Sərnişin 3 manat ödəməklə bu taksidə 3 kilometr məsafə gedə bilər
Sentyabrın 28-dən London taksilərindən istifadə etmək istəyən sərnişinlər 2 manat deyil, 3 manat ödəməli olacaqlar.
Məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı yayıb.
Onun sözlərinə görə, qiymət artımı bütün London taksilərinə şamil olunmur. Dəyişiklik yalnız üzərində sarı xətt olanlara aiddir. Qiymət artımına səbəb üzərində sarı xətt olan taksilərin daha komfortlu olmasıdır:
“Yeni London taksilərinin üzərində sarı xətt var. Məhz həmin taksilərdə gediş haqqının artırılması tətbiq olunmağa başlayıb. Bu barədə taksinin şüşəsində də elan yazılıb (0-3 km – 3 manat). Sərnişin 3 manat ödəməklə bu taksidə 3 kilometr məsafə gedə bilər. 3 kilometrdən sonra 10 kilometrə qədər hər kilometr üçün 70 qəpik, 10 kilometrdən sonra hər kilometr üçün 40 qəpik ödəməlidir.
3 manat sərnişinlərə çox görünə bilər. Amma nəzərə almaq lazımdır ki, digər taksi xidmətlərində sayğac 1 manat yazsa belə, sərnişin 3 km üçün 3 manat 10 qəpik ödəyir”.
axar.az