Məhbuslar yağışlı gündə açıq havaya düzülüşə çıxarılıb

İllüstrasiya: Meydan TV

Martın 27 və 28-də yağan güclü yağışlara baxmayaraq, 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbuslar açıq havada məcburi sıra düzülüşünə çıxarılıb.

Bu barədə həmin cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların yaxınları AbzasMedia-ya məlumat verib.

Onların bildirdiyinə görə, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına zidd olaraq 10 saylı cəzaçəkmə müəssisəsində hava şəraiti nəzərə alınmadan bu praktika davam etdirilir.

Məlumatda qeyd olunur ki, həmin müəssisədə saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Şahin Hacıyev ayaqqabısının islanmasını əsas gətirərək düzülüşə çıxmaqdan imtina edib. Buna baxmayaraq, nəzarətçilərin onu qaldığı yataqxanadan zorla çıxardığı bildirilir. Hacıyev etiraz əlaməti olaraq ayaqyalın şəkildə düzülüşə çıxıb və təxminən 30 dəqiqə bu vəziyyətdə saxlanılıb.

Müəssisədə saxlanılan jurnalist Teymur Kərimovun da oxşar vəziyyətlə qarşılaşdığı bildirilir. Onun sözlərinə görə, ayaqqabısının islanmasını nəzarətçilərə çatdırsa da, düzülüşə çıxmağın məcburi olduğu bildirilib. Jurnalist buna etiraz edərək ayaqyalın sıraya çıxıb və bu tələbin həm qanunsuz, həm də daxili intizam qaydalarına zidd olduğunu qeyd edib. Kərimov deyir ki, nəzarətçilər əvvəlcə onu “şou yaratmaqda” ittiham edib geri göndəriblər. Lakin daha sonra ayağına sellofan torba keçirməyi, ayaqqabını geyinməyi və rəhbərliyin görməsi üçün yenidən düzülüşə çıxmasını tələb ediblər.

Məhbusların bildirdiyinə görə, müəssisədə qanunla nəzərdə tutulan hüquqları tələb etmək demək olar ki, mümkün deyil, çünki rəhbərlik qeyri-rəsmi, “yazılmamış qaydalar” tətbiq edir.

Onlar qeyd edirlər ki, daha əvvəl də işgəncə, qeyri-insani rəftar, korrupsiya və digər qanunsuz hallarla bağlı müxtəlif instansiyalara müraciətlər olunub, lakin bu şikayətlər nəticəsiz qalıb və problemlər aradan qaldırılmayıb.

Məsələ ilə bağlı aidiyyatı qurumlar hələlik heç bir açıqlama verməyib.

Ana səhifəSiyasətMəhbuslar yağışlı gündə açıq havaya düzülüşə çıxarılıb