Sayt rəhbəri rüşvət ittihamını qəbul etmir
“dunyaninsesi.az” saytının rəhbəri, 2023-cü ilin dekabrından həbsdə olan Ərşad İbrahimov 8 il azadlıqdan məhrum edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Bu məhkəmənin sədri Natiq Əliyevin çıxardığı hökmə əsasən, Ərşad İbrahimovla birlikdə mühakimə olunan Əli Hacıyev isə 5 il azadlıqdan məhrum edilib.
Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur. Lakin bu ittihamı qəbul etmirlər.
Ərşad İbrahimov məhkəmədə bildirib ki, onu jurnalist fəaliyyətinə, xüsusən də müxtəlif rayonlarda polis özbaşınalığı barədə rəhbərlik etdiyi saytda yayımlanan materiallara görə cəzalandırıblar.
Yanvarın 22-də məhkəmədə prokuror Ərşad İbrahimova 9 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Bundan sonra onun vəkili Zabil Qəhrəmanov müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Lakin Natiq Əliyev vəkilə vaxt verməkdən imtina edib, müdafiəçini məcbur edib ki, bu gün çıxış eləsin. Vəkil məcburiyyət qarşısında az sonra müdafiə çıxışı edib.
Zabil Qəhrəmanov bildirib ki, Ərşad İbrahimovun rüsvayedici materialları yaymaqla hədələyib, pul tələb etdiyi iddia olunan adamlar məhkəmədə dindirilərkən ondan şikayətçi olmadıqlarını bildirdilər.
Həmçinin dedilər ki, onlar Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə öz təşəbbüsləri ilə gedib ərizə yazmayıblar.
Onları idarədən zəng edib çağırıb, ərizələrini alıblar: “Bu da sübut edir ki, adamları Ərşad İbrahimova qarşı ərizə yazmağa məcbur ediblər. Əgər bu adamlar hədə-qorxuya məruz qalsaydılar, özləri gedib şikayət edərdilər”.
Ərşad İbrahimov son sözündə bildirib ki, uzun müddət Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təzyiq və təqiblərinə məruz qalıb.
Səbəb isə polis özbaşınalığı barədə vətəndaşların şikayətlərini rəhbərlik etdiyi saytda yayımlaması idi.
Onun sözlərinə görə, həbsindən bir il əvvəl onu bu idarəyə aparıb bir gün də saxlayıblar:
“Uzun müddət idi “bandotdel” məndən əl çəkmirdi. Təxminən bir il əvvəl məni tutub Bakıya apardılar, bir sutka da saxladılar. Orada təzyiqlərə məruz qaldım. Polis orqanları haqqında saytdakı tənqidi yazılarımı sildirdilər. “Bandotdel”in rəisi Əbülfət Rzayev xəbərdarlıq elədi ki, bir də polislər barədə neqativ material olsa, həbs olunacaqsan. Dediklərini də elədilər. Abşeron rayonunun polis rəisi barədə vətəndaşın şikayətini saytda yerləşdirmişdim. Daxili İşlər Nazirliyindən müraciət elədilər ki, silim. Silmədim, dedim ki, münasibət bildirin, sizin də fikrinizi əlavə edim. Bundan iki-üç gün sonra məni Gəncədə tutdular, döyə-döyə apardılar”.
Vəkil Zabil Qəhrəmanov bildirib ki, hökmdən apelyasiya şikayəti verəcək.
Ərşad İbrahimov bundan əvvəl 2014-cü ildə həbs olunub.
Həmin vaxt da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan sayt rəhbəri Cinayət Məcəlləsinin 182-ci maddəsilə təqsirli bilinib və 11 il azadlıqdan məhrum edilib.
Apelyasiya məhkəməsi onun cəzasını 10 ilə, Ali Məhkəmə isə 5 ilə endirib.
O, əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.