L.N. Tolstoy: Patriotizm və hakimiyyət

Adama elə gəlir, patriotizmin yamanlıqların qaynağı və ağılsızlıq olduğu gərək bütün sağlam düşüncəli insanlar üçün aydın olsun

Mənbə: “Lenta.ru”
Lev Tolstoy
Lev Tolstoy


Adama elə gəlir, patriotizmin yamanlıqların qaynağı və ağılsızlıq olduğu gərək bütün sağlam düşüncəli  insanlar üçün aydın olsun

Bu sözümü artıq bir neçə dəfə dilə gətirmişəm: patriotizm yaşadığımız çağın qeyri-təbii, ağılsız, ziyanlı bir özəlliyidir və o, bugünümüzdə insanlığa ağrı-acılar yaşadan bir gerçəkliyə çevrilmişdir, mən bugün insanlığın patriotizm ruhunda tərbiyə olunmasına qarşıyam və bu duyğunun bütün mümkün olan yollarla sıxışdırılıb aradan qaldırılmalı olduğunu doğru sayıram. Ancaq çox qəribədir, xalqı kütləvi silahlanma və sarsıdıcı müharibələrlə üzüb əldən salmağa gətirib çıxaran bu duyğunun yaramazlığı açıq-aydın görünsə də, patriotizmin–geriçi, vaxtı keçmiş və ziyanlı bir insani özəllik olması ilə bağlı irəli sürdüyüm bütün dəlillər indiyədək ya susqunluqla, ya da bilərəkdən olan bir anlamazlıqla qarşılanmışdır, yaxud da bununla bağlı yalnız biri-birinə oxşar olan etirazlar eşitmişəm: deyirlər, yalnız ağılsız vətənpərvərlik, cinqoizm (aşırı milliyətçilik), şovinizm ziyanlıdır, yaxşı və əsl patriotizm isə çox yüksək mənəvi dəyərlərdən qaynaqlanan duyğudur və onu danmaq, yaxud da pisləmək təkcə elə ağılsızlıq deyil, həm də cinayətdir. Ancaq bu sözləri deyənlərdən əsl və yaxşı patriotizmin nə demək olduğunu soruşanda onlar ya susurlar, ya da bu sorğuya aydınlıq gətirmək yerinə çoxsaylı şişirdilmiş və bəzəkli sözlərlə baş qatmağa çalışırlar, yaxud da bizim hamımızın nə olduğunu yaxşı bildiyimiz və amansız ağrı-acılarına dönə-dönə tuş olduğumuz bu patriotizmin yerinə, onunla heç bir bağlılığı olmayan hansısa anlaşılmazlığı mənə sırımağa çalışırlar.

Patriotizmə arxa durmaq istəyənlər adətən belə deyirlər: əsl, yaxşı patriotizm, başqa xalqların pisliyini istəmədən, öz xalqı və dövləti üçün ən yaxşı şeyləri arzulamaqdır.

Bugünlərdə bir ingilislə indiki müharibədən danışarkən mən ona dedim: bu müharibənin başlıca səbəbi heç də adətən göstərildiyi kimi eqoist məqsədlər deyil, bütün ingilis toplumunun yoluxduğu patriotizm ovqatıdır. İngilis mənimlə razışlamayıb dedi: sizin dediyiniz kimidirsə, onda indi ingilisləri ilhamlandıran bu patriotizm ağılsız patriotizmdir; yaxşı patriotizm isə mənim yurddaşlarım olan ingilislərə bütün ağılısızlıqlardan çəkinməyi aşılayır.


–Siz ingilislərdən başqa yerdə qalan xalqların da ağılsızlıqlardan çəkinməsini istəməzdinizmi? – deyə, mən ondan soruşdum.


–Mən bunu bütün xalqlara arzulayıram! – deyə o cavab verdi, ancaq o, bu cavabı ilə özü-öz dediyini danmış olurdu, axı gerçək yaxşılıqların mənəvi, elmi, praktiki, lap texniki dəyərlər olmasından asılı olmayaraq, onların bütün insanlığın arasında yayılmasını arzu eləmək doğrudursa, onda bu artıq patriotizm deyil, onun inkarı deməkdir.

Eləcə də, patriotizmin qorucularının bilərəkdən başqa xalqlara sırımaq istədikləri özəlliklər də patriotizm sayıla bilməz. Onlar öz düşüncələrini belə doğrultmağa çalışırlar: hər bir xalqın özünəməxsus xüsusiyyətləri bütövlükdə insanlığın tərəqqisini şərtləndirən zəruri amillərdir və ona görə də, patriotizm xalqları tərəqqiyə aparan bu özünəməxsusluqları saxlamağa çalışdığı üçün çox yaxşı və yararlı bir duyğudur. Yəni doğrudanmı aydın deyildir: xalqların adətləri, inancları, dilləri haçansa insanlığın yaşaya bilməsi üçün zəruri amillər idisə, indi də bu özünəməxsusluqlar insanların anlamağa başladıqları: bütün xalqların qardaşlaşması, biri-birinə qovuşması idealının qarşısını alan maneəyə çevrilir? Elə buna görə də, rus, alman, fransız, ingilis xalqlarının özünəməxsusluqlarını qorumağa çalışması, yalnız macar, polyak, irland xalqlarının da özünəməxsusluğunu qorumağa canatmasına gətirib çıxarmır, habelə bu proses bask, provansal, mordva, çuvaş və bir çox başqa xalqlarında arasında yayılmağa başlayır və insanları yaxınlaşdırmaq, birləşdirmək yerinə onları getdikcə daha çox biri-birindən uzaqlaşdırır, yadlaşdırır və ayırır.

Beləliklə də, uydurulan yox, gerçək patriotizm, yəni bizim tanıdığımız patriotizm, indiki çağımızda, insanların böyük çoxluğunu öz təsiri altına salan bir duyğu olmaqla insanlığı çox ağır əzablara salmaqdadır və o, öz xalqına mənəvi özəlliklər diləmək kimi də dəyərləndirilə bilməz (axı yalnız öz xalqına mənəvi özəlliklər diləmək istəyi doğru yanaşma deyildir), habelə xalqların özünəməxsusluğu da sayıla bilməz (axı özünəməxsusluq bir özəllikdir, duyğu deyildir)–bir sözlə, bu patriotizm, açıq-aydın göründüyü kimi, öz xalqını və dövlətini bütün başqa xalq və dövlətlərdən üstün tutmaqdır, yaxud da, öz xalqı və dövləti üçün ən yüksək dolanışıq və güc arzulamaqdır, bu isə başqa xalq və dövlətlərin dolanışıq və güclərinə ziyan vurmadan başa gələn bir iş deyildir.

Açıq-aydın göründüyü kimi, patriotozm çox zərərli və yaramaz bir duyğudur; o, elə bir təlim kimi də, olduqca böyük anlamazlıq sayılmalıdır, axı bu təlimə arxalanan hər bir xalq və dövlət özünü bütün başqa xalq və dövlətlərdən üstün sayacaqsa, onda bu təlimə inanıb yaşayan xalqlar və dövlətlər hamısı doğru yoldan azıb kobud və ziyanlı sonuclara aparıb çıxaracaq bir yola düşəcəklər.

II

Adama elə gəlir, patriotizmin yamanlıqların qaynağı və ağılsızlıq olduğu gərək bütün sağlam düşüncəli  insanlar üçün aydın olsun. Ancaq çox təəcüblüdür, oxumuş və ağıllı insanlar bunu nəinki özləri görə bilmir, üstəlik, çox böyük tərslik və qızğınlıqla–sözsüz, heç bir əqli dəlilə əsaslanmadan–patriotizmin yamanlıq və ağılsızlıq olması ilə bağlı deyilənləri danmağa çalışırlar və onun yaxşı və üstün bir duyğu olduğunu deyib onu öyməyə davam eləyirlər.

Bu nə üçün belədir?

Görünür, bu əcaib olaya aydınlıq gətirmək də mənim burada görməli olduğum işlərdən biri olacaqdır. İnsanlığın çox-çox keçmişlərdən başlayaraq, bugünədək gəlib çıxan tarixinə, ayrıca götürülmüş insanların və birtürlü insanlar topluğunun–aşağı səviyyəli ideyalardan yüksək ideyalara doğru inkişafı kimi də baxmaq olar.

Ayrı-ayrı insanların, eləcə də bu birtürlü insanlar topluğunun keçdiyi yolu pillələrlə qalxmağa da bənzətmək olar və bu pillələrin ən aşağısında insanın heyvanlarla bir səviyyədə olduğu dönəm dayanırsa da, onun ən yüksək pillələrini, indiki tarixi dönəmdə, insanların şüurca yüksəlişi ilə bağlamaq olar.

Ayrıca götürülmüş hər bir insan, habelə, xalq və dövləti təmsil eləyən birtürlü insanlar topluğu həmişə bu dediyimiz pillələrlə yuxarı qalxmışdır. Bu irəliləyişin gedişində insanlığın bir hissəsi daha yuxarı pillələrə qalxır, bir başqaları çox geridə qalır, çoxluqda qalan üçüncülər isə ortada addımlayırlar. Ancaq hansı pillədə dayanmasından asılı olmayaraq, onların hamısı qaçılmaz olaraq və dayanmadan aşağı səviyyəli ideyalardan daha yüksək ideyalara doğru irəliləyirlər. Eləcə də həmişə, bütün dönəmlərdə, istər ayrıca götürülmüş insanlar, istərsə də bu, birtürlü insanlar topluğu olsun, onlar irəlidə, ortada və arxada gəlməklə bağlı olaraq, hansısa bir ideyanın üçpilləliyini doğuraraq, bu pillələrdən birini keçməkdə olurlar.

Həmişə istər ayrıca götürülmüş, istərsə də birtürlü  topluq yaratmış insanlar üçün artıq keçmişdə qalmış, öz ömrünü başa vurmuş və yadlaşmış olan ideyalar da olur və insanlar bir də bu ideyalara qayıda bilmirlər, örnək üçün, bizim yaşadığımız xristian dünyasında–insan əti yemək, kütləvi talançılıq, qızqaçırma, habelə, bunun kimi ideyalar indi yalnız xatirələrə çevrilərək yaşamaqdadır; bir də var çağdaş ideyalar və bunlar insanlara tərbiyə yolu ilə aşılanır, onlar bugünümüzdə, yanyörədə bu ideyaya bağlı olan çoxluğun örnəyində öz yerlərini bərkidirlər, bunlara örnək olaraq: xüsusu mülkiyyətin toxunulmazlığı, dövlət quruluşu, ticarət, ev heyvanlarından yararlanmaq kimi ideyaları göstərmək olar. Bundan başqa, gələcəyin ideyaları da vardır və onlardan bir çoxu indi gerçəkləşməyə çox yaxındır və getdicə daha çoxsaylı insanların öz yaşamlarını bu ideyalara uyğunlaşdırıb dəyişdirməsini zəruri eləyir, çağdaş günümüzdəki: fəhlə sinfinə azadlıqlar verilməsi, qadınların hüquq bərabərliyinə çatması, ət yeyilməsinin aradan qaldırılması və bu kimi başqa ideyalar insanlar tərəfindən dərk olunsalar da, ancaq bütün bu ideyalar, indilikdə, keçmişdən qalma yaşam formaları ilə kəskin savaş dönəminə keçməmişlər.

Bugünümüzdəki ideyaların irəli sürdüyü ideallar isə belə səslənir: zorakılıq aradan qaldırılsın, mülkiyyət ümumiləşdirilsin, insanlar vahid bir dini inanca gəlsinlər, insanlar bütünlüklə qardaşlaşsınlar.

Buna görə də, istənilən insan və istənilən birtürlü insanlar topluğu hansı pillədə dayanmasından asılı olmayaraq, özündən arxada: yaşanmış keçmişlə bağlı xatirələri, öndə isə: gələcəyin idealı olmaqla–həmişə bugünün yaşanmış və vaxtı keçmiş ideyaları ilə bugünə sirayət eləyən gələcəyin ideallarının savaşı arasında olur. Adətən belə də olur: keçmişdə yararlı, hətta zəruri olan bir ideya indi yararsız və artıq bir yükə çevrilir, habelə, ya qısa, ya da uzun çəkən bir savaşdan sonra bu ideya öz yerini yeni bir ideyaya verməli olur və bu yeni ideya artıq bugünün ideyasına çevrilir.

Ancaq bir də görürsən belə də olur: ömrünü başa vurub insanların şüurunda yenisi ilə əvəz olunmağa başlayan köhnə ideyanın aradan qalxmaması, öz təsirini saxlaması, toplumda yüksək nüfuz yiyəsi olan kimsələr üçün yararlı olur. Bu durumda, vaxtı keçmiş ideya yaşamın quruluşunda baş vermiş münasibətlər sistemi ilə kəskin uyuşmazlıq yaratmasına baxmayaraq, insanların düşüncələrinə və davranışlarına təsir eləməkdə davam eləyir. Vaxtı keçmiş ideyaların aradan qalxmasının ləngiməsi dini oblastda özünü daha çox göstərməkdədir. Bunun başlıca səbəbi isə, vaxtı keçmiş bu dini ideyaların öz yararlarına işlədiyini anlayan ruhanilərin, əllərində toplaya bildikləri hakimiyyətdən yararlanaraq, insanların düşüncələrini bilərəkdən bu vaxtı keçmiş ideyalara bağlayıb saxlamasıdır.

Dövlətçiliyin yer aldığı oblastda, patriotizmlə bağlı da, elə bu səbəbdən, belə bir durum yaradılır və demək olar, hakimiyyətlərin hamısı bundan eyni dərəcədə yararlanmağa çalışırlar. Heç bir anlamı, yararı qalmamış bu ideyanı ondan xeyir götürə bilən insanlar süni surətdə yaşatmağa çalışırlar. İnsanlar üzərində çox böyük təsir imkanlarına yiyələndikləri üçün də onlar demək olar həmişə bunu bacarırlar.

Ona görə də, mən bu çox əcaib ziddiyətə aydınlıq gətirmək istəyirəm, bu ziddiyət isə çağdaş günümüzdə xristian dünyasının şüurunda oturuşmağa başlayan yeni ideyalarla, vaxtı keçmiş patriotizm ideyasının qarşıdurmasından yaranmışdır.

III

Patriotizm, yalnız və yalnız öz xalqını sevmək duyğusudur və o bir təlimə çevrilərək, insanlara öz dincliyini, əmlakını, hətta ömrünü qurban vermək bahasına olsa belə, zəifləri güclü düşmənin basqısından və zorakılığından qorumaq özəlliyini aşılamışdır, habelə, o, istənilən bir xalqın özünün xeyri və qüdrəti üçün başqa xalqlardan olan insanları əzməsinin və talamasının mümkün və ədalətli sayıldığı çağların yüksək ideyası olmuşdur; ancaq təxminən

2000 il bundan öncələrdən başlayaraq, insanlığın içində yetişmiş müdrik kimsələr insanların hamılıqla qardaş olması kimi yüksək bir ideyanı anlamağa başlamışlar və bu ideya getdikcə daha çox şüurlarda özünə yer eləyərək çağdaş günümüzdə ən müxtəlif formalarda özünü gerçəkləşdirməyə başlamışdır. Məlumatların daha asan yollarla və yeyinliklə yayılmağa başlaması, vahid sənaye, ticarət, incəsənət və bilik şəbəkəsinin yaranması ilə, bugünkü insanlıq çox sıx tellərlə biri-birinə bağlandığından, indi qonşu xalqlar tərəfindən baş verə biləcək gözlənilməz, basqınların, qanlı savaşların, zorakılıqların olması qorxusu büsbütün aradan qalxmışdır və bütün xalqlar (mən burada hökümətlərdən yox, yalnız xalqalardan danışıram!) barış içində yaşayır, biri-biri üçün qarşılıqlı yararlığa əsaslanan ticarət, sənaye və elmi aldım-verdim ilişkiləri saxlayır və bu ilişkilərin pozulmasının onlar üçün heç bir anlamı və səbəbi də yoxdur. Buna görə də, insanların şüuruna hopmuş bu, bütün xalqların qardaşlığı ideyasının yayılması ilə, vaxtı keçmiş patriotizm duyğusunun artıq bir şeyə çevriləcəyini və tədricən büsbütün yox olacağını düşünmək olardı. Ancaq bəlli olduğu kimi, indi bunun büsbütün əksi baş verir: bu ziyanlı və vaxtı keçmiş duyğu nəinki qalmaqda davam eləyir, hətta getdikcə daha çox qızışmağa başlayır.

Xalqlar heç bir ağlabatan məntiqə əsaslanmadan, öz şüurlarının və yararlarının əksinə gedərək, nəinki öz hakimiyyətlərinin başqa xalqların üzərinə basqın eləməsini, özgə torpaqlarını mənimsəməsini və bütün bunları zor işlədərək davam elətdirməsini bəyənir və dəstəkləyir, habelə, onlar belə basqınları özləri də öz hakimiyyətlərindən tələb eləyir və bütün bu baş verən zorakılıqlara sevinir, onlarla öyünürlər. Böyük dövlətlərin basqısı altına düşmüş polyaklar, irlandlar, çexlər, finlər, ermənilər kimi azsaylı xalqlar da onları əsarətə salan xalqların patriotizmindən qıcıqlanaraq, özləri də, bu, xalqları əzmək vasitəsinə çevrilmiş, vaxtı keçmiş, gərəksiz, anlamsız və ziyanlı patriotizm duyğusuna qapılmışlar və özlərindən güclü olan xalqların patriotizmindən zərər çəkən bu kiçik xalqlar da, gücləri çatan başqa xalqlara qarşı, eyni ilə onları basqıda saxlayan xalqların patriotizmi tərzində davranmağa hazırdırlar.

Bunun başvermə səbəbi isə, hakimiyyətdə olan siniflərin (bu ad altında heç də hökumət və onun məmurları anlaşılmamalıdır, toplumda çox mənfəətli mövqelər tutan: kapitalistlər, jurnalistlər, yaradıcılıqla və elmlə məşğul olan adamların çoxu da bu sıradandır) özlərinin xalqla müqayisədə çox yararlı olan mövqelərini qoruyub saxlaya bilmələri üçün patriotizmin köməyi ilə qorunan mövcud dövlət quruluşunu nəyin bahasına olursa olsun, yaşatmağa cəhd eləmələridir. Əllərində xalqa təsir eləyə bilməyin çox güclü vasitələri olan bu siniflər, özlərində və başqalarında, arası kəsilmədən, patriotizm duyğularını alovlandırırlar, axı dövlət hakimiyyətinin qorunub saxlanması üçün çox gərəkli olan bu duyğunun yaşamasından ən böyük mükafatı da elə hakimiyyət özü alır.

İstənilən məmur daha çox patriot olduqca daha da yüksək mənsəb qazana bilir; eləcə də, hərbçilər yalnız patriotizmin doğura bildiyi müharibələrdə öz karyeralarını artıra bilirlər.

Patriotizm və onun doğurduğu sonuc olan müharibə qəzetçilərə və o sıradan bütün alverçilərə də çox böyük qazanclar gətirir. İstənilən yazıçı, müəllim, professor nə qədər çox patriotizmi təbliğ elyirsə, o qədər də çox öz dolanışığını yaxşılaşdıra bilir. İstənilən imperator, kral, özünün patriotizmə bağlı olduğunu daha çox gözə çarpdırdıqca, daha böyük şöhrət qazanır.

Hakimiyyətdə olan siniflərin bu işi gerçəkləşdirmək üçün əllərində ordu, pul, məktəb, din, mətbuat kimi çox güclü vasitələri vardır. Məktəblərdə onlar tarix dərsinin köməyi ilə uşaqlarda patriotizm duyğusunu alovlandırırlar, burada uşaqlara onların mənsub olduqları xalqın bütün başqa xalqlardan yaxşı və bütün gördüyü işlərdə həmişə haqlı olduğu aşılanır; yaşlı insanlarda isə bu duyğunu müxtəlif tamaşalarla, təntənəli mərasimlərlə, tarixi abidələrlə, patriotizm duyğusunu körükləyən yalançı mətbuatla qızışdırırlar; ən başlıcası isə, başqa xalqlara qarşı çoxsaylı ədalətsizliklər və amansızlıqlar eləyən hakimiyyət bu xalqlarda öz xalqına qarşı yağılıq duyğusu yaradır, sonra isə onların bu yağılıq duyğusundan öz xalqını, bu xalqlarla yağılaşdırmaq üçün yararlanır.

Bu qorxunc patriotizm duyğusunun qızışdırılması Avropa ölkələrinin xalqları arasında çox böyük bir sürətlə artaraq yayılmış və bizim günlərdə artıq gəlib dözülməz bir həddə çatmışdır.

IV

Hamının, o sıradan bugünümüzdə yaşayan çox da yaşlı olmayan adamların da yaddaşında yaşayan bir hadisəni xatırlatmaq istəyirəm, bu hadisənin gedişində xristian dünyasının adamları, patriotizm vasitəsi ilə, ağılsızlıq olduğu açıq-aydın görünən bir avantyuraya  sürüklənmişdilər.

Almaniyanın hakim sinifləri xalq kütləsinin patriotizm duyğularını ən yüksək həddə qədər qızışdırandan sonra, XIX yüzilliyin ikinci yarısında ölkənin bütün adamlarının əsgər sayılması ilə bağlı qanun qəbul eləmişdilər; bütün oğlan uşaqları, kişilər, atalar, alimlər, ruhanilər insan öldürməyi öyrənməli və ölkə başçısının sadiq qullarına çevrilməli, onun buyurduğu adamları öldürməli idilər, indiyədək hakimiyyət sürmüş hökmdarların ən həyasızlarından biri olan II Vilhelm bununla bağlı deyirdi: hakimiyyətin əmr elədiyi təqdirdə alman patriotu öz dövlətinin basqın elədiyi ölkələrin xalqlarını, öz haqlarını qorumaq üçün qalxışan alman fəhlələrini, hətta, doğma atalarını və qardaşlarını öldürməkdən belə çəkinməməlidirlər.

Necə dəhşətli görünsə də, insanların bütün yaxşı duyğularını kobudcasına alçaldan bu buyuruqlar patriotizmin təsiri altında Alman xalqı tərəfindən tərəddüdsüz olaraq qəbul olundu. Bunun nəticəsi olaraq Almaniya Fransa üzərində qələbə çaldı. Bu qələbə Almaniyada patriotizmi biraz da qızışdırdı, sonra isə baş verənlərin təsirindən Fransada, Rusiyada, habelə, başqa ölkələrdə də patriotizm alovlanmağa başladı və Avropada yerləşən dövlətlərdə yaşayan bütün insanlar, insanın kölələşdirilməsi demək olan hərbi mükələfiyyətə danışıqsız boyun əydilər və insanların bu yeni köləliklə alçaldılması və iradəsizləşdirilməsini heç uzaq tarixi keçmişlərin köləlikləri ilə də müqayisə etmək mümkün deyildir. Kütlənin patriotizm adı ilə ona sırınan bu köləliyə boyun əyməsindən sonra, hakimiyyətin həyasızlığı, amansızlığı və axmaqlığı daha heç bir sərhəd tanımamağa başladı. Beləliklə də, biri hansısa şıltaqlıqdan, o biri ötkəmlikdən, bir başqası eqoizmdən doğan yaramazlıqlar baş qaldırmağa başladı, bu isə özünü Asiyada, Afrikada, Amerikada, getdikcə daha çox torpaqları zəbt eləməkdə, habelə hakimiyyətlərin biri-birinə qarşı getdikcə artan inamsızlığında və qarşılıqlı olaraq yamanlığa əl atmalarında özünü göstərməyə başladı.

Ələ keçirilən torpaqlarda yerli xalqların qırılıb tükədilməsinə artıq təbii bir proses kimi baxmağa başladılar. Burada başlıca problem isə, başqalarının torpaqlarını birinci kimin ələ keçirib buradakı xalqları kimin birinci yer üzərindən silib atması oldu.

Bütün bu hakimiyyətlər yalnız elə köləyə çevirdikləri başqa xalqlara və biri-birinə qarşı ədalətliyin ən ilkin tələblərini pozmaqla qalmadılar, bundan başqa da, öz fəaliyyətlərində yalanın, fırıldaqçılığın, satqınlığın, aldadıb tələyə salmağın, çuğulluğun, talanın, kütləvi insan qırğınlarının bütün mümkün formalarından da yararlanmağa başladılar və bu hakimiyyətləri yaradan xalqlar nəinki başları üstündə duran bu hakimiyyətlərə acıqlanıb, onların incitdikləri başqa xalqların durumuna acıdılar, əksinə, bütün bu yamanlıqları və cinayətləri başqa dövlətlərin deyil, öz dövlətlərinin eləyə bilməsinə görə öyünüb, onların bu işlərindən sevinc duymağa başladılar. Xalqların və dövlətlərin bu qarşılıqlı yağılığı ağlagəlməz dərəcədə artıb son həddə gəlib çıxdığından, indi artıq bir dövlətin başqasına basqın eləməsinə hansısa bir səbəb olmadığı bir durumda da, bütün bu dövlətlər biri-birinə qarşı iti caynaqlarını və qıcanmış dişlərini hazır saxlayaraq dayanırlar və qarşılarındakı dövlətlərdən hansısa birinin fəlakətlə üzləşib zəifləməsini gözləyir, onlara basqın eləmək daha az qorxulu olanda isə yağılıq eədikləri dövlətlərin üzərinə yeriyib onları didib-parçalamaq fürsətini əldən qaçırmırlar.

Xristian dünyası adlanan dövlətlərin xalqları onlara aşılanan patriotizmin qızışdırılması ilə yırtıcılığın və vəhşiliyin çox yüksək həddinə gətirildiyindən, indi təkcə vəzifəsi ölüb-öldürmək olan insanlar gördükləri bu yaramazlıqlara görə sevinmirlər, habelə, onların Avropadakı dinclik və barış içində yaşayan həmvətənləri də, bugünümüzdə məlumatların tez yayılmasının mümkünlüyünə görə, baş verən bu qanlı olayları və ölüm-itimləri keçmiş Roma sirkinin tamaşaçıları kimi, böyük bir sevinc içində izləyir və gördükləri qanlı tamaşadan çılğınlaşıb qışqırırlar: “Pollice verso!” (latıncada: “işini bitir, öldür getsin” anlamındadır”)

Təkcə böyüklər deyil, uşaqlar da, bu təmiz və müdrik varlıqlar da artıq mənsub olduqları xalqların ziyanlı adətlərinə qapılaraq, yeni tətbiq olunan liddit mərmilərinin 700 yox, 1000 ingilisi öldürə bildiyini eşidəndə buna ürəkdən sevinirlər.

Onların ata-anaları da, mən belələrini şəxsən tanıyıram, uşaqlarda yaranmaqda olan bu vəhşiliyi biraz da gücləndirməyə çalışırlar.

Hələ bu da az imiş. Bir dövlətin öz qoşunlarının sayını artırması (patriotizmin başqa dövlətlər və xalqlar arasında getdikcə daha da artmasına görə, qorxu içində yaşayan istənilən dövlət ordusunun sayını artırmağa çalışmaya bilməz) onun qonşuluğundakı, patriotizmin hökm sürdüyü, başqa dövləti də öz qoşunlarının sayını artırmağa sürükləyir, bu isə, silahlarını artırmağa birinci başlayan dövləti qoşunlarının sayını daha da artırmağa təhrik eləyir.

Qalalar tikilməsi, donanma qurulması da bunun kimi: bir dövlət 10 zirehli hərbi gəmi düzəldir, qonşusu ona baxıb bunlardan 11-ni düzəldir; onda birinci dövlət zirehli gəmilərinin sayını 12-yə çatdırır və beləliklə də, sonu görünməyən bir silahlanma yarışı başlayır.

–“Mən indi səni cırmaqlayaram”. –“Mən isə səni yumruqlayaram”. –“Mən isə səni qamçılayaram”. –“Mən səni çomaqlayaram”. –“Mən də səni tüfəng ilə”… Yalnız pis tərbiyə görmüş uşaqlar, içkili adamlar və heyvanlar beləcə boğuşurlar, indi isə belə sözləşmə və savaşmalar öz təbəələrinin tərbiyəsi və mənəvi inkişafı ilə məşğul olduğunu deyən ən qabaqcıl və maarifpərvər sayılan dövlətlərin başında dayanan adamların arasında baş verir.

V

Durum isə dayanmadan pisləşir və bu, insanları açıq-aydın fəlakət və qırğınlara sürükləyən prosesin dayandırılması mümkünsüz görünür. Durumun yaxşılaşacığına inanan sadəlövh insanların son ümidini də bu günlərdə baş verən bir olay puç elədi; mən bu yaxınlarda barış yaratmaq üçün çağırılmış Haaqa konfransını nəzərdə tuturam, ancaq yazıqlar olsun, bu konfrans qurtarar-qurtarmaz İngiltərə ilə Transvaal arasında qanlı savaşlar başladı (Transvaal, indiki Cənubi Afrika Respublikasının keçmiş adıdır).

Dardüşüncəli və olaylara üzdən yanaşan insanlar hələ bugünə kimi də, ümumdünya məhkəməsinin müharibə fəlakətini və getdikcə artan silahlanmanı dayandıra biləcəyinə inanmaqla özlərini ovundura bilirdilərsə, ancaq Haaqa konfransından az sonra qızışan müharibə problemlərin bu yolla aradan qaldırıla bilməyəcəyini açıq-aydın şəkildə göstərmiş oldu. Haaqa konfransından sonra bu da bütün aydınlığı ilə görünməkdədir: haçanacan əlinin altında ordu olan hakimiyyətlər qalacaqsa, oçağacan da silahlanmanı və müharibələri dayandırmaq mümkün olmayacaqdır. Hər hansı bir anlaşmaya gəlmək üçün gərək anlaşmaq istəyən tərəflər biri-birinə inansınlar. Dövlətlərin biri-birinə inanması üçün, onlar gərək hamılıqla silahı yerə qoysunlar, bunun bir örnəyini, müharibəni qurtarmaq üçün sülh danışıqları aparan nümayəndələrin danışıq yerinə silahsız olaraq gəlmələrində görmək mümkündür. Haçana kimi hakimiyyətlər, biri-birilərinə inanmadıqları üçün, ordularını buraxmaq, onların sayını azltmaq yerinə, onların sayını biraz da artırırırsa və bununla da öz qonşularını da belə bir yarışmaya qoşursa, ardı-arası kəsilmədən, öz çuğullarının köməyi ilə qonşu ölkələrin qoşunlarının yerdəyişmələrinə göz qoyursa, istənilən başqa bir hakimiyyətin ilk imkan yaranan kimi qonşu ölkəyə basqın edəcəyini bilirsə, onda bu dövlətlər arasında heç bir anlaşma yarana bilməyəcəkdir və bu işi yoluna qoymaq üçün təşkil olunan istənilən konfrans da, ya qanmazlıq, ya oyun-oyuncaq, ya yalançılıq, ya da özünü aldatmaqdır, yaxud da elə, bunların hamısının bir yerə toplanmasından yaranan bir yanlışlıq deməkdir.

Bu konfransda rus hökumətinin özünü tərbiyəsiz uşaq yerinə qoyması açıq-aydın görünürdü. Rus hökuməti indiyədək çox ərköyünləşdirilmişdir, öz evində onun, yalançılığı açıq-aydın görünən, manifest və fərmanlarına kimsə etiraz eləmədiyindən, bu hakimiyyət aşırı silahlanma yolu ilə öz xalqını var-yoxdan çıxarmış, Polşanı boğmuş, Türküstanla Çini çapıb-talamış, Finlandiyaya əlindən gələn bütün yamanlıqları eləmiş və bütün bunlardan sonra, bu konfransda, hamının onun sözlərinə inanacağını düşünərək, Avropanın hökumətlərinə hamılıqla tərkisilah olmağı təklif eləmişdir.

Rus hökumətinin bu gözlənilməz və əxlaqsız təklifinin ölkə daxilində qoşunlarının sayının artırılması ilə bağlı qərar verməsi ilə eyni bir vaxta təsadüf eləməsinə və onun hay-küylə qəbul elədiyi bu qərarının başqa dövlətlərə də bəlli olmasına baxmayaraq, Avropa ölkələrinin hökumətləri xalqlarının qarşısında özlərini doğrulda bilmək üçün bu komik və açıq-aydın yalançı müşavirəyə getməyə bilməzdilər, ona görə də, bu dövlətlərin hamısı, öncədən də, bu işdən heç nə alınmayacağını bilsələr də, bu konfransa öz nümayəndə heyətlərini göndərdilər və konfransın keçdiyi bir neçə ayda buradakı iştiraklarına görə çox böyük məbləğdə əməkhaqqı alan bu nümayəndələr ürəklərində baş verənlərə gülsələr də, ancaq üzdə özlərini çox xeyirxah və xalqlar arasında barışın yaranmasının qayğısına qalan siyasətçilər kimi aparırdılar.

Haaqa konfransı qorxunc və qanlı transvaal savaşının başlaması ilə qurtardı və bu konfransa qoşulan hökumətlərdən heç biri bu, qaniçənliyin baş alıb getdiyi savaşı dayandırmaq istəmədilər və indi də bununla bağlı hansısa tədbir görmürlər, ancaq bütün bunlara baxmayaraq, bu konfransın heç kimin ondan gözləmədiyi bir dəyəri də oldu; bu konfransın başlıca dəyəri, xalqların yaşamını ağrı-acılarla dolduran yamanlığın hakimiyyətlər tərəfindən aradan qaldırıla bilməyəcəyini açıq-aydın bir şəkildə göstərməsi oldu, çünki indiki hakimiyyətlər, hətta bunu istəsələr belə, silahlanmanın və müharibənin qarşısını ala bilmirlər. Hakimiyyətlərin varlığını zəruri eləyən onların öz xalqlarını başqa xalqların basqısından qorumaqdır; ancaq heç bir xalq özbaşına durub başqa bir xalqa basqın eləmək istəmir, ona görə də, hakimiyyətlər öz varlıqlarını qoruyub saxlaya bilmək üçün başqa xalqlarda özlərinə və bunun yanısıra, öz xalqlarına qarşı da yağılıq duyğusu yaratmağa çalışırlar. Öz xalqında patriotizm, başqa xalqda isə özünə qarşı yağılıq duyğusu yaratmaqla, hakimiyyət öz xalqına onun varlığına qarşı qorxu yarandığını və bu qorxuya qarşı döyüşməli olduğunu aşılayır.

Əlində güclü hakimiyyət vasitələri olduğundan, hakimiyyət başqa xalqlarda özünə qarşı yağılığı qızışdırmağı da, öz xalqının içində patriotizmi alovlandırmağı da bacarır və bu iki işi böyük çalışqanlıqla eləyir, hakimiyyətlər bu işdən əl çəkə bilməzlər, çünki bunlar olmasa onların varlığı da ortadan qalxmış olardı.

Keçmişlərdə hökumətə öz xalqını başqa xalqların basqısından qorumaq gərək idisə, indi isə əksinə, hökumət xalqlar arasında yaranmış barışığı süni surətdə pozmağa onlar arasında yağılıq yaratmağa çalışır.

Kimsə toxum əkmək üçün tarlanı şumlayırsa, bu ağıllı bir iş sayılır; ancaq artıq əkilmiş və toxumların cücərib boy atmağa başladığı tarlanı şumlamaq, bəlli olduğu kimi ağılsız və ziyanlı bir iş sayılır. Bax, hakimiyyətlər də, öz xalqlarını buna bənzər bir işi görməyə sürükləyirlər–xalqlar arasında pozulmasına heç bir səbəb olmayan barışığın və birliyin pozulması üçün indi təkbir səbəb varsa, o da onların mövcud hakimiyyətləridir.


kultura.az

Ana səhifəXəbərlərL.N. Tolstoy: Patriotizm və hakimiyyət