”Lucy” filmi – post-modern cəfəngiyyat

Panteistlər bütün kosmosun tanrı olduğunu, bizim də onun bir hissəsi olduğumuzu iddia edirlər

Source:
Zaur Qurbanlı
Zaur Qurbanlı

Panteistlər bütün kosmosun tanrı olduğunu, bizim də onun bir hissəsi olduğumuzu iddia edirlər

Bu yaxında “Lucy” filminə baxdım. 2014-cü ildə çəkilib. Baxılmalı, amma etiqad edilməməli filmdir. Orda təbliğ olunan din bəlkə də ziyanlı deyil, amma yalandır.

Çoxlu fərqli dinlərin, din olmayan etiqadların var olmasına baxmayaraq, insanın bilmədiyi həqiqətlərə münasibətdə əsasən 2 növ yanaşması var – tanrı var, ya da yoxdur. Deizm, teizm, buddizm, çoxallahlılıq, təkallahlılıq, panteizm və s. bu təsnifata salına bilir, yəni ikisindən birinə aid oluna bilir.

Əslində elmin sübut etməsinə qədər ehtimallar 50/50 olaraq qalır. Amma insanlar daha çox inanmaq istədiklərinə inanırlar, nəinki fakta, həqiqətə, hətta elmə. Ona görə də hər kəs buna 50/50 kimi yanaşmır və hesab edir ki, 80/20 və ya 100/0 nisbətində aydın olan məsələlər var. Tanrının mövcud olması, insanın bunu dərk edəcək qədər ali varlıq olması fikri isə yəqin ən qədim inanclardandır. Bunu islam, xristianlıq kimi dinlər öz sistemlərinə uyğun açıqlayıblar. Buddizm isə onlardan bir addım da qabağa gedərək, insanın özünün zamanla tanrı ola biləcəyini iddia edir.

Yaxud panteistlər bütün kosmosun tanrı olduğunu, bizim də onun bir hissəsi olduğumuzu iddia edirlər. Hürufilər insanın ən ali varlıq olması iddiasını islamın hökmran olduğu şəraitdə sübut etmək üçün ərəb əlifbasının işarələrini insan bədənində tapmağa girişmişdilər. Allahın insanın özü olduğunu iddia edirdilər.

İndi də oxşar inanclar çoxdur. Bu inanclar bəzən birbaşa missionerlik təbliğatı ilə yayılır, bəzənsə bir inanc olduğu bildirilmədən, bəzi “faktlar”ı (dez)informativ qaydada çatdırmaq yolu ilə yayılır. Məsələn, belə bir iddia var ki, insan öz beyninin hamısını istifadə eləmir. Guya kimsə öz beyninin 20%-ini istifadə etsə, fövqəltəbii qüvvələrə malik olar; Eynşteyn (Einstein) 10%-ini istifadə edib və s. Əslində isə hər bir normal insan öz beyninin 100%-ini istifadə edir (Bunu asanlıqla həkimlərdən soruşub dəqiqləşdirmək olur).

Təbii ki, insanlar inanmaq istədiklərinə inanırlar deyə, bunu dəqiqləşdirmək üçün heç cəhd də eləmirlər. O gün maraqlı bir yazışma gördüm. Bir nəfər Türkiyənin 200 TL-lik əskinasının üzərindəki “Sevelim, Sevilelim” sözlərinin fotosunu çəkib paylaşmışdı. Altda başqası yazmışdı ki, “bu, “shop”dur, görünür ki, hərflər bir-birinə oxşadılıb”. Fotonu paylaşan adamsa yazdı ki, indicə əlimdə pulu tutub çəkmişəm. Girib google-da baxdım ki, doğrudan da, 200 TL-nin üzərində o sözlər eləcə də yazılıb. Mənə maraqlı gələn o oldu ki, bu sözlərin montaj olduğunu iddia edən adam google-a girib baxmayıb, inanmaq istəyib ki, “bu, “shop”dur” və dərhal da iddia edib, eyni sürətlə də yanılıb.

Eynilə beynin neçəsə faizini işlətməklə bağlı iddianı da araşdıran, adi tibb tələbəsindən və ya həkimdən soruşmadan buna inanan adamlar da eyni mexanizmlə hərəkət edir – inanmaq istəyir, nəticədə həqiqət olduğunu iddia edir. İnsanların bu qəribə xüsusiyyəti olan şəraitdə pul qazanmağın yolunu yaxşı bilən insanlar və onlara bu pulu qazanmağa imkan verən siyasi rejimlər var. Bu adamlardan biri olan Luc Besson 2014-cü ildə bu iddianı filmə çəkib. Filmdə iddianın üzərində yaxşı işləyiblər. Amma məni məyus edən o oldu ki, filmdə “elmi faktlar” kimi təqdim olunanlar sadəcə yalan və ya uzaqbaşı hipotezlərdir. Amma düz məntiqlə insanlar buna inandırılır. Filmdə iddia olunan odur ki, insan beyni elə bir qurğudur ki, biz onun 100%-indən istifadə edə bilsək, kainatda yeganə ölçüləbilən subyekt olan zamanı ram edə biləcəyik, yəni allaha çevriləcəyik, bu da insanın super-kompyuterə dönməsi ilə baş verəcək. Alternativ hipotezlər, elmin gəldiyi nəticələr səsləndirilmir, araşdırılmır, əksinə bu iddia görüntülü olaraq göstərilir, tamaşaçı inandırılır.

Bu iddia sadəcə tanrının mövcudluğunu, yaradılış iddiasını (təkamülün əleyhinə olaraq, insanın (eləcə də hər şeyin) guya tanrı tərəfindən qəfil yaradılması ideyası) başqa yolla, amma daha bic, yüksək texnologiyalı, sənətsəl yolla sübut etmək cəhdidir. Bunun yanlış olduğunu sübut etmək isə əslində çox asandır. İddia olunur ki, beynimiz bizim özümüzdən çox-çox yüksək inkişaf etmiş qurğudur, biz onun cüzi hissəsini istifadə edirik, bu istifadə payı artıdıqca fövqəladə hadisələr baş verəcək. Yəni guya beynimiz hansısa ali təfəkkürün məhsuludur, nə vaxtsa yaradılaraq başımızın içinə yerləşdirilib və biz isə sadəcə onu (dinlərdə bu, ruh adlanır) daşıyan bədənlərik (islamda bu bədənlərə “allahın qulu” deyilir), bir zaman o mükəmməl qurğu bu bədəndən çıxıb super kompyuterə, yəni tanrıya çevriləcək, o zaman hisslərdən, həyəcandan, həzzdən arınaraq, həqiqətin ən ali zirvəsinə çatacağıq (islamda və xristianlıqda bu, cənnət, buddizmdə isə nirvana adlanır).

Amma tibbə çoxdan məlumdur ki, insanlar beyinlərinin 100%-ini istifadə edirlər. Məsələn, homo-habilisin (2 milyon il əvvəl yaşamış homo növünün) beyni bizim beynimizin yarısı boyda olub. Biz inkişaf etdikcə, beynimiz də inkişaf edir, təkamül keçirir, böyüyür, qırışları və funksiyaları artır. Yəni əvvəlki beyin artıq bizə yetmədiyindən daha da inkişaf etməyə məcbur olur. Əgər bizim beynimiz əvvəldən necə yaradılmışdırsa, eyni cür qalır və biz sadəcə onun istifadə etdiyimiz paylarını artırırıqsa, o zaman homoların hamısının beyni eyni boyda olardı. Ümumiyyətlə, ruhu bu formada izah etmək harunyəhyalığın daha ağıllı formasıdır sadəcə. “Beyində “bir şey” var, o “şey” bizi heyvanlardan fərqləndirir. İnsan olmaq üstünlükdür, biz kosmosla iç-içəyik (filmdə bu da iddia olunur), insan yeganə varlıqdır ki, kosmosu idarə edə bilər, çünki beynindən tam istifadə etsə, zamanı ram edər…” – bu cəfəngiyatlar renessans, modernizm dövrlərində çürüdülüb.

Kainatın insan mərkəzli olmasını kilsə iddia edirdi, əksini iddia edəni də yandırırdı. Amma həqiqətdə nəinki kainat, heç Günəş sistemi də insan mərkəzli, ümumiyyətlə, Yer mərkəzli deyil. İnsan kainatdakı maddələrin bir mövcudluq formasıdır. Nə vaxtsa bu formanın mövcudluğu sona çatsa, bu, kainatda hansısa ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Sabah Yerə bir asteroid çırpılıb dinozavarlar kimi bizim kökümüzü kəssə, bu, kainatda yenə də bir dəyişikliyə aparmayacaq, mövcudluğun sonu gəlməyəcək. İnsan təkamülü digər heyvan növlərinə nisbətən daha mürəkkəb səviyyələrə çatdırmış heyvan növlərindən biridir sadəcə. Beynimiz də bildiyimiz maddələrdən təşkil olunmuş materiyadır, biz inkişaf etdikcə, o da inkişaf edir. Onun içində “bilinməzdən gələn” “nə isə” filan yoxdur. Sadəcə bir orqandır. Kainat nəhəng bir xaosdur, onun içində vahid düzən axtarmaq, hələ bunu insan kimi adi bir mövcudluğun taleyinə calamaq sadəcə qədim inanclara müraciətdir, qədim mətnlərin yenidən şərhi cəhdidir, bir sözlə post-modern cəfəngiyyatlardan biridir.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcə”Lucy” filmi – post-modern cəfəngiyyat