Maaş artımı – çörəyə (!) təzminat…

Mənbə: Meydan tv

Yazar: Rövşən Hacıbəyli

Covid testi neqativ, sualları pozitiv çıxan jurnalistlərin prezidentlə müsahibəsinə sözardı

Yeni ilin 12-ci günündə, yanvarın 12-də prezident İlham Əliyev prezidentliyinin 19-cu ilində bir qrup jurnalistə, daha doğrusu, 5 telekanal – AzTV, ARB24, İTV, RealTV, CBC – əməkdaşına müsahibə verib. Nədənsə ATV, Xəzər və Space telekanalları, həm də müstəqil mətbuat nümayəndələri bu müsahibədən kənarda qalıb. Baxmayaraq, prezident müsahibəsində dedi ki, onun xəbər mənbələrindən biri də mediadır. Ölkədəki mənfi hallarla bağlı məlumatların doğru çıxan “mütləq əksəriyyətini” onlardan alır. Ancaq ölkədəki mənfiliklərlə bağlı sual verə biləcək jurnalistlərdən, media nümayəndələrindən heç biri o müsahibəyə dəvət olunmamışdı, səbəb sadəydi: onların verəcəyi suallar testdən keçməyəcəkdi…

Yeri gəlmişkən, jurnalistləri müsahibəyə Covid testindən keçirib buraxıblar. Müsahibəni bütün telekanallar yayımlayıb, yayımlamaqda davam edir, bu üzdən əziz oxucularımızı yormadan bəzi məqamlara diqqət çəkək. İlk sual iqtisadiyyatla bağlı olub və prezident bu sahədə xeyli uğurlar olduğunu sadalayıb, xüsusilə manatın sabitliyindən danışıb: “…Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb”.

Elə bu yerdə İlham Əliyevin manatın sabitliyi ilə bağlı 2015-ci ilin bu günlərində, lap dəqiqi yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışından bir sitatı yada salaq.

İlham Əliyev: “Manatın məzənnəsi sabitdir. Bir neçə ildir ki, manatın məzənnəsi nəinki sabitdir və eyni zamanda, əsas dünya valyutalarına qarşı daha da böyük dəyər qazanır. Keçən il də biz bunu görmüşük. Bu da çox müsbət göstəricidir. Çünki manatın sabit olması ilk növbədə, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, əhalinin alıcılıq qabiliyyəti artır. Azərbaycanda manatın məzənnəsi sabitdir. Bu, bir daha bizim uğurlu iqtisadi siyasətimizi göstərir…

Hər bir ölkə üçün onun milli valyutası müstəqilliyin atributlarından biridir. Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir…”(10 yanvar 2015).

İclasda iştirak edən və söz demək şansı verilən Mərkəzi Bankın sədri Elman Rüstəmov da çıxışını manatla bağlı nikbin notlar üzərində qurmuşdu.

NK-nın bu iclasından, prezidentlə baş bankirin həmin çıxışlarından cəmi 40 gün sonra (bu da simvolikdir), fevralın 21-də, prezidentin sabitliyi ilə yanvarda öyündüyü manat dəyərdən düşdü. O vaxt müstəqil iqtisadçıların üzən məzənnə ilə bağlı təklifləri qulaqardına vurulmuşdu. Əsası “ümummilli lider” tərəfindən qoyulan siyasətin uğurlu olduğu vurğulanmışdı. Ancaq yalnız 6 ildən sonra prezident acı nəticəni etiraf etdi, həm də yenə manatın sabitliyindən danışa-danışa.

İlham Əliyev: “Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik” (12 yanvar 2022).

O 10 milyard dollarlıq itkiyə görə məsuliyyət daşıyan oldumu? Çox təəssüf, kimsəyə irad belə bildirən olmadı. Hər halda ən azı Elman Rüstəmov indi də həmin vəzifədədir.

2015-ci il ərzində manatın iki dəfə dəyərdən düşməsi qiymətlərə də təsir etmişdi. İndiki kimi, o vaxt da unun qiyməti qalxmışdı. Çıxış yolunu İlham Əliyev 2016-cı il yanvarın 15-dən buğdanın idxalı və satışını, buğda ununun və çörəyin istehsalı və satışını əlavə dəyər vergisindən (ƏDV) azad etməkdə gördü. Bu tapşırıqdan sonra daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik, pərakəndə satış qiyməti isə 23-24 manat, 500 qramlıq çörək 30 qəpik, 700 qramlıq çörək isə 40 qəpik oldu.

İndi isə 50 kiloqramlıq un 38-39 manatdır. Neft milyardlarını insan kapitalına çevirməkdən, əhalinin sosial rifahının yüksəldilməsindən danışan prezidentə xatırladaq ki, hakimiyyətə gəlişinin ilk illərində unun kisəsi (50 kq) 12-13 manat idi. Onda manatın alıcılıq qabiliyyəti də yüksək idi.

Buna baxmayaraq, prezident yenə “uğurları” sadalamaqda davam edir:

“Bildiyiniz kimi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb… Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır”…

Çörəyi başa düşdük, bəs başqa gündəlik tələbat mallarının qalxan qiymətlərinin təzminatını kim ödəyəcək?

İndi qalır xalqa təskinlik vermək: nə olsun ki, unun qiyməti qalxıb, Qarabağın işğaldan azad edilmiş münbit torpaqlarında “Azərsun Holdinq” və “Paşa Holdinq” min hektarlarla yer götürüb taxıl əkir… Hələ Ukraynada da əkəcəklər.

Nə olsun ki, manat sabit deyil, başlıcası odur, Füzulidə aeroportumuz var, hələ Zəngilanda da olacaq…

Müsahibədənsə görünən odur ki, manatın başının üstündə yenə qara buludlar dolaşır…

P.S. İlham Əliyev “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı da yanvarın 12-də verib, bu müsahibədən düz bir il qabaq, 2021-ci ildə. O fərmana uyğun olaraq Milli Məclis ötən il dekabrın 30-da çoxunun antidemokratik saydığı “Media haqqında” qanunu qəbul etməklə prezidentin xəbər qaynaqlarının fəaliyyət imkanlarını, demək olar, yoxa çıxarıb…

Ana səhifəMənim FikrimcəMaaş artımı – çörəyə (!) təzminat…