Lüstrasiya zərurəti

Elçibəy hakimiyyətinin uğursuzluğunun böyük səbəblərindən biri…

Source:

Yenə aləm dəydi bir-birinə, bir şeyxin “kişinin ac olduqda arvadını yemək haqqı var” fitvasından sonra. Neçə gündü orgiyadı, bu arada məşhur rus rejissor-oliqarxı Nikita Mixalkov da “milli fast-food” açmaq üçün Putindən nə az, nə çox, düz 1 milyard rubl istəyib, eşq olsun! Rusların pasxası da kosmonavtika günü ilə üst-üstə düşdü, dil gəl izlə söhbətləri, görüm, necə izləyirsən.

Amma bu arada Kiyevdə bütün postsovet məkanı üçün çox vacib bir məqam baş verdi: Ukraynanın Ali Radası növbəti 9 mayın lap astanasında, özü böyük tarixi “fake” olan (buna hələ yazıda dönəcəyik) Böyük Vətən müharibəsindəki qələbənin 70 illiyi önündə 1917/91-ci lillərdəki kommunist rejimini cinayətkar, dövlət terroru siyasəti aparan hakimiyyət elan etdi. Lüstrasiya haqdakı çox vacib qanun Ukraynada hələ keçən il, Maydan hərəkatından sonra qəbul edilmişdi, son qanun isə artıq bu prosesin geridönməz xarakter aldığını göstərir. Özlüyündə isə bu həddən mürəkkəb proses Люстрація в Україні ismi ilə faktiki hərəkata çevrilib. Onu yalnız bu prosesi yalnızca lüstrasiya komitəsi yox, tarixçilərin, sosioloqların, ictmai xadimlərin, aktiv gənclərin qismində bütün cəmiyyət həyata keçirir.

Lüstrasiya prosesinin bizim üçün də nə qədər vacib olduğunu xüsusi vurğulamağa dəyməz. Bu haqda fikirlərimi hələ beş il

bundan öncə yazmışdım, maraqlananlar “

Azərbaycanda lüstrasiya – mümkünmü, mümkünsüzmü?

” məqaləsinə göz ata bilər. Bu proses bütün Şərqi Avropa və postsovet məkanı ölkələri üçün vaxtilə Almaniyada baş vermiş denasifikasiya (alm. – Entnazifizierung) prosesi qədər böyük əhəmiyyət daşıyır. Çünki əks halda həqiqətlər tam olaraq üzə çıxmayacaq, Rusiyada və ölkəmizdə olduğu kimi yenə keçmiş haqda yalnız xəfif nostlaji tonunda danışılacaq, bütün vacib postlar isə keçmiş kommunist funksionerləri və xüsusi xidmət agenturasının nəzarətində qalacaqdır. Həqiqət üzə çıxmayınca, keçmişin yalanları işlək qalacaq və istənilən gələcəyi üzümüzə qapadacaq.

Yeri gəlmişkən, Almaniyada 1945-dən sonra hələ denasifikasiya prosesi tam gücü ilə işə düşməzdən əvvəl, cəmiyyətdə nasional-sosializm haqda “əla ideyadır, amma zibilini çıxartdılar”, “fikir kimi yaxşı idi, amma Hitler və ətrafı çox pis həyata keçirdi” kimi söhbətlər yaşamaqda idi. Əhalinin çox böyük qismi arasında eynən bizdə olan kimi “ideyaya baş verənlərin nə dəxli var, Hitlernən onun adamları pis idi, amma ideya əvvəldə özünü yaxşı göstərmişdi” kimi nostalji üslubda fikirlər dolaşırdı. Yalnız denasifikasiya və bütün həqiqətlərin qarşısından pərdələrin tam götürülməsindən sonra baş verənlərin nə qədər dəhşətli və faciəli olduğu hamıya aydın oldu. Alman cəmiyyəti yalnız bundan sonra 1945-ci ilin məhvedici məğlubiyyətinin nəticələrini dəf edib yenidən dirçəlməyə özündə güc tapdı. Eyni təcrübə iki alman dövlətinin birləşməsindən, 1990-cı ildən sonra baş verdi. DDR gizli xidməti Stasi agenturasinın siyahıları çap edilib ictimaiyyətə bəlli edildi, lüstrasiya prosesi aparıldı. Sonrakı 25 illik tarix-nəticə hamıya bəlli və göz qarşısındadır. AzTV demişkən: “Almaniya acından ölür”.

Bu proses Şərqi Avropada və Baltik ölkələrində aparılsa da, başqa postsovet ölkələrində aparılmadı və bunun xüsusilə ağırlı nəticələri bu gün özünü Rusiyada qabarıq şəkildə göstərməkdədir. Bir zamanlar özünü dünyanın ən beynəlmiləl ölkəsi elan edən Rusiyada indi isterik faşist ritorikası faktiki dövlət tərəfindən dəstəklənir. Bu ritorikanın fonunda heç bir özünə hörmət qoyan qərb lideri, qarşıdan gələn 9 may qələbəsinin 70 illiyinə Moskvaya gəlməyəcəkdir. Əslində isə II Dünya Müharibəsini bir fakt olaraq Hitlerin müttəfiqi kimi onunla bir yerdə başlayan Sovet İttifaqı müharibənin qızışdırıcılarından biri olmuşdu.

Yalnız sonradan, Hitlerin hiyləgərlikdə Stalini qabaqlayıb, sovetlərə hücumu Böyük Vətən müharibəsi haqda mifi yaratmağı zəruri etdi. Əhalinin bu haqda məlumatsız olması da həqiqətlərin deyilməməsinin əlavə təsirlərindəndir.

1992/93-cü illərdə mövcud olmuş Elçibəy hakimiyyətinin uğursuzluğunun böyük səbəblərindən biri də məhz lüstrasiya startının verilməməsi qətiyyətsizliyində idi.

Bunların altında Yeltsinin Rusiyada lüstrasiya tərəfdarlarına qımışaraq dediyi: “Onda deyin, məndən başlayacaqsız ki!” kimi dərin eyhamlar yatmaqda idi. Lakin bu məsələnin sırf başqa tərəfləri də var, iş orasındadır ki, bir zamanlar Azərbaycanda mövcud olmuş sısqa dissident fikrində sovetlər və kommunizm, individum üzərində işgəncələr aparan və cəmiyyəti saxta ideallara kökləyərək kütləyə çevirən totalitar rejim kimi yox, sadəcə Azərbaycanı işğal etmiş yadellilərin zülmü kimi xarakterizə olunurdu. Azərbaycandakı çox az saylı dissidentlər məhz millətçilər idi, bununla bərabər 60-cı illər Azərbaycan ədəbiyyatında peyda olan bəzi xırda eyhamlar da fundamental insan azadlıqları anlamında yox, məhz millətçilik paradiqmasında qurulmuşdu. Bu səsəblərdən lüstrasiya startı verilmədi və indiyə kimi hətta müxalifətfə belə bu haqda birmənalı fikir yoxdur.

Hazırda lüstrasiya prosesi keçmiş sovet ölkələrindən yalnız Gürcüstan və Ukraynada baş verməkdədir, sonuncu ölkə Rusiyaya müəyyən mənada alternativ kimi bizim üçün də müstəsna xarakter daşıyır, hərçənd ki, biz lüstrasiya haqda yalnız xəyallarımızda düşünə bilərik. Keçmiş KGB agenturası isə nəinki hakim dairələrdə və ictimai sferada, hətta qəlblərdə belə xalq şairləri və xalq artistləri qismində, şirin xatirələr içində yaşamaqdadır. Və bütün bunlar lüstrasiyaya uğramayınca, hər hasısa müsbət dəyişikliklərə ümid etməyinə dəyməz.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəLüstrasiya zərurəti