durumu çox gərgindir, insanların böyük qismi pataloji affekt vəziyyətindədir. Gərginliyi də vətəndaşın düşdüyü sosial bəla yaradır: "30-40 il əvvəl də insanlar bir-birilə mübahisə edib ayrılırdı, amma son illər fərqli durumdur, indi yüksək səs tonu və bıçaq, balta mənzərələri artıb. Yaxud özünü yandırma, özünü asma adi hal alıb. Ona görə mütləq qaydada tamah məqsədilə baş verən cinayətlərin sayı artacaq. Eyni zamanda, xuliqanlıq, qəsdən adam öldürmə, xəsarət yetirmək, ictimai asayişi pozma, narkomaniya, fahişəlik halları artacaq. Gərginlik yaradan amillərin başlıcası ölkədə təlim-tərbiyə işləri tamamilə aşağı səviyyəyə düşüb, məmləkətdə çox pis tərbiyəsiz mühit yaranıb. Yenə keçmişə müraciət edirəm, əvvəllər iki gənc bir-birilə mübahisə edəndə, ağsaqqalın məzəmmətindən sonra ayrılırdılar. İndi ağsaqqalı eşidən də yoxdur. Sovetlər Birliyi və çar dövründə cinayətlərin qarşısını almaqdan ötrü hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bərabər ictimai məzəmmət çox aktiv rol oynayırdı. O zaman hüquq-mühafizə orqanları profilaktiv tədbirlər də görürdü. Amma indi nə ictimai məzəmmət var, nə profilaktik tədbirlər görürülür. Belə olanda cinayətlər artır".

O, təcili olaraq sosial-iqtisadi problemlərin qismən də olsa aradan qaldırılmasını vacib sayır: "Təəssüf ki, hüquq-mühafizə orqanlarında peşəkarlıq həddən artıq aşağıdır. Ona görə paralel olaraq təhsildə və hüquq-mühafizə orqanlarında təcili addımlar atılmalıdır, peşəkarlıq və təlim-tərbiyə işləri gücləndirilməlidir. Mən narkomaniyanın, sərxoşluğun, dələduzluğun, oğurluğun, işsizliyin, soyğunçuluğun qismən azalması baxımından bu işlərin görülməsini vacib sayıram. Əgər müvafiq orqanlar bu işləri görsələr, cinayətlərin sayında artım yox, azalma olar. Bu problemlərin həllində icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri birgə kompleks tədbirlər hazırlamalıdır. Peşəkarlıq o deyil ki, polis qətlin üstünü açır, əksinə, peşəkarlıq bu cinayətin baş verməsinə imkan verməməkdir".

Ana səhifəXəbərlərMahmud Hacıyev: ”Azərbaycan vətəndaşlarının böyük qismi pataloji affekt vəziyyətindədir”