Macarların “Vankdorf” lənəti

Yeni Baş nazir İmre Nadın həyata keçirdiyi islahatları “sosializmə xəyanət” kimi qiymətləndirən SSRİ 1956-cı ilin noyabrında ölkəyə qoşun yeritdi, hökuməti silah gücünə devirdi, islahatları durdurdu.

Foto: Meydan Tv


Bu matçdan 2 il sonra baş verən hadisələr Macarıstanın təkcə siyasi deyil, idman tarixində də önəmli iz buraxdı

Ötən ilin sentyabrında yazdığım məqalədə idman tarixinə

"Bern möcüzəsi"

adı altında düşən hadisədən bəhs etmişdim. Məqalə 1954-cü ildə İsveçrədə keçirilən dünya çempionatının finalında Macarıstan və Almaniya Federativ Respublikasının milli komandalarının qarşılaşması haqqında idi.

Macarıstan həmin oyunun aşkar favoriti idi. Komanda bu matça qədər 1950-ci ilin iyunundan başlayaraq 32 məğlubiyyətsiz oyun keçirmiş, bunların 29-da qalib gəlib, cəmi üçünü heç-heçə bitirmişdi. 1952-ci ildə olimpiya çempionu olan və heyrətamiz nəticələrinə görə "Qızıl komanda" adı verilən Macarıstan millisi bu oyunlarda 143 qol vuraraq yalnız 32-ni buraxmışdı.

Bern şəhərinin "Vankdorf" stadionunda keçirilən final görüşündə də macarların qalib gələcəyi şübhə doğurmurdu. Oyunun başlanğıcı da bu proqnozları doğruldurdu. Onlar artıq 8-ci dəqiqədə 2-0 hesabı ilə irəlidə idilər. Ancaq qalan vaxt ərzində üç qol buraxdılar və heç kəsin gözləmədiyi halda 2:3 hesabı ilə məğlub oldular.

Bu hadisədən sonra "Vankdorf" macarlar üçün 1526-cı ildə Osmanlı imperiyası ilə döyüşdə ağır məğlubiyyətə uğradıqları Mohaç qədər ağrılı sözə çevrildi.

***

Bütün dünya üçün "Bern möcüzəsi", macarlar üçün isə "Vankdorf faciəsi" olan bu matçdan 2 il sonra baş verən hadisələr Macarıstanın təkcə siyasi deyil, idman tarixində də önəmli iz buraxdı. Yeni Baş nazir İmre Nadın həyata keçirdiyi islahatları "sosializmə xəyanət" kimi qiymətləndirən SSRİ 1956-cı ilin noyabrında ölkəyə qoşun yeritdi, hökuməti silah gücünə devirdi, islahatları durdurdu.

Sovet təcavüzündən bir qədər sonra Budapeştin "Qonved" klubu Çempionlar kuboku turnirinin 1/8 final mərhələsində İspaniyanın "Atletik" (Bilbao) komandası ilə qarşılaşmaq üçün İspaniyaya yollandılar. Bu komandanın tərkibində Macarıstan milli komandasının bir çox futbolçusu oynayırdı.

İlk oyunu 2:3 hesabı ilə uduzan macarlar xatırladığımız hadisələrdən dolayı UEFA-nın çıxardığı qərara əsasən cavab oyununu öz meydanlarında deyil, Brüsselin "Eyzel" stadionunda keçirdi. 3:3 hesabı ilə bitən oyundan sonra "Qonved" turnirə vida etdi, Macarıstan komandasının hücum xəttini təşkil edən Puşkaş, Koçiş və Çibor kimi futbolçular isə geri qayıtmayaraq İspaniyada qaldılar.

Bundan sonra macar futbolu tənəzzülə uğradı. 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında komanda qrup mərhələsində yalnız 3-cü yeri tutaraq növbəti mərhələyə çıxa bilmədi. Həmin ildən etibarən isə Puşkaş Madridin "Real" klubunda, Koçiş və Çibor isə "Barselona"da oynamağa başladılar. Onu da deyim ki, "Barselona"da daha bir macar, hələ 1949-cu ildə kommunist rejimindən qaçan Ladislav Kubala da çıxış edirdi.

Macarların ayağı "Barselona"ya düşərli oldu. Komanda altı illik fasilədən sonra 1959-cu ildə çempion oldu və ilk dəfə Çempionlar Kuboku turnirində iştirak hüququ qazandı. Yarımfinala qədər irəliləyən komanda burada "Real" (Madrid) ilə rastlaşdı və hər iki oyunda 1:3 hesabı ilə məğlub oldu. Finalda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna 7:3 hesabı ilə qalib gələn madridlilər dalbadal beşinci dəfə Çempionlar kubokuna yiyələndilər. Yeri gəlmişkən, qolların dördünü Puşkaş vurdu.

"Barselona" isə 1959-1960-cı il mövsümündə yenidən İspaniya çempionu oldu və bir daha Çempionlar Kuboku turnirinə vəsiqə qazandı. Turnirin final oyununun keçiriləcəyi yer isə Koçiş və Çibor üçün (elə "Real"da çıxış edən Puşkaş üçün də) çox cəlbedici idi: İsveçrə, Bern şəhəri, "Vankdorf" stadionu.

***

Kvalifikasiya mərhələsində Belçikanın "Lyers" komandasına 2:0 və 3:0 hesabları ilə qalib gələrək 1/8 finala çıxan "Barselona"nı burada yenidən "Real" gözləyirdi. Amma bu dəfə nəticə fərqli oldu. Madriddə 2:2 hesabı ilə bitən ilk oyundan sonra Barselonada ev sahibləri 2:1 hesabı ilə qalib gəldilər. Beləcə, aydın oldu ki, bu il Çempionlar kubokunu qazanacaq komanda ilk dəfə "Real" olmayacaq.

1961-ci ilin mart ayında keçirilən 1/4 finalda "Barselona"nın rəqibi Çexoslovakiyanın "Spartak Hradec-Kralove" klubu idi. "Barselona" ilk oyunda 4:0 hesabı ilə qalib gələrək qarşılaşmanın taleyini həll etdi. Cavab oyununda heç-heçə qeydə alındı: 1:1

Yarımfinaldakı rəqib isə daha təhlükəli idi – Qərbi Almaniya çempionu "Hamburq" klubu. İlk oyunda "Barselona" yalnız minimal fərqlə qalib gəldi – 1:0. Almaniyada keçirilən cavab oyununun 90-cı dəqiqəsi başlayanda almanlar 2:0 hesabı ilə öndə idilər. Ancaq Koçişin son dəqiqədə vurduğu qol ispanları xilas etdi.

js5vxklbf0zorrlnlinj.jpg
Macarıstan-Almaniya oyunu

O zamankı qaydalara görə rəqib meydanında vurulan qol üstünlük qazandırmırdı. Vurulan və buraxılan topların fərqi eyni olduqda neytral meydanda yeni oyun keçirilirdi. "Barselona" və "Hamburq" arasındakı üçüncü oyun da "Eyzel" stadionunda keçirildi. 1:0 hesabı ilə qalib gələn Barselona finala vəsiqə qazandı.

Əlbəttə, bütün komanda final oyununu həyəcanla gözləyirdi. Amma Koçiş və Çiborun keçirdiyi duyğular digərlərinin hisslərilə müqayisə oluna bilməzdi. Onlar "Vankdorf"da, yeddi il öncə dünya çempionu titulunu artıq ciblərində saydıqları stadionda oynayacaqdılar və bu dəfə qalib gəlməyi hamıdan çox istəyirdilər.

***

Rəqib isə Portuqaliya çempionu olan "Benfika" klubu idi. Maraqlıdır ki, komandanın məşqçisi də Macarıstan futbolunun yetirməsi, bir vaxtlar "Vaşaş", "Uypeşt" və "Qonved" klublarını çalışdıran Bella Qutman idi. "Benfika"nın finala yolu daha rahat olmuşdu. Komanda Şotlandiyanın "Harts", Macarıstanın "Uypeşt", Danimarkanın "Orhus" və Avstriyanın "Rapid" komandalarını turnirdən kənarlaşdırmışdı.

Final oyunun favoriti "Barselona" sayılırdı. İspanlar turnirin beşqat qalibini məğlub etmişdilər, üstəlik daha adlı-sanlı ifaçılara malik idilər. Sadaladığımız üç macardan əlavə klubda 1960-cı ildə Avropanın ən yaxşı oyunçusu kimi "Qızıl top"a layiq görülən Luis Suares, braziliyalı bombardir de Masedo kimi isimlər vardı. "Benfika" isə belələri ilə öyünə bilməzdi.

***

Mayın 31-də keçirilən və isveçrəli hakim Gottfrid Dinstin idarə etdiyi final oyunu "Barselona" hücumları ilə başladı. Artıq 20-ci dəqiqədə sağ cinahdan ötürülən hava topunu uzaq dirəyin yaxınlığında qarşılayan Koçiş çətinlik çəkmədən hesabı açdı. Amma cəmi 10 dəqiqə sonra portuqallar hesabı bərabərləşdirdilər. Turnirin ən yaxşı bombardiri olan Joze Aquaş 11-ci qolunu vurdu.

Matçın 32-ci dəqiqəsində isə kuryoz hadisə baş verdi. "Barselona"nın cərimə meydançasına ötürülən top müdafiəçinin başından öz qapılarının doqquzluğuna getdi. Qapıçı Ramalyets topa toxuna bildi. Amma top dirəyə dəydikdən sonra qapının içində yerə düşü və yenidən çölə çıxdı. Hakim Ramalyets tərəfindən avtoqol qeydə qaldı. Bir neçə dəqiqədən sonra Koçişin növbəti baş zərbəsini isə portuqaliyalı müdafiəçi qapıdan çıxardı. Birinci hissə 2:1 hesabı ilə "Benfika"nın xeyrinə başa çatdı.

chm-1954_15314667321121880694.jpg
Almanların qələbə qolunun sevinc anı

İkinci hissə başlayandan az sonra lissabonluların yarımmüdafiəçisi Mariu Koluna hesab arasındakı fərqi artırdı. Maraqlıdır ki, Koluna oyunun 8-ci dəqiqəsində toqquşma zamanı burnunu sındırmışdı. Amma o dövrdə əvəzləmələrə hələ icazə verilmədiyindən oyunu davam etdirdi. O, öz xəsarətini ağırlaşdırmamaq üçün rəqiblərlə yaxın təmasdan qaçır, top ayağına düşəndə tələsik ya komanda yoldaşlarına ötürür, ya da qapıya zərbə vururdu. 55-ci dəqiqədə cərimə meydançasının kənarından endirdiyi belə bir zərbə qarşısıalınmaz oldu – 3:1.

Bundan sonra "Barselona" futbolçuları hesabı bərabərləşdirmək üçün irəli atıldılar. Ancaq buna heç cür nail ola bilmirdilər. Top müdafiəçiləri və qapıçını keçəndən sonra belə dirəklərə dəyib geri qayıdırdı. Ladislav Kubalanın cərimə meydançasının önündəki yarımdairənin içindən endirdiyi zərbədən sonra top qapının əvvəlcə bir, sonra digər dirəyinə dəydi və qapıçının qucağına getdi.

Epizodların birində isə "Barselona"nın qapısına vurulan ikinci qolu xatırladan hadisə baş verdi. Hava ilə ötürülən top "Benfika"nın müdafiəçisinin başına dəyərək irəli çıxan qapıçının üzərindən aşdı, özünü çatdıran de Masedonun boş qapıya 1 metrdən başla endirdiyi zərbədən sonra top yenə də dirəyə dəyərək geri döndüü.

Nəhayət, 75-ci dəqiqədə Çiborun uzaqdan endirdiyi zərbə qol oldu. Hərçənd, bu dəfə də top əvvəlcə qapı tirinə dəydi, amma meydana deyil, tora düşdü. Qalan vaxt ərzində "Barselona" bütün cəhdllərinə baxmayaraq, hesabı bərabərləşdirə bilmədi. Final fiti "Barselona"nın növbəti hücumunu yarıda saxladı.

Beləcə, yenə "Vankdorf", yenə məğlubiyyət, yenə 2:3. Koçiş və Çibor həmin stadionda və həmin hesabla ikinci məğlubiyyətə uğradılar. Özü də bu məğlubiyyət birincisindən heç də az acınacaqlı deyildi. Sanki macarlar üzərində bir "Vankdorf" lənəti vardı.

"Barselona" 1989-cu ildə "Vankdorf"da daha bir final oynadı. Kuboklar kuboku turnirinin finalında ispanlar İtaliyanın "Sampdoriya" klubuna 2:0 hesabı ilə qalib gəldilər. Bu qələbə yalnız futbolu çoxdan tərk edən Çibora təsəlli oldu. Koçiş isə hələ 10 il əvvəl, xərçəng xəstəliyindən doğan ağrılara dözməyərək intihar etmişdi.

Ana səhifəXəbərlərMacarların “Vankdorf” lənəti