Müxalifət liderinə ölkəni tərk etmək qadağan edilib
Venesuela prezidenti Nikolas Maduro beynəlxalq vasitəçilərin iştirakı ilə müxalifət liderlərini danışıqlara çağırıb.
“Euronews” telekanalının məlumatına görə, bunu N.Maduro çərşənbə günü
bildirib.
Bundan bir gün əvvəl isə, Venesuelada müxalifət lideri Xuan Quaydoya ölkəni tərk etmək qadağan edilib. Onun bank hesabları da dondurulub. Qərarı ölkənin Ali Məhkəməsi verib.
Qərarı şərh edən X.Quaydo deyib ki, o bundan təəcüblənmir və hətta tutulmasını da istisna etməyib.
“Rejim xalqın istəyinə cavab verə bilmir və ancaq repressiyalara əl ata bilir”, – X.Quaydo deyib.
ABŞ buna cavab olaraq bəyan edib ki, müxalif siyasətçiyə zərər vuracaq şəxslər ciddi fəsadlarla qarşılaşacaqlar.
Ölkənin Baş prokuroru bildirib ki, etiraz aksiyalarında 40 nəfərin həlak olması ilə bağlı araşdırma başlayıb.
N.Maduroya müxalif olan siyasətçilər Konstitusiyanın müdafiəsinə qalxacaq hər bir dövlət funksioneri, hərbiçi üçün amnistiya barədə qanun layihəsini təqdim ediblər.
Parlamentin deputatı Dels Solorsano bildirib ki, bir çox hərbiçilər amnistiya aktına maraq göstəriblər. Onun sözlərinə görə, hərbçi zabitlərin və polis əməkdaşlarının N.Maduro hakimiyyətindən üz döndərməyə başlaması barədə məlumatlar var.
Venesuelanın ABŞ-dakı səfirliyində hərbi attaşe Xose Luia Silva X.Quaydonun tərəfinə keçdiyini bəyan edib və həmkarlarını eyni addımı atmağa çağırıb.
X.Quaydo da öz növbəsində orduya müraciət edərək, bəyan edib ki, hazırda qorxmaq, geri çəkilmək vaxtı deyil.
“İndi Venesuela xalqına hörmət etmək zamanıdır. Mən sizə öz soydaşlarınıza atəş açmamaq əmrini verirəm”, – X.Quaydo deyib.
Buna cavab olaraq N.Maduro ordu kazarmalarına səfər edib və hərbiçilərə ona tabe olmağı əmr edib.
Venesuelada vəziyyət yanvarın 23-də Milli Assambleyanın (parlament) sədri Xuan Quaydonun özünü prezident vəzifələrini icra edən şəxs elan etdikdən sonra
gərginləşib.
Onu ABŞ, Argentina, Kanada, Peru, Kolumbiya və bir sıra digər ölkələr tanıyıb.
Yanvarın 29-da ABŞ X.Quaydoya Venesuela hökumətinin və mərkəzi bankının Nyu Yorkda Federal Ehtiyyatlar Bankında və Amerikanın digər banklarında olan bəzi aktivlərinə nəzarət etməyə icazə verib.
Niderland, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya ölkədə səkkiz gün ərzində yeni seçkilərin elan edilməyəcəyi təqdirdə X.Quaydonu prezident kimi tanıyacaqlarını bəyan ediblər.