Mağazadan oğurluq iddiasıyla polis bölməsinə gətirilən gənc öldü (yenilənib)

”Bölmədən çıxarılanda Zaurun ağzı-burnunun qan içində olduğunu görüblər”

Source:


”Bölmədən çıxarılanda Zaurun ağzı-burnunun qan içində olduğunu görüblər”

————————————————————————-


Mərhumun anası Mirnisə Soltanova virtualaz.org saytına deyib ki, mayın 12-də saat təxminən 12 radələrində evlərinə polis əməkdaşları gəlib və Zaurun harada olduğunu xəbər alıblar. M.Soltanova polis əməkdaşlarından oğlunu nə səbəbə axtardıqlarını soruşduqda Zaurun cinayət törətdiyini deyiblər.


“Üç maşın polis gəlmişdi. Dedilər ki, Zaur cinayət törədib, onu aparmağa gəlmişik. Gəlinim polislərə dedi ki, Zaura deyərik özü gələr polis bölməsinə. Bundan sonra polis əməkdaşları getdilər. Zaura zəng vurub evimizə polislər gəldiyini, onu axtardıqlarını xəbər verdim. Amma polisə getməməyi, atasını gözləməyi tapşırdım. Elə bil ürəyimə dammışdı. Polisə tək getməsini istəmirdim. Sözümü eşitmədi. Zaurun arxasınca qaynım Əfrail Soltanov və oğlum Sücəddin polis bölməsinə getdilər. Qaynım zəng vurub dedilər ki, Zaurun ürəyi gedib, xəstəxanaya aparırıq. Yazıblar ki, guya Zaurun ürək qüsuru olub. Ağ yalandır. Oğlum heç vaxt səhhətindən şikayətlənməyib. Murovda hərbi xidmətdə olub. Ürəyində qüsuru olan adamı hərbi xidmətə apararlarmı?”.


Zaurun anası onların ailələrinin adından mətbuatda yazılanları təkzib edir: “Yazıblar ki, guya oğlum ürək xəstəliyindən əziyyət çəkib. Guya dayısı Əlihüseyn Zeynalov deyib ki, Zaurun ölümünə səbəb də bu olub. Mənim Əlihüseyn adında qardaşım yoxdur. İki qardaşım var. Birisi rəhmətə gedib, digər qardaşım Tofiq Cəfərov isə Rusiyada yaşayır. Əlihüseyn Miriyev adında bir qohumumuz var. O da həmin gün polis bölməsinə getməyib”.


Mərhumun atası Səxavət Soltanov övladının ölüm faktının dərin araşdırılmasını, ona işgəncə verib öldürən şəxslərin tezliklə tapılmasını və məsuliyyətə cəlb olunmasını istəyir:”Mənim ümidim bir tək ölkə başçısınadır. Ondan başqa heç kimdən bizə kömək olunacağına inanmırıq”.


Zaurun əmisi, onun ölüm xəbərini alandan sonra polis bölməsinə yollanan Əfrail Soltanov isə  bunları bildirir: “Zaurun aparıldığı Polis Bölməsinin həyətinə girəndə gördüm ki, meyiti yerdə uzadıblar, üzünü örtüblər. Üzünü açanda gördüm ki, Zaurun ağız-burnu, başı qan içərisindədir, boğazında barmaq izləri var idi. Polislər bizi itələyib bölmədən çölə çıxartdılar”.


Ə.Soltanov deyir ki, hadisədən iki həftə əvvəl Şüvəlan qəsəbəsində, Zaura məxsus mağazadan oğurluq edilib. Zaur özü bu barədə sahə müvəkkilinə şifahi müraciət edib. İki gün əvvəl isə  Bayram adlı polis əməkdaşı Zaurun telefonuna şəkil göndərib ki, mağazadan oğurluq edən şəxslər bunlardır: “Zaur da şəkildəki  şəxsləri (Afəddin və Elməddin Hüseynovları nəzərdə tutur) tapıb onlarla dalaşıb. Hüseynov qardaşları isə döyülmələri ilə bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə şikayət ediblər. Zauru bölməyə bu səbəbdən çağırıblar”.


—————————————————————————–

Xəzər rayonunun Polis İdarəsinin 1 saylı Polis Bölməsinin həyətində ölüm hadisəsi baş verib. Ölən Zaur Sultanovun mayın 12-də bölməyə izahat verməyə çağırıldığı deyilir.

Bölmədən Zaur Sultanovun öldüyü təsdiqlənib.

Polis bölməsinin növbətçisi də bildirib ki, Z.Sultanov bölməyə izahat verməyə çağırılıb. Növbətçinin deməsinə görə, məsələ ilə bağlı qarşı tərəf izahat verdiyindən o, həyətdə əyləşib. Növbətçi qeyd edib ki, izahat verən şəxs çıxdıqdan sonra Z.Sultanov çağırılacaqdı. “Amma həyətdə qarşı tərəfin adamları oturduğu yerdə qəfildən halı pisləşdi və vəfat etdi”,-deyə növbətçi bildirib.

Məlumatda onun bir müddət əvvəl mağazadan oğurluq etdiyi iddia olunur və buna görə bölməsinə dəvət edilib.

Mərhumun ailəsi iddia edir ki, ona bölmədə zor tətbiq edilib: “Bölmədən çıxarılanda Zaurun ağzı-burnunun qan içində olduğunu görüblər”.

Növbətçi isə hadisə yerinə təcili yardım çağırıldığını deyib: “Həkimlər qeyd ediblər ki,ölümə ürək çatışmazlığı səbəb olub”.

Rayon prokurorluğu araşdırma aparır.

Daxili İşlər Nazirliyi 1 saylı Polis Bölməsinin həyətində ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.

“Mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döydüyünü bildirib. Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov PB-nin həyətindəki oturacaqda infarktdan keçinib”.

Nazirliyin bildirməsinə görə, mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkdiyini təsdiq edib. Rayon prokurorluğuaraşdırma aparır.



ANSpress, azadliq.org

Ana səhifəXəbərlərMağazadan oğurluq iddiasıyla polis bölməsinə gətirilən gənc öldü (yenilənib)