Bu gün, sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsinda “Meydan TV işi” üzrə həbs olunan jurnalist Aytac Əhmədovanın ( Tapdıq) nikaha daxil olması ilə əlaqədar verilmiş apellyasiya şikayətinə baxılıb.
Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saxlanılıb.
Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb. Hazırda bu iş üzrə həbs olunanlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunurlar.
Prosesə hakim Əli Məmmədov sədrlik edib.
Jurnalistin ailəsinin Meydan TV-yə verdiyi məlumata görə, Əhmədova məhkəmədə zorakılığa məruz qalıb. Onu məhkəməyə gətirən konvoy əməkdaşı Cəmil Hüseynov jurnalisti itələyib, ona qarşı kobud rəftar edib.
“Konvoy rəisi Cəmil Hüseynov dəhliz boyunca Aytacı itələyib, Aytac da xəsarət almamaq üçün çantası ilə onunla özü arasında baryer yaratmağa çalışıb. Daha sonra Cəmil Hüseynov Aytacı saxlanma məntəqəsinə itələyərək aparıb və məntəqəyə çatandan onu sürətli formada kişi məhbusların oturduğu otağın ortasına itələyib” – deyə ailəsindən bildirilib.
Aytac Əhmədova heyvan haqları fəalı Kamran Məmmədli nikaha daxil olmaq istəyir.
Ailəsi deyib ki, bu günkü məhkəmə prosesi başlayanda Aytac Əhmədova və Kamran Məmmədli yazılı formada hakim Əli Məmmədova etiraz ediblər. Buna səbəb onun bundan əvvəl keçirilən məhkəmə prosesində Aytaca və Kamrana qarşı təxribat törətməsi olub. Ailəsi bildirir ki, həmin məhkəmə prosesində Aytac Tapdıq məhkəmə zalına sanki cinayətkar kimi gətirilib və şüşəli kabinəyə salınıb. Hakim Aytacın çıxışına “jurnalistəm” sözündən sonra mane olub. Onun məhkəmə zalında nikaha daxil olmaq istədiyi Kamran Məmmədli ilə yan-yana gəlməsinə, danışmasına maneə yaradılıb.
“Hakimə olan yazılı etirazdan sonra hakimlər birgə müşavirəyə gedib və qərar verilib ki, vəsatət baxılmamış saxlanılsın” – deyə ailəsi vurğulayıb.
Apellyasiya şikayəti isə qismən təmin edilib. İşə yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə geri qaytarılıb.