Litvanın DTX direktoru: “Sobçak ölkəyə İsrail vətəndaşı kimi daxil olub”

Kseniya Sobçak. Anton Gvozdikov/ shutterstock

“Ona qarşı hansısa hüquqi əsaslandırmaya malik şərtlər olmayıb”

“Rusiyalı jurnalist və teleaparıcı Kseniya Sobçak Litvaya İsrail vətəndaşı kimi daxil olub”.

Litvanın Dövlət Təhlükəsizliyi Departamentinin direktoru Darius Yaunişkis “Ziniu Radijas” radiosuna müsahibəsində belə deyib.

O, Sobçakın İsrail vətəndaşı olduğunu qeyd edib.

Viza tələbi olmadığı üçün jurnalistin ölkədə 90 gün qala biləcəyini bildirib.

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis isə Sobçakın ölkədə olmasının milli təhlükəsizliyə təhdid yarada biləcəyinə dair konkret məlumatın olmadığını bildirib.

Jurnalistin “Nəyə görə Sobçak hələ də Litvanın arzuolunmaz şəxslər siyahısına salınmayıb?”, – sualına nazir cavabında deyib ki, Sobçakın adı Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-ın sanksiya siyahısında yoxdur:

“Başqa sözlə desək, o, qaydaları pozmayıb. Sərhədçilər də hər şeyi hazırkı prosedura uyğun ediblər. Ona qarşı hansısa hüquqi əsaslandırmaya malik şərtlər olmayıb. Amma bu, o demək deyil ki, belə bir qərar üçün heç bir ilkin şərt ola bilməz”.

Oktyabrın 26-da Rusiya hüquq-mühafizə orqanları Sobçakın “Rostex” dövlət korporasiyasından pul tələb etməkdə şübhəli bilinməsi ilə bağlı məlumat yayıb.

Həmin gün Sobçakın Moskvadakı bağ evində axtarış aparılıb.

O, Rusiyanın Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin “b” bəndi ( külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir.
Sobçakın 15 ilə qədər həbsi nəzərdə tutulur.

Onun barəsində həbs qərarının olması barədə məlumatlı olduğu üçün oktyabrın 25-dən 26-na keçən gecə Rusiyadan qaçaraq, Belarus vasitəsilə Litvaya keçdiyi bildirilib.

Sobçak oktyarbın 26-da İsrail pasportu ilə Litvaya buraxılıb. Belə bir sənədin sahiblərinin vizaya ehtiyacı yoxdur. Litva sərhədçiləri keçid məntəqəsində təqdim olunan İsrail pasportunun həqiqiliyini yoxlayıb, həmçinin məlumat bazasından istifadə edərək Sobçakın Litvada arzuolunmaz əcnəbilər siyahısına daxil edilmiş şəxs olub-olmadığını yoxlayıblar. Bu prosedurlardan sonra onun sərhədi keçməsinə icazə verilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sobçakı İsrail vətəndaşlığına görə ikiüzlülükdə ittiham edib.
Zaxarova deyib ki, Sobçak altı ay ərzində ondan başqa ölkənin pasportunun və ya yaşayış icazəsinin olması ilə bağlı sual verənləri ələ salıb.

    Ana səhifəDünyaLitvanın DTX direktoru: “Sobçak ölkəyə İsrail vətəndaşı kimi daxil olub”