Maaşa tətbiq edilən vergi yükü azaldıla bilər

Vergilər naziri vahid vergi yükü ilə bağlı dəyişikliklər ediləcəyini deyir

Foto: arxiv
Mikayıl Cabbarov
Mikayıl Cabbarov


Vergilər naziri vahid vergi yükü ilə bağlı dəyişikliklər ediləcəyini deyir

Əməkhaqlarına tətbiq edilən vergi yükü azaldılır. Vergilər naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında belə deyib. Nazir bildirib ki, hazırda müzakirə olunan vahid vergi yükünün həcmləri indi qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır.

“İnanırıq ki, belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əməkhaqların real şəkildə əks etdirilməsinə xidmət etməli, bu işə öz töhfəsini verməlidir”- nazir vurğulayıb.

Azərbaycanda gizli məşğulluğun olduğunu deyən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, əhalinin böyük bir qismi gizli işlə məşğuldur:

“Əməkqabiliyyətli əhali 5,5 milyon nəfərdir, amma rəsmi işləyənlərin sayı 1,6 milyondur. Fərq kifayət qədər böyükdür. Məsələ ondadır ki, 4 milyon işsiz olsaydı, sosial partlayış olardı. Burdan çıxan nəticə odur ki, əhalinin böyük bir qismi gizli işlə məşğuldur, əsasın da tikinti sektorunda, aqrar sahədə heç bir müqavilə bağlamadan insanları günəmuzd və ayamuzd işlədirlər. Bu da onunla bağlıdır kİ, işəgötürən maaş həcmindən Sosial Müdafiə Fonduna 22,5 faiz ödəniş etməlidir. Əgər əhalinin böyük qisminin hətta müqaviləsiz işləməyə hazır olduğu nəzərə alınsa, o zaman belə çıxır ki, ya müqavilə imzalanmır, ya da imzalansa da, rəsmi maaş az göstərilir, səbəb vergini az ödəməkdir. Bu vəziyyətin qarşısını almaq üçün iş adamlarına güzəştlər edilməlidir, vergilər və sosial müdafiə özdənişləri xeyli aşağı salınmalıdır. Maaşın 22,5 faizi kifayət qədər böyükdür. Əgər bu güzəştlər olsa, leqal şəkildə işləyənlərin sayı xeyli artacaq. İkinci məqam maaşdan tutulan 14 faiz gəlir vergisidir. Qəribəsi odur ki, rəsmi çalışan 1,6 milyonun 900 mindən çoxu büdcədən əməkhaqqı alır və gəlir vergisi kimi 14 faiz də geri qaytarır”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli digər problemin kiçik və fərdi uçot dərəcəsinə malik olan sahibkarlara aid olduğunu düşünür:

“Burda əsas problem odur kİ, illik dövriyyə cəmi 200 min manat müəyyənləşib. Manatın iki devalvasiyasından sonra 200 min manat çox azdır. Ən azı dövriyyə 500 manata qədər artırılmalıdır, 1 milyon olsa, kiçik sahibkarlara dəstək olar və vergilərin leqallaşmasına kifayət qədər kömək edər. Hətta dövriyyəni artırdıqdan sonra tutulan 4 faiz vergini də azaltmaq mümkündür. Əsas iş qabiliyyəti olan insanların toplaşdığı Bakı və Abşerona 2-3 faiz, regionlarda canlanma edilməsi üçün isə 1 faiz tətbiq etmək olar. Əgər sadaladıqlarım olacaqsa, bunu vergi islahatı adlandırmaq mümkündür. Yox, sırf inzibati, cəza mexanizmlərini göstərib heç bir addım atmayacaqlarsa, bu, “kölgə iqtisadiyyatı”nın daha da genişlənməsinə səbəb olacaq”.

Ana səhifəXəbərlərMaaşa tətbiq edilən vergi yükü azaldıla bilər