Məşhur rusiyalı jurnalist və bloger Yuri Dud iki ay müddətinə qiyabi həbs edilib.
Həbs qərarı Moskva şəhərinin Basman rayon məhkəməsi tərəfindən çıxarılıb.
Jurnalist Ukraynadakı müharibə mövzusunda materiallar hazırlayandan və müharibəyə qarşı fəal mövqe nümayiş etdirdikdən sonra 2022-ci il aprelin 15-də xarici agentlərin reyestrinə daxil edilib.
Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 3-cü hissəsi (Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma) ilə cinayət işi açılıb.
Bu ittiham Rusiyada 2021-ci ildən sərtləşdirilmiş “xarici agentlər haqqında qanun” əsasında qurulub. Bu qanuna görə, “xarici agent” elan edilən şəxslər:
- Öz statuslarını bütün yayımlarda açıq şəkildə göstərməlidirlər;
- Dövlət orqanlarına mütəmadi hesabat verməlidirlər;
- Maliyyə mənbələri və fəaliyyətləri barədə şəffaflıq təmin etməlidirlər.
Dud məhz bu öhdəlikləri pozmaqda ittiham olunur, bu isə artıq cinayət məsuliyyəti daşıyır (maksimum 5 ilə qədər həbs).
Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, həbs qətimkan tədbiri iki ay müddətinə – Dudun Rusiyaya ekstradisiya edildiyi və ya ölkə ərazisində saxlandığı andan etibarən təyin edilib.
TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbələrinə görə, jurnalist beynəlxalq axtarışa verilib.