Livanda ölən idmançının meyiti verilmir

Xəstəxana əməliyyat xərclərinin ödənilməsini istəyir

Source:


Xəstəxana əməliyyat xərclərinin ödənilməsini istəyir

Livana istirahət məqsədi ilə gedən azərbaycanlı, qarışıq döyüş sənəti üzrə idmançı Xəzər Əliyev bu ölkənin paytaxtında yol qəzasında ölüb.

Bildirilir ki, Xəzər Əliyev gecə saatlarında dostları ilə birgə klubda əylənib. Səhərə yaxın taksi ilə qaldıqları ünvana qayıdarkən sürücü ilə mübahisələri düşüb. Sürücü onları 130-140 km/saat sürət həddi olan magistralda körpünün üstünə düşürüb. İdmançı avtomobildən düşərək yolu keçmək istəyərkən onu maşın vurub.

Qəzanı törədən sürücünün saxlanıldığı və cinayət işi açıldığı qeyd olunur.

Bu barədə idmançının adının çəkilməyən dostu APA-ya deyib ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan X.Əliyevə 8-9 litr qan köçürülüb, ancaq həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

O, xəstəxanın münasibətindən narazılığını büruzə verib:

“Buna baxmayaraq, xəstəxana əməliyyat üçün 12 min ABŞ dolları tələb edir. Bundan başqa, meyitinin göndərilməsi üçün 6-7 min dollar da istəyiblər”.

Azərbaycanın Livandakı səfirliyinin konsulu Şahin Pənahov deyib ki, azərbaycanlı idmançı Xəzər Əliyev dostu ilə gəzmək və ya işləmək məqsədi ilə Beyruta gedib:

“Hansı məqsədlə burada olması barədə dəqiq məlumat yoxdur. Avqustun 27-də onlar səhərə yaxın klubdan içkili vəziyyətdə çıxıblar. İki dostdan birini maşın vurub. Yaralı xəstəxanaya çatdırılıb. Təxminən səhər saat 6-dan 11-ə kimi üzərində əməliyyat keçirilib. Xəstəxanadan bildirildiyinə görə, ona 8 litrə yaxın qan vurulub. İndi xəstəxana əməliyyat üçün 12 min dollar pul tələb edir, pulun verilməyəcəyi təqdirdə meyiti verməyəcəyini bildirir”.

Konsul bildirib ki, onlar qəzanı törədənlə və onun qohumlarılə bu məsələ ilə bağlı görüşüblər:

“Polisdə belə bir razılığa gəldik ki, onlardan şikayət edilməyəcək, əvəzində isə qarşı tərəf xəstəxana və meyitin Azərbaycan göndərilməsi xərcini üzərinə götürəcək. Polis bu məsələni həll etmək üçün 48 saat vaxt qoydu. Hadisə ilə bağlı istintaq da hələ davam edir. Lakin qarşı tərəf tələb edir ki, mərhumun anası şikayət etməyəcəyi ilə bağlı vəkalət göndərsin, yalnız bundan sonra xərcləri ödəməyə hazırdırlar. Anası ilə əlaqə saxlamışıq, anası bildirib ki, vəkalət göndərmir, özü Beyruta gələcək və şəxsən prosesdə iştirak edəcək. Biz hazırda anasını gözləyirik ki, qarşı tərəflərlə danışıqlar aparsın”.

Ana səhifəXəbərlərLivanda ölən idmançının meyiti verilmir