”Son bir neçə gündə Rusiya rəsmilərinin Bakıya kütləvi axını Azərbaycan ordusunun uğurlu əməliyyatının nəticəsidir”
“Rusiya-Azərbaycan münasibətləri strateji, qarşılıqlı faydalı xarakter daşıyır”.
APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
D. Medvedev qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir: “Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir. ATƏT-in Minsk Qrupunun üzvü kimi bu istiqamətdə səylərimizi davam etdiririk. İnanırıq ki, bu səylər etimadın bərpa olunmasında və münaqişənin həllində rol oynayacaq. Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır”.
Son 2 gündə Rusiyanın yüksək çinli rəsmilərinin Bakı səfərlərini Meydan TV-yə şərh edən konfliktoloq Elxan Mehdiyev hesab edir ki, Rusiya rəsmiləri arasında Azərbaycanın maraqlarına müsbət cavab verən şəxs baş nazirin müavini Dmitri Roqozindir: “Əslində, son bir neçə gündə Rusiya rəsmilərinin Bakıya kütləvi axını Azərbaycan ordusunun uğurlu əməliyyatının nəticəsidir. 22 illik ətalət vəziyyətini dəyişmiş ordunun hesabına Rusiya XİN rəhbəri Lavrov və baş nazir Medvedevin Bakıya gəlmələrinin məqsədi münaqişənin yoluna qoyulmasının intensivləşməsinə vasitəçilik etməkdir”.
Konfliktoloq Rusiya baş nazirinin güzəştlər barədə fikirlərinə toxunaraq deyib ki, rəsmi Bakının 22 il gözləməsi elə güzəşt sayılmalıdır: “İkinci güzəşt odur ki, Ermənistan ordusu ərazilərimizi tərk edəndən sonra Dağlıq Qarabağa yüksək status verməyə hazır olduğumuzu bildirməkdir. Ermənilərin güzəşti odur ki, Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxmağa hazırdırlar, amma Dağlıq Qarabağın müstəqilliyi tanınsın. Ancaq rusların dediyi güzəşt formulu nədir, bax, onu aydınlaşdırmaq lazımdır. Madrid Prinsipləri tam olaraq Azərbaycanın maraqlarına cavab vermir. Çünki həmin 6 prinsipdə referendumla bağlı maddə məsələni məcburi hüquqi şəkildə qoyur”.