46 yaşlı Sadiq Xan insan haqları üzrə hüquqşünasdır
Leyboristlər partiyasının təmsilçisi, Pakistan əsilli Sadiq Xan Londonun meri seçilib.
O, səslərin 44 faizini, rəqibi, mühafizəkar Zaka Qoldsmit 35 faizini qazanıb.
Sadiq Xan Londonda mer seçilən ilk müsəlman kimi tarixə düşüb.
O, 2013-cü və 2015-ci illərdə britaniyalı müsəlmanlar arasında “ilin siyasətçisi” adını qazanıb.
Sadiq Xanın seçki platformasının əsas bəndləri mənzil inşaatının, sosial sahənin inkişafı, ictimai nəqliyyatda qiymət artımının məhdudlaşdırılması və Hitrou hava limanının genişləndirilməsindən imtinadır.
46 yaşlı Sadiq Xan insan haqları üzrə hüquqşünasdır. Onun ailəsi ötən əsrin 60-cı illərindən Böyük Britaniyaya gəlib, atası avtobus sürücüsü olub.
Sadiq Xan 2008-2009-cu ildə yerli idarəetmə məsələləri üzrə dövlət naziri, 2009-2010-cu illərdə isə nəqliyyat məsələləri üzrə dövlət naziri postlarında çalışıb. Yeni mer evlidir, 2 övladı var.