maaş

Mənbə: Foto: arxiv

Başlıq: maaş

Maaş və sosial müdafiə xərclərinin artımı proqnozlaşdırılır

Məqalə yeniləndi:  4 Yanvar 2020

İqtisadçı: “İnflyasiya təzyiqini yumşaltmaq asan olmayacaq”

2020-ci ildə icmal büdcə vasitəsilə maaşların və sosial müdafiə xərclərinin 35 faiz artımı proqnozlaşdırılır.

İqtisadçı Rövşən Ağayev potensial olaraq istehlak bazarına təzyiq göstərəcək xərclərin belə kəskin artımı şəraitində inflyasiyanı aşağı həddə, hökumətin proqnozlaşdırdığı 4.6 faiz səviyyəsində saxlamağın mümkünlüyündən danışıb. Deyir, nəzəri olaraq mümkün ola bilər. Ancaq gərək ev təsərrüfatlarının büdcə vasitəsilə əldə edəcəyi əlavə 4.5 milyard manat vəsaitin bir hissəsi qənaətə yönəlsin:

“Ümumilikdə isə 13.7 milyard manat. Çünki bütün artımların istehlak bazarına daxil olacağı şəraitdə inflyasiya təzyiqini yumşaltmaq asan olmayacaq”.

İqtisadçı deyir ki, bunun üzərinə kreditləşmənin, xüsusilə istehlak kreditlərinin yenidən sürət götürməsi hesabına pul emissiyasında bankların rolunun artması da gəlinməlidir:

Rövşən Ağayev

Rövşən Ağayev

Mənbə: Meydan TV

“2005-2019-cu illərdə icmal büdcənin sosial müdafiə xərclərinin artımı və inflyasiya tempi arasında əlaqəyə baxın. Burada düz əlaqə kiçik istisnalarla aşkar görünür. Xüsusilə də 2005-2008-ci illərdə sosial xərclərdə 30-40 faizlik artımlar ikirəqəmli inflyasiyanı stimullaşdırıb. Nəzərə alaq ki, həmin dövrdə də məzənnə sabitliyi idxal inflyasiyasının qarşısını alıb”.

Rövşən Ağayev əlavə edir ki, inflyasiyanın və sosial xərclərin ən yüksək artdığı 2008-ci ildən sonra 2020-ci ildə hər 2 göstərici üzrə ən yüksək proqnoz var.

“Mərkəzi Bankın monetar siyasətinin, açıq bazar əməliyyatlarının inflyasiya təzyiqini azaltmaq baxımından nə dərəcədə effektiv olacağını yaxın 6 ayda görmək mümkün olacaq”.

İqtisadçı Natiq Cəfərli Azadlıq Radiosuna deyib ki, hökumət inflyasiyanı bu il üçün 4.8-4.9 faiz civarında proqnozlaşdırır. Bu, 2019-cu ilin rəsmi göstəricilərindən yuxarıdır. Səbəb də odur ki, 2020-ci ildə nağd pul dövriyyəsinin kəskin artması gözlənir:

“Prezidentin verdiyi fərmanlar nəticəsində minimum əmək haqları, minimum pensiyalar artıb, bu fərmanların icrası ilə əlavə pul dövriyyəsinin artması gözlənir”.

İqtisadçı hesab edir ki, rəsmi inflyasiya həmişə real inflyasiyadan fərqlənir. Onun fikrincə, buna səbəb də odur ki, Azərbaycanda inflyasiyanın hesablanma qaydası çox primitivdir, müasir dünyadakı standartlara uyğun deyil.

V çağırış Milli Məclisin üzvü Fəzail İbrahimli isə “Turan” agentliyinə deyib ki, inflyasiya rəsmi göstərilən 4.8 həddindən yuxarı olmayacaq və bunun yuxarı olmaması üçün müəyyən tədbirlər görülür.

Fəzail İbrahimliyə görə, neftin dünya bazarındakı qiyməti də indiki 60-65 dollardan aşağı düşməyəcək: “Çünki neftin qiymətinin yüksək olmasında maraqlı olan ölkələr var. Həm də, dünyadakı bir sıra proseslər neftin qiymətinin yuxarı olmasını şərtləndirir”.

2019-cu il iyunun 18-də Prezident İlham Əliyev büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqının 40 faiz artırılması ilə bağlı 17 sərəncam imzalayıb. Minimum aylıq əməkhaqqının məbləği isə 250 manat müəyyən edilib.

Sosial müdafiə və əmək haqqı xərclərinin artım tempi

Sosial müdafiə və əmək haqqı xərclərinin artım tempi

Mənbə: Foto: sosial şəbəkə

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  4 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qk2czs

Ən çox baxılan