“Lökbatan dairəsində keçid ləğv olunub, çaşqınlıq yaranıb”

Fotolar: Meydan TV

DYP isə xaotik vəziyyətin aradan qaldırıldığını deyir

Qaradağ rayonu, “Lökbatan dairəsi” kimi tanınan ərazidə ay ərzində bir neçə dəfə qəza baş verir. Çünki yol düzgün işıqlandırılmır, yolun əsas hissəsini taksilər tutur, piyadalar haradan gəldi keçirlər”.

“Binə” Ticarət Mərkəzindəki mağazalardan birincə çalışan Fərid Aliyev belə deyir. O, hər gün işə gedib-gələrkən sözügedən yoldan istifadə edir. Deyir ki, xüsusilə axşamlar yol təhlükəli olur.

“Dairənin yaxınlığındakı piyada keçidinin biri bu yaxınlarda ləğv edilib. Keçid rənglənsə də, tam silinmədiyindən çaşqınlıq yaradır. Piyadalar səddi keçərək oradan keçirlər və qəza şəraiti yaranır”, – hər gün Lökbatan dairəsində dayanan taksi sürücülərindən biri Meydan TV-yə danışıb.

Alıyev isə bildirib ki, piyada zolağını silmədən piyadalar keçidin ləğv edildiyini bilməyəcəklər. Onun sözlərinə görə, taksilər də bir tərəfdən yolu daraldır, günün pik saatlarında yolda tıxac yaranır. Buna görə də hər gün mübahisələr, bəzən davalar olur:

“Maraqlıdır ki, yol polisi əməkdaşları da bəzən davaların, mübahisələrin şahidi olurlar. Amma nə piyadalara, nə də taksi sürücülərinə irad bildirilir. Axı piyadaların vurulması ilə nəticələnən qəzada çox zaman hər iki tərəf günahkar olur”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin açıqlamasında da deyilir ki, Lökbatan” dairəsi sərnişin axınının intensiv olduğu ərazilərdəndir. Buradan ölkənin müxtəlif şəhər və rayonlarına həm avtobuslar, həm də taksilərlə sərnişindaşıma həyata keçirilir. Sərnişinlərin avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanması, nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti isə günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olur.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birgə ərazidə xaotik vəziyyətə son qoymaq məqsədilə tədbirlər həyata keçiriblər. Nəticədə Lökbatan dairəsində inşa edilən Bakı Cənub Avtostansiyası işlək vəziyyətə gətirilib.

“Hazırda avtobuslar avtostansiyaya cəlb edilir. Ləğv edilmiş keçidin yaxınlığında keçid var”, – məlumatda deyilir.

Ana səhifəSosial“Lökbatan dairəsində keçid ləğv olunub, çaşqınlıq yaranıb”