“Küçələrdə lüzumsuz siqnal verən sürücülər cərimələnəcək”
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə xəbərdarlığında belə
deyilir.
“Sıxlıqda sürücülər lüzumsuz siqnal verir”
Xəbərdarlıqda bildirilir ki, son zamanlar paytaxt küçələrində intensiv hərəkət müşahidə olunur.
Günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər.
Bu hal da paytaxt sakinlərinin narahatlığına və haqlı narazılığına səbəb olur: “Sürücülərimiz onu bilməlidir ki, “Yol Hərəkəti Haqqında Qanun”un tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər. Əks təqdirdə, bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər”.
“Sakinlərin hüquqlarını pozmamaq üçün küçələrdə siqnal verməyin”
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, paytaxt sakinlərinin, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması və inzibati məsuliyyətə cəlb olunmamaları üçün bu növ qayda pozuntusu törətməkdən çəkinsinlər.
Bu hal sui-istifadə hallarına yol aça bilərmi?
Hüquqşünas Yalçın İmanov deyir ki, İnzibati Xətalar Məcəlləsində hazırda qüvvədə olan 329.3-cü maddəyə əsasən, səs siqnallarından istifadə qaydalarını pozmağa görə sürücülər 30 manat məbləğində cərimə edilir.
O güman edir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yaydığı xəbərdarlıqla bu maddənin sərt tətbiqi imkanlarını nəzərdə tutur: “Ola bilər ki, sui-istifadə cəhdləri olsun. Amma məsələ ondadır ki, küçələrimiz nəqliyyat vasitələrinin yerli-yersiz siqnal səsləri ilə çox çirklənib. Avtomobilin siqnal səsi ən zəruri hallarda səsləndirilməlidir”.
“Tələbin sərtləşdirilməsini doğru hesab edirəm”
Hüquqşünas deyir ki, reallıqda sürücülərin siqnaldan gen-bol və bir çox hallarda heç bir ehtiyac olmadan istifadə etdiklərini görür: “Bu da, doğrudan da, insanların haqlı narazılığına səbəb olur. Odur ki, rəsmilər bundan sui-istifadə eləsələr belə, tələbin sərtləşdirilməsini doğru hesab edirəm”.