Lore-Ley – qadın səsinin və saçlarının şeytaniliyi

Lore-Ley qayalığı Almaniyada, Rhein çayının burulduğu bir yerdədir

Source:
Su pəriləri
Su pəriləri

(I yazı)

Lore-Ley qayalığı Almaniyada, Rhein çayının burulduğu bir yerdədir. Bu qayalığa nədən Lore-Ley adı verilib? Lore-Ley nədir, yaxud kimdir? Lore-Leylə Azərbaycan kulturası arasında hansı əlaqələr var?

Alman poeziyasının nəhəng simalarından olan Heinrich Heine 1824-cü ildə Lore-Leyə şeir həsr edib.

Lore-Ley – axşamüstü qayalıqda oturub əlindəki qızıl daraqla uzun qızılı saçlarını darayan, nəğmələri ilə dənizçiləri əfsunlayan gözəl bir Su pərisidir. Lore-Leyi bircə dəfə dinləyən və görən gəmiçi bu səsin və gözəlliyin sehrinə düşür, gəmisini onun olduğu tərəfə sürərək qayalıqlara toxunmasından xəbəri olmur. Və beləcə məhv olur.

Loreley
Loreley


H.Heinenin Lore-Ley şeiri – qadın gözəlliyinin və qadın səsinin fəlakət törətməsini poetikləşdirən, qadın haqqında mənfi təsəvvürləri obrazlaşdıran ən gözəl sənət nümunələrindən biridir. Axşam günəşinin şüalarında parlayan qızılı saçlarını qızıl darağı ilə darayan və əfsunlu nəğmə oxuyan Lore-Ley niyə kişilər üçün təhlükəlidir? Niyə onu dinləyən dənizçilər ağıllarını itirib həlak olurlar? Bizim xalq inanışında, “şər vaxtı” dediyimiz zaman dilimində qadınların başı açıq çölə çıxmalarının qorxulu olmasıyla axşamüstü qayalıqlarda saçlarını darayan və “baş yeyən” Lore-Ley arasında bir əlaqə varmı? Ümumiyyətlə, qadınlar, niyə başlarını bağlamalı, saçlarını gizləməlidirlər? Yaxud, niyə qadınların, xüsusilə, gənc gəlinlərin səsi qaynatalarının, ya da başqa kişilərin yanında eşidilməməlidir? Niyə qadın səsi “haram”dır və “tovlayıcıdır”? Qadın saçlarının və səsinin şeytaniliyi nəyə əsasən və necə meydana gəlib?

İki hissədən ibarət olan bu məqalədə bu suallara cavab axtarılacaq. İkinci hissədə isə məqalənin davamı veriləcək və oxucular H.Heinenin orijinaldan tərcümə etdiyim Lore-Ley şeiri ilə həm öz dilimizdə, həm də almanca tanış ola biləcəklər.

Lore-Ley və sirenelər

Lore-Ley iki mifik fiquru özündə birləşdirir. Onlardan birincisi yunan mifologiyasında sirenelərdir. Qorxunc dərəcədə kifir, vahiməli varlıqlar olan sirenelər qeyri-adi gözəl səsləri ilə dənizçilərin ağlını başından alır, onların öz gəmilərini qayalıqlara çırpıb məhv olmaqlarına səbəb olur, sonra bu dənizçiləri tikələyib yeyirlər. Bəzən yarı-balıq, yarı-qadın, bəzən də yarı-quş, yarı-qadın təsəvvür edilən bu dişi iblislərdən bir neçə kişi qurtulub: qulaqlarına arı mumu soxub onları dinləməməklə. Qadın səsinin, qadına qulaq asmağın fəlakətə aparması sirenelərlə bağlı miflərdə yetərincə əks olunub.

Sirene
Sirene

Öldürücü qadın səsi İrlandiya və Kelt mifologiyasında da var. Bu səsin sahibləri Banşe adlanırlar. Banşelər də daha çox suların qırağında görülür. Onlar kimin qabağına çıxıb yanıqlı səslə ağı deyirsə və qışqırırsa, həmin adam dərhal ölür.

Banşe
Banşe

Xakasların qəhrəmanlıq dastanlarında dağ və qayalıqların ruhu Huu İney yeraltı sularda yaşayır və epik qəhrəmanlarla düşmənçilik aparır. Dağların altında yaşayan Huu İney evinə gedəndə qayadan olan qapıları sehrli səsi ilə açır. O, özünə ər axtaran əxlaqsız qadın kimi təsvir edilir.

Lore-Ley, Su pəriləri və Su yiyələri

Lore-Leydə özünü göstərən ikinci mifik obraz isə Su pəriləridir: yarı-balıq, yarı-qadın, füsunkar gözəllikləri ilə görənləri özünə məftun edən yarıçılpaq Su pəriləri.

Dənizçi fəlakətlərinin başında gələn Su pəriləri dənizçiləri öz gözəllikləri ilə yoldan çıxarıb arxalarınca suyun dərinliklərinə doğru çəkirlər. Su pərilərinə uyan dənizçilər suda boğulub ölürlər.

Su pəriləri
Su pəriləri

Başlanğıcda Su pəriləri suların qadın-tanrıları idi. Onların ən qədim prototipi akkad mifologiyasında duzlu suların nəhəng və qorxunc qadın-tanrısı Tiamatdır. Tiamat sonralar sulara yiyələnib insanları susuz buraxan, hər dəfə verdiyi azacıq su müqabilində qurban tələb edən Su əjdəhalarına çevrilir. Su pərilərindən fərqli olaraq Su əjdəhaları kişilərə məğlub olurlar və kişi qəhrəmanlar tərəfindən öldürülürlər. Yeri gəlmişkən, Bakıda heykəli qoyulmuş Su əjdəhasını öldürən Bəhram Gur heykəli yuxarıda deyilənləri əks etdirir.

Türk mifologiyasında suların yiyəsi ana-tanrı Ağ ana Su pərisi kimi təsvir edilir. Ancaq o da sonralar patriarxallığın təsiri ilə şər qüvvəyə, məsələn, su qırağında yaşayan (H)Al anasına,

(H)Al qızlarına, (H)Al nənəsinə, Su anasına, Su yiyəsinə, Çay nənəsinə, Albastıya, Almısa, Albısa və b. çevrilir. Bunlar eyni mifik obrazın müxtəlif konfiqurasiyalarıdır.

(H)Al anası suda, ya da su kənarında yaşayır. O, zahı qadınları öldürüb onların çiyərini suda yuyub yeyir. Doğmaqda olan qadınları Al anasından qorumaq üçün qışqır-bağır salıb suları qırmancla döyəcləmək, bıcaqla doğramaq adəti var. Bu, Al anasını qorxudub qaçırtmaq üçün bir tədbirdir. Al anasından zərər toxunmasın deyə, uşağın qırxı çıxanadək zahı qadın bulaq başına, çay qırağına gedə bilməz.

Bəzi türk xalqlarında (məsələn, qazaxlarda) Al anası olduqca şəhvətli və ehtiraslıdır. (Vaxtilə bu xüsusiyyət bərəkət və məhsuldarlıqla bağlı olduğuna görə müsbət sayılırdı). O, bərəkəti təmsil edir və bəzən onun yaxasına iynə sancıb evdə qul kimi işlətmək də olur. Ancaq o iynəni kiminsə əli ilə yaxasından açdırıb geri qayıdanda, yəni insanlardan qurtulub qaçanda suya dönüb axarmış.

Al qızı da o biri demonik (şeytani) varlıqlar kimi su ilə bağlıdır. Türkmənlərin mifik görüşlərinə görə onunla rastlaşan, Lore-Leylə qarşılaşan dənizçilər kimi ağlını itirir.

Qazaxların təsəvvürünə görə, su qırağında yaşayan Yezdırnaq adlı qorxunc varlıq kişiləri yoldan çıxarmaq istəyəndə gözəl görünüşlü bir qıza çevrilir.

Eynilə həm kifir sirenelər, həm də gözəl su pəriləri kimi Al qızları da bəzən qorxunc dərəcədə kifir, bəzən də sözlə ifadə edilməyəcək dərəcədə gözəl təsəvvür edilirlər. Bu təsəvvürlər Al ansı və Albastıya da aiddir.

Azərbaycan mifologiyasında çaylarda yaşayan yaşlı qadın görkəmində Çay nənəsi adlanan fiqur var. Körpünü keçən adam çaya çox baxanda Çay nənəsi acıqlanır və həmin adamın başını gicəlləndirib onu suya düşməsinə səbəb olur. Azərbaycanda Su sahibi adlanan qoruyucu ruha da inanıblar. Su müqəddəsdir, hər cür çirki yuyub aparır. Görülən yuxunu ilk olaraq suya danışmaq adəti də Su sahiblərinin yuxudakı hadisələri xeyirə çevirmə gücü ilə bağlıdır.

Bir sıra türk xalqlarında suların yiyəsi Su anası adlanır. Onun da Lore-Ley kimi uzun qızılı saçları var. Tobol tatarları Su anasını adamın ayağından tutub suda boğan şər qüvvə kimi təsəvvür edirlər.

Türkmənlərdə sularda yaşayan qorxunc qadın Qara Qırnaq suya yaxınlaşmaq istəyən insanlara xata toxundurur.

Özbəklərdə yağış yağdıran ilahi qüvvə Sus Xatun adlanır.

Lore-Ley, günəşin qürubu və ya şər vaxtının hökmü

H.Heine Lore-Leyin səbəb olduğu faciənin, günəşin qürub etdiyi zamanda baş verdiyini göstərir. Bu, təsadüfi deyil. Qədim dövrlərdə günəşin hər batışı onun ölümü kimi qəbul edilirdi. Ancaq axşamlar “ölən” günəş, səhərlər yenidən “doğulurdu”. Bu ifadə, olduğu kimi dilimizdə qalır: günəşin çıxmasına “günəşin doğması” deyirik. Bir çox xalq kimi bizim də günəşə söykənən xüsusi inamlarımız olub. Günəş batdığı vaxt işığın gücsüzləşib qaranlığa məğlub olduğu vaxtdır. Günün bu vaxtı bizdə “şər vaxtı” ya da “şər qarışan vaxt” adlanır. Bu zaman kəsiyinə türk xalqları xüsusi münasibət bəsləyiblər. İnanıblar ki, günəş batan zaman, yəni şər vaxtı, şər qüvvələr aktivləşdiyinə görə heç bir fəaliyyətlə məşğul olmaq olmaz. Bu vaxt bir çox iş dayandırılmalıdır. Məsələn, su qırağına getmək, ya da su üstündən keçərkən əyilib su içmək, dağa çıxmaq təhlükəlidir. Bu vaxtlar Su və Dağ yiyələri acıqlı olurlar. Onlar bundan qıcıqlanır və həmin adama xətər yetirirlər. Şər vaxtı yatanlar bir daha ayılmaya bilərlər deyə, bu vaxt yatmaq da olmaz. Hətta şər vaxtı doğulan adamın ayağının ağır olması təsəvvürü də var.

Lore-Leyin ucbatından qayıqçının başına gələn hadisə axşamüstü, günəş qürub edəndə – “hava sərinləşib qaraldığı” vaxt baş verir. Bu məqamda da Su və Dağ ruhu öz ziyanlı əməlini törədir: qayıqçı həyatını itirir.

Lore-Leyin qızıl darağı, uzun saçları və Al anası

Lore-Ley şerində, su pərisi Lore-Leyin qızıl daraqla daradığı qızılı saçları xüsusi vurğulanır. Görək bu məqam türk xalqlarının mifololoji təsəvvürləri nə qədər uyğunlaşır.

Türk xalqlarının mifologiyasında Al ana-tanrısının törəmələrindən biri Almısdır: o, Anadolu türkmənlərində Su pərisinin, başqurt türklərində Su anasının, Altay və Yenisey türklərində isə Su Əzinin (Su yiyəsi) adıdır. Şor türkləri ona Albas deyir. Albas Lore-Ley kimi uzun qızılı saçlı, əlində qızıl daraq tutan halda təsəvvür edilir. Kim onun darağını əlinə alsa, Albas həmin adamın ruhunu bədənindən çıxarıb öldürür. Albas da qayalıqlarda yaşayır, ancaq Lore-Leydən fərqli olaraq gözəl səsi yoxdur, keçi kimi bəyirir.

Al ana-tanrısının başqa bir törəməsi olan Al anası da görünüşcə Lore-Leylə bənzərliklərə malikdir. Al anasının qırmızı, ya da sarı rəngli uzun, pırpız, dağınıq saçlarının olmasına inanılır. Onun əsas gücü uzun saçlarındadır. Bəzi türk xalqlarında hətta Al anasını “Sarıçaç”, bəzən “Sarı qız”, bəzən də “Sarı ənə” adlandırırlar. Məsələn, qazax və qırğızlar Al anasına “Sarı Albastı” deyirlər: onlar dağların və suların yiyələri kimi dağ ətəklərində, ya da qayalıqlarda, su qırağında yaşayırlar. Anadoluda “Sarı qızlar qayası” deyə bir yer var.

Orta Asiya türkləri inanırlar ki, Sarı qızın saçlarından birini tapan adam onun ağası ola bilər. Saç tükü bizim xalqın mifoloji təsəvvürlərində də Al anasını simvolizə edir. Hələ də bir çox regionumuzda belə bir inam yaşayır: Al anası zahı qadının bədəninə daxil olmaq üçün tükə dönüb zahı qadının yeməyinə girir. Əgər içində tük olan yeməyi zahı yesə, həmin tük zahının qarnında Al anasına çevrilib onun ciyərini qopardır. Al anası ilə bağlı folklor nümunələrində zahı qadının yeməyindən çıxan tükü ya yandırır, bəzən də çuvala salıb döyürlər.

Saçlardan xoşlanan Al anaları atların gücünü zəiflətmək üçün gecələr onların saçlarını – yelənlərini hörürlər.

Saç çürümədiyinə görə, qədim insanlar, onu gücün və ruhun yeri kimi qəbul ediblər. Hələ də cadu-pitikdə saç tükündən istifadə edilməsi bu yanaşmanın qalığıdır.

Qadın saçındakı ilahi və qorxuducu gücün qorunması, sirli və gizli saxlanması üçün ilk dəfə Şumerdə məbəd qadınları başlarını örtüblər. Daha sonra 3500 il bundan qabaq bir Assuriya kralı saçların örtülməsi ilə bağlı qanun qoyur: təkcə məbəd qadınları deyil, evli və dul qadınlar da saçlarını örtməlidirlər. Ancaq ərə getməmiş qızlar, cariyələr və küçə qadınları bunu eləsələr, əksinə, cəzalandırılırdılar. Sonralar başörtüsü təkallahlı dinlərə, o cümlədən islama keçdi. İndiyə kimi də qalır.

Bir zaman bərəkət mərasimlərində qadınlar saçlarını xüsusi əsdirərək erotik rəqslər edərdilər. Bu rəqslərin bərəkət gətirəcəyinə inanılardı. İndi də Yaxın Şərq ölkələrində yayılmış erotik məzmunlu göbək rəqslərində saçları saçmaq, fırlatmaq rəqsin əsas elementlərindən biridir. Lore-Ley şeirində Lore-Leyin cazibədar uzun qızılı saçları bu səbəbdən xüsusi vurğulanır.

Azərbaycanın bəzi yerlərində ərə gedən qızın saçından kəsilir və anasına verilir. Anası da həmin saçı qızın cehizlərinin içində gizlədir. Kulturamızda nəinki ərə gedən qızın, ümumilikdə hər kəsin kəsilmiş saçları ilə müqəddəs əşya kimi davranıblar. Onu şər qüvvələr istifadə etməsin deyə, təmiz bir yerə qoyur, əldən-ayaqdan uzaq bir yerdə saxlayır, ya da basdırardılar.

Toy gecəsi bakirə çıxmayan qızların saçlarının dibindən kəsilməsi adəti təhqir və cəza məqsədi daşıyır: belə qızlar dazlaşıb saçlarını itirməklə bütün qorxuducu və qoruyucu güclərini itirmiş olurlar. Toy günü gəlinin saçlarından bir hissənin kəsilməsi adəti isə təzə gəlinin ər evində gücsüzləşib başıaşağı, itaətkar olması, qulluqçu mövqeyi alması üçündür.

Azərbaycan əfsanələri içərisində “Gəlin qaya” adlı bir əfsanə var: gəlin evdə başını yuyurmuş. Qayınata içəri girib gəlini başı açıq, saçları dağınıq halda görür. Bu, o qədər biabırçı vəziyyət sayılır ki, gəlin utandığından allaha yalvarır ki, onu daşa döndərsin. Allah da gəlinin arzusunu yerinə yetirir. Gəlinqaya qayası belə yaranır. Bu əfsanənin başqa versiyasında isə, saçlarını darayan gəlini onun qaynı görür. Burada da gəlin allahdan onu daşa döndərməsini istəyir və istəyinə nail olur.

Min illər boyunca gəlinin başı açıq olmasına, saçlarının dağınıq halda qayınata və ya başqa kişilərin yanında görünməsinə, gəlinin səsinin qayınata və ya yad kişilər tərəfindən eşidilməsinə əxlaqsızlıq, abırsızlıq və həyasızlıq donu geyindirilib.

Saçları açıq halda çölə çıxmaq və gəzmək təkcə əxlaqsızlıq yox, həm də fəlakətgətirici bir hadisə hesab edilib. Məsələn, bir çox əfsanələrimizdən məlum olur ki, gecə vaxtı, ya da şər vaxtı başı açıq evdən çölə çıxan qadının başına qurd donu (dərisi) düşür. Bu qadın da olur vampir, ya da qurd. Harada əlinə heyvan, ya da adam keçdi başlayır parçalayıb yeməyə.

Beləliklə, məlum olur ki, başıaçıq, saçları görünən qadın ya daşa dönür, ya da qurda, vampirə çevrilib adam və heyvanları yeyir.

Axşamüstü qayalıqda su qırağında saçlarını darayan Lore-Ley də, qayıqçını hərfi mənada yeməsə də, rəmzi mənada onun “başını yeyir”.

Qadın saçlarına patriarxal yanaşma onları təkcə gizlətməklə kifayətlənmir, həm də qadın saçlarını əksildərək onlara ironik yanaşır: “Qadının saçı uzun, ağlı qısa olar.”

Lore-Ley, Al anası və Koroğlu

Alman alimi Annemarie Schimmel su pərilərini dağ ruhlarının şəxsləşdirilməsi hesab edir. Dağ qayalıqlarında yaşayan gözəl səsli su pərisi Lore-Ley ilə folklorumuzdakı Dağ ruhu arasında ortaq nöqtələr var.

M.Seyidov Altay dağlarına verilən adın etimologiyasını Al ilə əlaqələndirir.

Al anası, Albız, Albastı və s. sonralar qadın cinsində şərləşib demonoloji varlıq olsalar da, transformasiyaya uğrayıb kişi cinsində xeyir qüvvə olur. Al dədə (Ocağı), Al Dərviş, yaxud Koroğlunun atası Alı kişi buna misal ola bilər. M.Seyidov Koroğlu dastanında Alı kişi motivinin köklərini də Al anası isə izah edir. Alı kişinin başqa bir arxaik versiyası türk və Altay mifologiyasında dağ ruhu olan korlar tanrısının adı da Alıdır. Koroğlunun atası Alı kişi də Dağ ruhunu təmsil edir. Saxa türklərinə görə də, dağ ruhu kordur. Koroğlu dastanında Alı kişi də kor təsvir edilir. Türkmən Koroğlusunun bir variantında isə Koroğlunun anası dağdır. Azərbaycanda dağ ruhunun feminin formasına Alvız deyirlər. Su ruhu ilə bir çox ortaq cəhətə malik olan Dağ ruhu başlanğıcda feminin fiqur olub. Türkmənlərə görə Dağ ruhunun, yaxud Dağ yiyəsinin Al anası kimi sallanan döşləri var. Bəzi şaman əfsanələrində Dağ ruhu şaman olacaq namizədi əmizdirir.

Bəzi mifoloji görüşlərə görə Dağ ruhu kimisə arxadan çağıranda adam dönüb səs gələn tərəfə baxsa, ağlını itirir və dəli olub ölür. Burada gözəl səsli Lore-Leylə Dağ ruhunun səslə öldürmə motivi eynidir.

Komandin türklərinə görə Dağ yiyəsi musiqini çox sevir. Ovçular onun xoşuna gələn musiqilər ifa edəndə, o, uzun sarı saçlı gözəl qız görünüşündə gəlib ovçularla birlikdə olur.

Qədim mifopoetik düşüncədə Dağ ruhunun qəhrəmana mahnı oxumaq, aşıqlıq qabiliyyəti verdiyinə inanılırdı. Koroğlu da Dağ ruhunu simvollaşdıran Alı kişinin məsləhəti ilə Qoşabulağın suyundan içir və ona ilahi aşıqlıq və səs verilir. Dağ qayalıqları, çay qırağında oxuyan Su pərisi, ya da dağdakı bulaqdan su içib ilahi səs qabiliyyəti qazanmış qəhrəman motivlərinin kökü eyni mənbədən gəlir. Ancaq androsentrizm burada da özünü göstərir: ilahi, qeyri adi səs – qadında (Lore-Ley, Sirene, Banşe, Lobosta və b.) şər olduğu halda, kişidə (Koroğlu) xeyir məzmunludur. Üstəlik, türk xalqları üçün olduqca vacib yer tutan musiqi maskulin qüvvə ilə əlaqələndirilir. Məsələn, Dədə Qorqudla bağlı rəvayətlərin bəzilərində onu ozanların qoruyucusu, bəzilərində isə qopuzun yaradıcısı kimi görürük. Qədim türklər belə hesab edirdilər ki, xəstənin ruhu sağalmasa, bədəni sağalmaz. Sehrli gücə malik musiqi səsi (məsələn, qopuz, saz) xəstəlik yaradan şər qüvvələri qovduğuna görə, ruh sağaldıcıdır. Musiqinin nəinki insanları, hətta heyvanları da sağaltmasına inam varmış. Məsələn, Qıratın dəliliyi tutanda Koroğlu sazda çalıb-oxuyaraq onu müalicə edirmiş. Göründüyü kimi, kişilərin təmsil etdiyi musiqi – dəlini ağıllı edib sağaltdığı halda, qadınların təmsil etdiyi musiqi, məsələn, Lore-Leyin, Sirenenin və b. nəğmələri ağıllını dəli edib öldürür. Qədim türklərə görə dağ ruhunun səsinə cavab verən daşa dönür. Dağ ruhunun personlaşması olan Lore-Leyi dinləyən qayıqçı isə daşa dönməsə də həyatını itirir.

Bəs qadın səsi niyə qorxulu, hətta öldürücüdür? Növbəti yazımız bu haqda olacaq.

Ana səhifəMənim FikrimcəLore-Ley – qadın səsinin və saçlarının şeytaniliyi