Jurnalistin məhkəmədə çıxışı zamanı kobud rəftara məruz qaldığı, daha sonra isə zaldan çıxarıldığı bildirilir
Bu gün Bakı Apellyasiya Məhkəməsində Meydan TV-nin həbs olunan əməkdaşı Aytac Tapdığın nikaha daxil olması ilə əlaqədar verdiyi vəsatətə baxılıb.
Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində vəsatət təmin olunmayıb.
Aytac Tapdığın yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, jurnalist məhkəmədə çıxışı zamanı kobud rəftara məruz qalıb, daha sonra isə zaldan çıxarılıb.
“Aytac Tapdıq məhkəmə zalına sanki cinayətkar kimi gətirilib və şüşəli kabinəyə salınıb. Hakim Aytacın çıxışına “jurnalistəm” sözündən sonra mane olub. Onun məhkəmə zalında nikaha daxil olmaq istədiyi Kamran Məmmədli ilə yan-yana gəlməsinə, danışmasına maneə yaradıblar. Aytac Tapdıq 199 gündür qanunsuz olaraq həbsdə saxlanılmaqla yanaşı, ən sadə hüquqlarından da məhrum edilir. Kamran Məmmədli ilə görüşməsinə, evlənməsinə qadağa qoyulur. Aytacı daha nə qədər psixoloji şiddətə məruz qoyacaqsınız? Aytacın həbsinə və məhkəmə işçilərinin ona qarşı zorakı rəftarına dərhal son verilməsini tələb edirik”, – yaxınları bildirib.
Aytac Tapdığın 2025-ci ilin yanvarında nikaha daxil olmaq məqsədilə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə etdiyi müraciət rədd olunub.
Aytac Tapdıq heyvan haqları fəalı Kamran Məmmədli ilə nikaha girmək istəyir.
Kamran Məmmədli 2024-cü il noyabrın 15-də Bakıda BMT-nin iqlim dəyişikliyi konfransında təkadamlıq etiraz aksiyası keçirdiyi zaman mühafizə xidməti tərəfindən saxlanılaraq, polislərə təhvil verilib. Hazırda fəalın ölkədən çıxış qadağası var. Bunu Kamran Məmmədli dekabrın 2-də Tbilisiyə yollanmaq üçün hava limanına gələrkən öyrənib.
Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saxlanılıb.
Həmin gün onunla birlikdə Meydan TV-nin beş əməkdaşı Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı da saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi həbs olunması qərarını çıxarıb.
Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.