Vəkil məhkəmənin diqqətinə çatdırıb ki, jurnalistin səhhətində problemlər var və o, yeddi dəfə əməliyyat olunub
Fevralın 25-də Xətai rayon Məhkəməsi “Toplum TV”-nin jurnalisti Fərid İsmayılovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
Müdafiə tərəfi Fərid İsmayılovun həbsdə saxlanılmasının əsassız olduğunu, səhhətində problemlər olduğunu, həmçinin istintaqın yekunlaşdığını əsas gətirərək jurnalistin ev dustaqlığına buraxılmasını istəyib.
Vəkil Zibeydə Sadıqova məhkəmənin diqqətinə çatdırıb ki, jurnalistin səhhətində problemlər var və o, yeddi dəfə əməliyyat olunub.
Zibeydə Sadıqova bildirib ki, F.İsmayılov həbs olunduğu gündən iki dəfə xəstələnib, lakin həkimlər onu müalicə və müayinə etməyiblər:
“Fərid İsmayılov həkim nəzarətindən kənar qalıb və bu, onun həm fiziki həm də psixoloji vəziyyətinə təsir edib. Bir aydan çoxdur ki, bununla bağlı Ədliyyə Nazirliyi tibb baş idarəsinə müraciət etsəm də, ancaq həkimlər onu müayinə etmirlər”.
Jurnalist özü də məhkəmədə bildirib ki, o, peşə fəaliyyətinə görə həbs olunub və həbsi əsassızdır.
2024-cü il martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə (Fərid İsmayılov və Elmir Abbasov) istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar “Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin video redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahovdur.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.
2025-ci il yanvarın 17-də “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.
Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
“Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov yanvarın 17-də həbs edilib.
2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, “Toplum TV” işindən ayrıca icraata ayrılmış yeni iş üzrə həbs edilib.
2023-cü ilin noyabrından bu yana ölkədə 30-dan artıq jurnalist və bloger həbs olunub.
Onların əksəriyyətinə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Həbs olunanların əksəriyyəti “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, “Kanal13”, “meclis.info” əməkdaşlarıdır.
Jurnalistlər özlərini təqsirli bilmir, dövlət başçısı və digər məmurların korrupsiya əməlləri, digər qanunsuzluqlar haqda araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.