Elvin Mustafayevin Qobustan həbsxanasına köçürülməsi ilə bağlı qərar qüvvədə qalıb

Elvin Mustafayev. Photo: Fargana Novruzova

Bu gün, sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin məhkəmə prosesi keçirilib.

Prosesdə Elvin Mustafayevin 6 ay müddətinə qapalı rejimli Qobustan həbsxanasına köçürülməsi qərarından apellyasiya şikayətinə baxılıb.

Məhkəməyə Elmar Rəhimov sədrlik edib.

Bu haqda Meydan TV-yə fəalın atası Əli Mustafayev məlumat verib:  

“Biz dedik ki, məhkəmə haqsız verib 6 ayı. Yəni bunun heç bir günahı olmadan o qədər iş veriblər. Vəkil Zibeydə xanım [Zibeydə Sadıqova] da bu gün bu haqda danışdı. Orada dedik ki, Elvini incidiblər, əziyyət veriblər, onların heç birinə fikir vermədilər. Necə var elə də qaldı”. 

Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və üzərinə bu maddənin qoyulduğunu bildirir.

11 iyulda isə Nizami Rayon Məhkəməsi Mustafayevin qapalı rejimli Qobustan həbsxanasına köçürülməsinə qərar verib.

“İşçi Masası”nın İdarə Heyətinin üzvü Tural Fərzilinin özünün “Facebook” səhifəsində yazdığına görə, bu qərar, hazırda onun saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin müraciəti əsasında qəbul olunub.

Müəssisə rəhbərliyi Mustafayevin cəzasının sonuna qədər Qobustanda saxlanılmasını istəsə də, məhkəmə onun 6 aylıq köçürülməsinə qərar verib.

Elvin Mustafayev 2025-ci il mayın 6-dan müxalif siyasətçi Tofiq Yaqublu və digər siyasi məhbusların azad olunması tələbilə aclıq aksiyasına başlayandan sonra cəza çəkdiyi müəssisənin karserinə salınmışdı. Sonradan o, 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü.

2022-ci ildə Azərbaycanda işçi hüquqlarını müdafiə məqsədilə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir.

Onların hər biri müxtəlif ittihamlarla üzləşsə də, bu ittihamların siyasi motivli və qurama olduğunu bildirirlər.

Ana səhifəXəbərlərElvin Mustafayevin Qobustan həbsxanasına köçürülməsi ilə bağlı qərar qüvvədə qalıb