Lore-Ley – qadın səsinin və saçlarının şeytaniliyi (II Yazı)

Budəfəki yazımda Lore-Leyin simasında qadın səsinin nə üçün öldürücü, təhlükəli, tovlayıcı, şeytani sayılmasının səbəbləri araşdırılacaq və aşağıdakı suallara cavab veriləcəkdir

Source:
Lore-ley
Lore-ley

Budəfəki yazımda Lore-Leyin simasında qadın səsinin nə üçün öldürücü, təhlükəli, tovlayıcı, şeytani sayılmasının səbəbləri araşdırılacaq və aşağıdakı suallara cavab veriləcəkdir:

Niyə qadın səsi, gülüşü ya ümumiyyətlə, eşidilməməli, ya da yavaşdan gəlməlidir?

Niyə qadın moizə və azan oxuya bilməz?

Niyə gəlinin səsi qaynatasının və yad kişilərin yanında eşidilməməlidir?

Niyə uca səslə gülmək və danışmaq kişilərə yaraşdırıldığı halda, qadınlarda əxlaqsızlıq və həyasızlıq əlaməti sayılır?

Niyə yüz illərlə nəğmə oxuyan qadınları dinləmək haram sayıldı, hələ də sayılır?

Niyə yüz illər boyunca səsvermədə qadınlar iştirak edə bilməzdilər?

Qadın səsinin ilahi gücü

Ana bətnində də, dünyaya gələndən sonra da insanın ilk eşitdiyi səs anasının səsidir; şəfqətli, sevgi ilə dolu, sakitləşdirici, rahatlıq verici, qoruyucu, bəzən cəzalandırıcı, qorxuducu… Hansı yaşda olsaq da, dara, çətinliyə düşəndə, ağrıyanda, qorxanda instinktiv olaraq, anamızı çağırırıq.

Şər ruhları qovan, xeyir ruhları köməyə çağıran, hərəkətə gətirən qadın səsinin ilahi gücə malik olduğuna inam bərəkət rituallarında, dini kultlarda, yas mərasimlərimdə, hətta müharibə meydanlarında belə özünü göstərirdi.

Qədim yunanlarda səs tanrısı Exo qadın cinsində təsəvvür edilirdi. Bundan başqa, Yunanıstanda, qadın səsinin güc və qələbə gətirəcəyinə inanıldığına görə ayrıca nərə qadın-tanrıları olub. Məsələn, müharibə tanrısı Polemusun Alala adlı qızı müharibə nərəsi tanrısı idi. Avropada əsgərlər döyüş vaxtı, ta bu yaxınlaradək güc və qələbə versin deyə, Alalanın adını bağırırdılar. Bizim dastanlarımızda “Ərəbzəngi nərəsi” də eyni inamla bağlıdır.

Qədim təsəvvürlərə görə şər ruhlar qadın səsindən qorxub qaçır, xeyir ruhlar isə xoşlanırdılar. Şad günlər qadınların gülüşlərinin, çoşğun bağrışmalarının, açıq-saçıq zarafatlarının, nəğmələrinin müşayiəti ilə keçirilirdisə, pis günlər də qadınların ağlaşmalarının, ağı demələrinin, uca səslə hönkürtülərinin müşayiəti ilə olurdu. Xüsusi ağıçı qadınlar həm ilahi-dini personlar üçün keçirilən kultlarda, həm də cəmiyyətin ali və adi üzvlərinin ölümü üçün keçirilən yaslarda ağı deyib ağlayardılar. Bu adət indiyədək Azərbaycanda qalır. Qadın mollanın azan oxuması, vəz verməsi haram sayıldığı halda, yas yerlərində sırf qadınları ağlatmaq üçün qadın mollalar fəaliyyət göstərirlər.

Qadın səsi, gülüşmə və ağlaşma kultları

Tarixin ən qədim zamanlarından üzübəri, yaz aylarında donmuş torpağı oyatmaq, onun tez isinib bol məhsul verməsi üçün erotik məzmunlu bərəkət və bolluq ritualları keçirilib.

Türk xalqlarında bu mərasimə Yalın (Calın) deyilirdi. Bu rituallar uca səslə gülən, qəh-qəhə çəkən, danışan, hətta bağıran, nərə çəkən, at kimi kişnəyən qadınların müşayiəti ilə baş tuturdu. Bu mərasimlərdə qadınlar səsləri, xüsusilə erotik çalarlı gülüşləri ilə ana Torpaqdakı seksual enerjini, Yalını, odu, alovu oyatmalı, həmin enerjini özlərinə çəkməli və dişi heyvanlara ötürməli idilər. Beləcə, ana Topağın verdiyi enerji doğum və bərəkəti artıracaqdı.

Qədim türklərə görə istilik və seksual enerji dişi xarakterli sayılırdı. Dilimizdə “qız” sözünün dişilik bildirməsi, həmçinin “qız”la kökü eyni olan “qızmaq” sözünün həm isinmək, həm də şəhvətlənmək mənası daşıması buna görədir. Od tanrıları, od qoruyucuları qadın cinsində göz qabağına gətirilir və Od ana adlandırılırdılar. Türk xalqlarının mifologiyasında od tanrısı Yalun xanım da Yalın mərasimi ilə birbaşa əlaqəlidir.

Qədim insanlar gülüşün doğuma, bərəkətə, məhsuldarlığa, canlıların çoxalıb törəmələrinə təsir etməsinə inanırdılar. Qız və oğlanların ərgənliyə keçid dövründə düzəldilən inisiasiya mərasimlərindən də qəhqəhəli gülüşlər eşidilirdi: onların doğub-törəmə qabiliyyətləri artsın deyə.

Yakut türklərinin inamına görə doğum tanrısı Ayısıt üçün keçirilən mərasimdə bir qadının yüksək səslə gülməsi, ya da gülüş krizinə girməsi Ayısıtın ona uşaq verəcəyinə işarə edirdi, yəni, qadın yaxın zamanlarda hamilə olacaqdı. Gülüş hamiləlik və doğum üçün təkanverici rol oynayır. Yakutlar belə hesab edirlər ki, Ayısıt (İyehsıt), eləcə də şaman, gülüşləri ilə hamilə qadına kömək edir.

Beşikdə yuxulu və ayıq ikən gülən körpələrin də gülüşü doğum tanrıları ilə əlaqələndirilib. Məsələn, belə məqamlarda inanırdılar ki, Umay körpənin yanına gəlib onu güldürür.

Ancaq bu ana-tanrıların şər versiyaları da gülüş yarada bilir, məsələn, gecəyarısı uşaq yuxuda gülürsə, bunu edənin Aleybanı (Quleybanı) olması inanılır.

Al anasının başqa forması olan Albastı sözü ruscaya “Albastıy”, “Albasta” “Lobasta”, “Lobastıy” şəklində keçib və su pərisi deməkdir. С. Bəydili yazır ki, etimologiyası slavyan dillərinə aid olmayan Lobosta – qasırğa qopan vaxtlarda qar çovğunlarında qara bulud kimi ortaya çıxıb qulaq batıran bir səslə gülməyə başlayır. Onunla qarşılaşmaq ölümlə nəticələnir.

Öldürücü gülüşü olan mifik obrazlardan biri də başqırd türklərinin mifologiyasındakı Şureledir. O, qabağına kim çıxsa, onu oynamağa çağırır. Bu təklifə uyan adamı, Şurele ölənədək qıdıqlayıb güldürür.

Qədim türklərdə musiqili, rəqsli, şeirli yuğ adlanan cənazə mərasimləri olurdu. İslamın gəlişi ilə bu mərasimlər aradan qaldırıldı. (Araşdırmaçıların fikrincə yuğ mərasiminin izləri şiəçilikdə məhərrəmlik təziyyələrində və mərsiyyə ədəbiyyatında qalıb.) Yuğçular ağı deyib ölünü urvatlandırırdılar.

Əgər ağlama, ağı və ağıçı qadınlar ölümü simvollaşdırırdısa, gülüş və gülən qadınlar doğumu simvollaşdırırdı. Bir zamanlar qadın gülüşünün ölünü diriltmək gücündə olduğuna inanılıb. Gülüş yenidəndoğumla əlaqəli olduğuna görə bəzi xalqlarda yas mərasimlərində ölünü gülüşlərin müşayəti ilə torpağa basdırma adəti olub.

Azərbaycan nağıllarında, ağlayanda yağış yağan (yazın gəlməsi, ölmüş torpağın yenidən dirilməsi kimi), güləndə güllər açan qız obrazları var.

Qadınların iştirakı ilə səsli-küylü mərasimlər Kiçik Asiyada – qədim Anadoluda, Yunanıstanda, Romada və s. mövcud olub.

Qədim Yunanıstanda, Homerin dastanlarında “gözəl saçlı şah”, “Gözəl hörüklü Demeter” təşbehləri ilə vəsf edilən bərəkət, evlilik, məhsul, əkin və torpaq tanrısı ana-tanrı Demeterə və onun qızı Persefonaya həsr edilən səkkiz böyük bayram vardı. C. Kerenyinin yazdığına görə, bu bayramların içində Tesmoforiya, Skira ve Haloya ezoterik bayramlarında yalnız qadınlar iştirak edirdilər və onların qanuni ərdə olması vacib idi. Demeterin adlarından olan Tesmoforiya – qanun qoyan, qanun daşıyan, qanun qoruyan deməkdir və burada qanun deyərkən, həm də evlilik tanrısı olan Demeterin qoyduğu evlilik qanunları nəzərdə tutulurdu. Bu bayramda ona görə də yalnız gənc qızlar və evli qadınlar iştirak edə bilərdilər. (Bura fahişələrin gəlməsi qadağan idi.) Bayramın mahiyyəti evlənmə və analığa hazırlıqla bağlı idi. Samsatlı Lukianos bu bayramda „tapıcı“, „tapan“ adlanan qadınların səs-küy salıb gurultu qoparmaqlarından danışır. Bayram boyunca qadınlar tumanlarını başlarına qaldırıb açıq-saçıq zarafatlar edir, uca səslə gülüşürdülər. Bayrama xas olan əsas kult isə bir doğuşla çox balaladığı üçün bərəkətli doğumu təmsil edən donuzların mağaralara atılıb Demeterə qurban edilməsi idi.

Qadınların təşkilatçılığı və iştirakı ilə baş tutan Haloya bayramında xəmirdən qadın və kişi orqanları formasında yeməklər hazırlanırdı. (Haloya bayramın təkcə adı deyil – halay, yallı, yalın – mahiyyəti də Yalın bayramına bənzəyir.) Qadınlar açıq-saçıq hərəkət edir, ucadan qışqırışır və gülüşür, qırmızı çaxırı su yerinə axıdır, bununla onlar torpağın bərəkətvericiliyini oyandırmağa çalışırdılar.

Qədim Yunanıstanda və Romada çaxır, çoşğunluq, həyat sevinci, mistik vəcd tanrısı Bakkos və Dionis adına keçirilən şənlik, festival və ayinlərdə də əsas olaraq qadınlar iştirak edirdilər. Kişilər qadın paltarı geyinib ora daxil ola bilərdilər. Çoşğun rəqslər, sərxoşluq, çoşdurucu musiqi, çılğınlıq, özündən getmək, erotik məzmunlu şeirlər və nəğmələr bu ayinlərin başlıca çəhətləri idi. Patriarxallığın təsiri ilə bərəkəti təmsil edən qadın simvolları aradan qalxdığına görə, bu ayinlərdə fallus formasında bişintilər hazırlanrdı. Qadınlar qorxunc bağırtılarla və gülüş səsləri ilə bir öküzü, ya da buzovu diri-diri parçalayıb yeyirdilər. Sparaqmos adlanan bu ritual ölüb-dirilən tanrı Dionisin titanlar tərəfindən parçalanıb yeyilməsini səhnələşdirirdi. (Sonralar tanrı Dionisin qanının içilib ətinin yeyilməsi simvollaşaraq xristianlığa ötürüldü: İsa – Dionisi, çörək onun ətini, qırmızı şərab isə qanını əvəzlədi.) Mütəxəssislər teatr sənətinin, xüsusən də faciə (tragediya) və komediya janrının əsasının məhz bu kult və mərasimlərdə qoyulduğunu deyirlər.

Maraqlıdır ki, gülüşlü və güldürücü mərasimlər keçirən yunan qadınları komediya janrında tamaşalara gedə bilməzdilər. Onların gülüşünü yad kişilər eşitməməli idi. Ancaq dini məzmunlu faciə tamaşaları təhlükə törətmirdi. Ağlayan qadın yəqin ki, kimsədə erotik duyğu yaratmayacaqdı… Qadın kişilərin yanında ürəyi istəyən qədər ağlaya, sızıldaya bilər. Ancaq qadının kişilərin yanında uca səslə gülməsi və danışması dərhal onun əxlaqını şübhə altına ala bilər. Bu düşüncə hələ də aktuallığını saxlayır.

Seçki və qadın səsi

Demokratiyanın beşiyi sayılan Yunanıstanda qadınların və kölələrin səs vermə haqqı yox idi.

M.İlin və E.Seqal yazırlar ki, İran şahının sarayında xidmətçilər öz dərdlərini xüsusi əl işarələri ilə bildirə bilərdilər. Onlar yalnız öz səviyyələrində olanlarla sözlü danışma haqqına sahib idilər. Yaxın və Orta Şərqin bir çox yerlərində, qadınlara qul, qulluqçu kimi baxıldığına görə, onların da danışma haqqı qısılmışdı, məsələn, qadınlar yad kişilərlə və qayınataları ilə danışa bilməz, nəyisə anlatmaq istəyəndə isə əl işarələrindən istifadə edə bilərdilər.

Patriarxallıq, xüsusilə ilk patriarxal dinlər qadın səsinə də amansız və qısqanc yanaşmışdır. Səs – şəxsiyyəti ifadə edir həm də. Qadını şəxsiyyətsizləşdirmək üçün görülən tədbirlərdən biri də onun səsinin alınması oldu. Bəzi islam ölkələrində qadınlara səs vermə haqqı lap bu yaxınlarda verilib. Qadın səsinin haram sayılmasına inam isə, hələ də davam edir. Məsələn, heç bir islam ölkəsində qadın məsciddə moizə oxuya, minbərə çıxıb azan verə bilməz. İslam ölkələrində müğənni qadınlara bəzən qeyri-ciddi baxışın bir səbəbi də – islam dininin musiqini haram saymasıyla yanaşı, üstəlik, qadın səsini də haram saymasıdır.

Qadın səsinə belə münasibət mentalitetimizdə də özünü göstərir. Hələ də ərə gedən qadınlardan ilk umulan davranış onların susmaları və ya qısıq səslə danışmalarıdır: iffətli qadının səsi eşidilməz.

Bir çox ucqar kənddə gəlinlərin qayınataları və yad kişilərlə danışmaması adəti indiyədək qalır.

Qadınların saçlarının, üz-gözlərinin çadra, hicab, burka ilə gizlədilməsi onların “şeytani güclərini” zəiflətmək üçün görülən “profilaktik tədbir” olduğu kimi, qadınların susdurulması da qadını “təhlükəsizləşdirmək” üçün düşünülüb. Buna görə də, səsləri, görünüşləri ilə kişiləri “yoldan çıxardan” qadınlar təcavüzə uğrayanda, ya da onlara yolda-izdə söz atılanda, günah qadınlarda axtarılır.

Nəhayət, qadın səsinin, qadın saçlarının və qadın gözəlliyinin fəlakət yaratması, görək, bu gözəl şeirdə necə eşidilir. Beləliklə: almancadan ana-dilimizə tərcümə etdiyim Heinrich Heinenin Lore-Ley şeiri:

Lore-Ley

Bilmirəm nə üçün kədərliyəm mən,

Görən kədərimin mənası nədir;

Bəlkə də qədimdən bu günə gələn

Başımdan çıxmayan bir əfsanədir:

***

Yenə sakit-sakit axır Reyn çayı;

Hava sərinləşib qaralmaqdadır.

Günəş axşam üstü zəif parlayır

Dağların başında saralmaqdadır.

***

Orda, yuxarıda qayalar üstə

Gözəllər gözəli bir qız oturur.

Darayır qızılı saçın ahəstə

Taxdığı zinətlər necə bərq vurur.

***

Qızıldan darağı tutub əlində

Oxuyur sehrli, gözəl səsiylə;

Nəğmələr uçuşur onun dilindən

Özünün əfsunlu melodiyasıyla.

***

Kiçik qayığında üzən qayıqçı

Əfsunlu nəğməyə yaxalanır, bax;

Gözü o gözəli gəzən qayıqçı

Qayalı sahili görməyir ancaq…

***

Bilirəm sonunu bu əhvalatın

Dalğalar udacaq o qayıqçını;

Sehrli nəğməylə bir gözəl qadın

Sonuna çatacaq o qayıqçının…

Almancası:

Ich weiß nicht, was soll es bedeuten,

Dass ich so traurig bin;

Ein Märchen aus alten Zeiten,

Das kommt mir nicht aus dem Sinn.

***

Die Luft ist kühl und es dunkelt

Und ruhig fließt der Rhein;

Der Gipfel des Berges funkelt

Im Abendsonnenschein.

***

Die schönste Jungfrau sitzet

Dort oben wunderbar,

Ihr goldnes Geschmeide blitzet,

Sie kämmt ihr goldenes Haar.

***

Sie kämmt es mit goldenem Kamme

Und singt ein Lied dabei;

Das hat eine wundersame,

Gewaltige Melodei.

***

Den Schiffer im kleinen Schiffe

Ergreift es mit wildem Weh;

Er schaut nicht die Felsenriffe,

Er schaut nur hinauf in die Höh.

***

Ich glaube, die Wellen verschlingen

Am Ende Schiffer und Kahn;

Und das hat mit ihrem Singen

Die Lore- Ley getan.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəLore-Ley – qadın səsinin və saçlarının şeytaniliyi (II Yazı)