Məhkəmə Natiq Cavadlını həbsdə saxlayıb

Natiq Cavadlı. Foto: Meydan TV

Vəkil bildirib ki, Natiq Cavadlı dekabrın 6-da həbs olunsa da, hazırda onunla bağlı heç bir istintaq hərəkəti aparılmır

Fevralın 25-də Xətai rayon Məhkəməsində “MeydanTV işi” üzrə həbs edilən jurnalist Natiq Cavadlının ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin etməyərək jurnalist haqqında həbs qətimkan tədbirini dəyişməyib.

Vəkil Zibeydə Sadıqovanın verdiyi məlumata görə, vəsatət jurnalist barəsində istintaq hərəkətlərinin aparılmaması, himayəsində azyaşlı övladlarının və səhhətində problemlər olan anasının olmasına əsaslanıb.

Vəkil bildirib ki, Natiq Cavadlı dekabrın 6-da həbs olunsa da, hazırda onunla bağlı heç bir istintaq hərəkəti aparılmır.

“Həbs-qətimkan tədbirin özü də heç bir sübut, dəlil olmadan seçilib. Natiq Cavadlı dekabrın 6-da həbs olunsa da, hazırda onunla bağlı heç bir istintaq hərəkəti aparılmır.  Onun həbsi ailəsinə həm mənəvi həm də fiziki zərər verir. Çünki onun övladları yetkinlik ərəfəsindədirlər və atalarının onların yanında olmasına, onların təlim-tərbiyəsi ilə məşğul olmasına daha çox ehtiyacarı var. Belə ki, N.Cavadlı azadlıqda olanda övladlarının dərs prosesi ilə özü məşğul olurdu. Məhkəməyə müraciət etdik ki, bu şərait nəzərə alınsın və onun həbsi ev dustaqlığı ilə əvəz olunsun. Təəssüf ki, məhkəmə vəsatətimizi təmin etməyib”, – vəkil Zibeydə Sadıqova vurğulayıb

Vəkilin sözlərinə görə, məhkəmədə Natiq Cavadlı həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib və şikayəti müdafiə edib.

Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

Vəkil onu da bildirib ki, Natiq Cavadlı “BBC”-nin, “Amerikanın Səsi”-nin və “Turan” İnformasiya Agentliyinin fəaliyyətinin dayandırılmasını televiziya vasitəsilə eşidib və çox məyus olub.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

Ana səhifəMeydan TV işiMəhkəmə Natiq Cavadlını həbsdə saxlayıb