Maşının sürücüsünün ifadəsindən sonra bu qənaətə gəlinib
London yaxınlığında yük maşınının arxasında ölü tapılan 39 nəfərin Çin vətəndaşı olduğu güman edilir. “Reuters” xəbər verir ki, polis cümə axşamı qətl şübhəsi ilə saxlanılan sürücünü sorğu-sual etdikdən sonra bu nəticəyə gəlib.
Polis çərşənbə günü 31 kişinin və səkkiz qadının cəsədini İngiltərə paytaxtından təqribən 32 km şərqdə Qreysdə yerləşən bir sənaye obyektində yük maşını konteynerində aşkar edib.
İllərdir qeyri-qanuni immiqrantlar Avropanın uzun və yorucu yollarından keçərək Britaniyaya çatmağa çalışırlar. Bundan öncə baş vermiş ən böyük faciə 2000-ci ildə baş vermişdi. Hadisə zamanı Dover limanında pomidor yük maşınının içində 58 çinli ölü tapılmışdı.
“İngiltərənin Essex bölgəsində 39 nəfərin ölümü ilə əlaqədar xəbərləri ürək ağrısıyla oxumuşuq”, – Çin səfirliyi verdiyi açıqlamada qeyd edib.
Essex polisi qeyd edib ki, onların prioritetlərindən biri də sorğu-sual zamanı qurbanların ləyaqətini təmin etməkdir.
“39 nəfərin hər birinin şəxsinin müəyyənləşdirilməsi üçün onların ekspertizadan keçməsi tələb olunur”, – polis açıqlamasında qeyd edib və əlavə edib ki, bu əməliyyat zaman alan prosesdir:
“Biz nəticələri dərhal ala bilmərik”.
Yük maşınının sürücüsünün 25 yaşlı Şimali İrlandiya vətəndaşı olduğu bildirilir. İndiyə qədər polis ərazidə üç əmlakı araşdırma prosesinə cəlb edib.
Araşdırma ilə tanış bir mənbə sürücünü Britaniya əyalətinin Portadown ərazisindən olan Mo Robinson adlandırıb.
Yük maşını 2000-ci ildə baş verdiyi kimi Essex-dəki Purfleet limanına gəlib. Ondan öncə isə yüş maşını Zeebrugge adlı Belçika limanından keçib.
Ölkənin Milli Cinayət İdarəsi axtarışlara cəlb olunduğunu qeyd edib və əlavə edib ki, cinayətə hər hansı bir cinayət qrupun daxil olub olmadığını araşdırır.
İnsan alveri ilə bağlı Britaniya polisinin sözcüsü Şan Soya (Shaun Sawyer) deyib ki, minlərlə insan Böyük Britaniyaya illeqal şəkildə daxil olur. O qeyd edib ki, Britaniya insan alverçiləri üçün asan çatıla bilən nöqtə olaraq qəbul edilir.
“Sən Böyük Briyaniynı qalaya çevirə bilmərzən. Biz qəbul etməliyik ki, bizim sərhədlərimiz açıqdır”, – o, BBC radioya bildirib.
“Road Haulage Association”-ın rəhbəri bildirib ki, insan alverçilərinə qarşı mübarizədə Avropa millətləriylə birlikdə əməkdaşlıq önəmlidir, baxmayaraq ki, bu, Britaniyanın Avropa Birliyindən çıxmasından sonra kifayət qədər çətinləşə bilər.
“Təhlükəsizlik və Avropa daxilində nəqliyyat vasitələrinin qorunması baxımından əslində kifayət qədər tədbirlər görülməyib”, – Richard Burnett BBC TV-ə bildirib.