Daha sonra onların sərbəst buraxıldığı bildirilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim və oğlu Mehdi İbrahim bu gün 8 nəfər maskalı şəxs tərəfindən saxlanılıb, sonradan sərbəst buraxılıb.
Bu barədə Meydan TV-yə Məmməd İbrahim özü məlumat verib.
“Xəstəxanaya gedirdik, bizi yolda götürdülər, evə gətirdilər. Səhər saat 11 radələri idi, evdə yüngülvari baxış keçirdilər. Həyat yoldaşımın və mənə aid müddəti keçmiş bank kartlarının hamısının fotolarını çəkdilər. Üstəlik, mobil telefonlarımızı götürdülər”, – Məmməd İbrahim deyir.
Bildirir ki, daha sonra naməlum şəxslər onu və oğlunu 17 saylı Polis Şöbəsinə aparıblar:
“Orada bizi təhvil verib getdilər. Şöbədə bizə qarşı heç bir təzyiq göstərilmədi, normal münasibət oldu. Şöbədə çox fikirləşdilər, gələn-gedən oldu, sonra onlara zəng gəldi. Dedilər ki, gözləyin, narahat olmayın. Düz 3 saat bizi orada saxladılar. Sonra da gətirib, telefonlarımızı qaytardılar və dedilər ki, anlaşılmazlıq olub”.
Məmməd İbrahim bildirir ki, “anlaşılmazlığın” səbəbi, motivi barədə ona məlumat verilməyib:
““Anlaşılmazlıq olub” deyirlərsə, deməli, başqa bir şey fikirləşib gəliblər. Hər halda bizim kimlər tərəfindən saxlanılmağımız və motiv məlum deyil”.
Son dövrlərdə AXCP üzvlərinə qarşı yönəlmiş həbsləri xatırladan Məmməd İbrahim özünün həbs olunması ehtimalını da qaçılmaz saymır:
“Məni saxlayanda fikirləşdim ki, AXCP-yə yönəlik həbslərin davamıdır. Bunlar barədə proqnoz vermək olmur, amma yenə də ümid edək ki, həbs olunmaram”.
Məmməd İbrahim 3 dəfə siyasi məhbus həyatı yaşayıb.
AXCP-nin hazırda ondan çox üzvü həbsdədir.
Üzvlər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Onlardan ikisi Əli Kərimlinin mühafizəçisidir. Həmin şəxslərdən biri Niyaməddin Əhmədov “terroru maliyyələşdirmə” və başqa qanunsuz əməldə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib.
Əli Kərimlinin başqa bir mühafizəçisi Kənan Basqal isə bu yaxınlarda başqa bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub.
Daha bir mühafizəçi Kənan İsmayılın mayın 6-da inzibatı qaydada 30 sutka həbs edildiyi bildirilir.
Aprelin 9-da inzibati qaydada həbs olunmuş partiya sədrinin mühafizəçisi Elnur Quliyevin qardaşı Rahil Quliyevin də mayın 7-də 30 sutka müddətinə inzibati qaydada həbs olunduğu məlum olub.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 357 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.