İlham Şaban: ”Layihənin yalnız kəşfiyyat hissəsinə ən azı 100 milyon dollar vəsait yatırdılacaq”
Prezident İlham Əliyev aprelin 26-da Londona səfəri zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə
görüşüb
.
Görüşdən sonra prezidentin və Baş nazirin iştirakı ilə SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalandı.
Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıblar.
Saziş barədə SOCAR mətbuat xidmətinin yaydığı
məlumat
da bildirlib ki, sənəd Xəzərdə yeni imkanların araşdırılması üçün şərait yaradır və Azərbaycanın hasilatına uzunmüddətli töhfə vermək potensialına malikdir.
Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, imzalanan saziş bərabər və ədalətli əsaslar üzərində qurulub və Azərbaycanın təbii ehtiyatlarının ortaq şəkildə maksimum səmərə ilə reallaşdırılması istiqamətində mühüm rol oynayacaq. Cənab Dadli sazişin Azərbaycanda uzun müddətli hasilatı dəstəkləmək, SOCAR və BP-nin Xəzərdə əlavə imkanların araşdırılması məqsədi ilə yeni birgə səylərinə söykəndiyini qeyd edib.
D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok təxminən 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən BP 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.
Bundan əvvəl, 2016-cı ilin may ayında, D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdı.
BP və tərəfdaşları Azərbaycanda ilk HPBS-i SOCAR-la 1994-cü ildə Azəri, Çıraq yataqlarının və Günəşli (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin işlənməsi üçün imzalamışdır. AÇG üzrə hasilat 1997-ci ildə başlamış və həmin vaxtdan etibarən bu yataqlardan ümumilikdə 3,3 milyard bareldən artıq neft hasil edilib.
2017-ci ildə SOCAR və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən tərtib olunmuş HPBS-i imzaladılar, bununla da həmin sazişin müddəti 2049-cu ilin sonuna qədər uzadılıb.
Sənədi Meydan TV-yə şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, imzalanan əməliyyat işləri sahildən uzaqdır və dənizin dərinliyi 150 metrdən başlayır.
“Aparılan geoloji kəşfiyyat nəticəsində müəyyən edilib ki, təqribən dənizin dibindən 3 min 500 metr dərinlikdə karbohidrogen ehtiyatları tapmaq ehtimalı var. Amma bunun üçün quyu qazmaq lazımdır. Hətta heç nə aşkarlamasa da, bunun SOCAR və geoloqlar üçün əhəmiyyəti olacaq ki, son 30 ildə Xəzərin şimal hissəsi ilə bağlı daha müəfəssəl geoloji kəşfiyyat məlumatları əldə edilmiş olsun. Sonrakı mərhələlərdə onlardan daha səmərəli istifadə edilsin”.
Ekspertin sözlərinə görə, layihənin yalnız kəşfiyyat hissəsinə ən azı 100 milyon dollar vəsait yatırdılacaq.
“İndiyə qədər xarici şirkətlər hasilatın pay bölgüsü sazişi çərçivəsində kəşfiyyat işlərinə 3 mmilyard dollardan çox xərcləyiblər. Amma hamısında yataqlar aşkarlanmasa da, iş yerləri açılıb və insanlar çörək pulu qazanıb”.
Siyasi icmalçı Hikmət Hacızadə təəssüflənir ki, İlham Əliyevin London səfərinin iqtisadi tərəfləri daha çox görünür, nəinki siyasi. İnformasiya qıtlığı səbəbindən yalnız ehtimallarla danışmaq olar.
Ancaq Hikmət Hacəzadə London görüşündə siyasi məsələlərin müzakirə olunduğunu da düşünür:
“Söhbət çox güman ki, Qərbin son dövrlər İrana münasibətidir və Azərbaycan da bu dövlətin qonşuluğundadır. Əslində, siyasi məsələlər həll olunub, Qərb İranla müharibə aparmaq istəyir və ona Azərbaycan lazımdır. Qərbin burda infrastrukturu var, hava limanından istifadə imkanları var. Əgər hərbi münaqişə olsa, Azərbaycandan istifadə edəcəklər. Danışıqların bu müstəvisində insan haqları arxa plana keçir”.