Sürücünün avtomobili piyadaların üstünə qəsdən sürdüyü deyilir
Londonun şimalındakı “Finsberi Park” deyilən ərazidə yerləşən məscidin yaxınlığında piyadaların üstünə avtofurqon sürülüb.
Məlumatı TASS agentliyi yayıb.
Hadisə yerində bir nəfərin öldüyü bildirilir.
London polisi açıqlamasında bir neçə nəfərin yaralandığını və bir nəfərin həbs olunduğunu deyib:
“Həbs edilən şəxs avtomobilin sürücüsüdür”.
Hazırda polis avtomaşının piyadaların üstünə bilərəkdən sürülüb-sürülmədiyini araşdırır. Hadisə yerinə çox sayda silahlı polis gətirilib.
Britaniya Müsəlman Şurasının “Twitter”-də yayılmış bəyanatında deyilir ki, avtofurqon məsciddən, axşam namazından qayıdanların izdihamına çırpılıb.
Şuranın başçısı Harun Rəşid Xan iddia edib ki, avtofurqonun sürücüsü maşını bilərəkdən piyadaların üstünə sürüb.
Polis baş verən hadisəni “ciddi insident” adlandırıb. Xəsarət alanların dəqiq sayı barədə məlumat yoxdur.
Finsberi məscidi Londonun ən böyük məscidlərindən biridir və böyük müsəlman icmasının yaşadığı ərazidə yerləşir.
Bu məscidin adı, xüsusilə də 11 sentyabr 2001-ci il terror hücumlarından sonra radikal ideologiya ilə əlaqələndirilirdi.
Şahidlər “Sky News” və BBC telekanallarına 10 nəfərin xəsarət aldığını bildiriblər.
“Evening Standard” qəzeti yenə də şahidlərə istinadla avtofurqonun içərisində üç nəfərin olduğunu, onlardan ikisinin qaçıb aradan çıxdığını və üçüncü şəxsin ictimaiyyətin nümayəndələri tərəfindən saxlanaraq polisə təslim edildiyini xəbər verir.
Qəzet həmçinin bir nəfərin bıçaq yarası aldığını yazır.
Associated Press məlumat yayıb ki, baş nazir Tereza Mey Nazirlər Kabinetinin təcili toplantısını çağırıb.