Mənbə: president.az

İlham Əliyev: Niderland Parlamenti ədalətsiz qərar qəbul edib

Məqalə yeniləndi:  18 Noyabr 2020

Səfir Paulin Eizema bildirib ki, bu, hökumətin deyil, parlamentin mövqeyidir

“Əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi”.

Bu bəyanatı Azərbayan dövlət başçısı İlham Əliyev noyabrın 18-də Niderlandın yeni təyin olunan səfiri Paulin Eizemanın etimadnaməsini qəbul edərkən səsləndirib.

İlham Əliyev bildirib ki, Nierland parlamentinin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı daha yaxın əlaqələr qurmağa kömək etməyəcək: “Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı”.

Ölkə başçısının sözlərinə görə, üçtərəfli 10 noyabr bəyanatından sonra Niderland Parlamentinin mövqeyi ona çox qəribə gəlib: “Bundan sonra - Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin, siz də bilirsiniz ki, regional ölkələr 10 noyabr bəyanatını dəstəkləyiblər. Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı. Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu, başadüşüləndir. Parlamentin qəbul etdiyi qərardan ola bilsin, fərqli olan ölkənizin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq. Buna görə də parlamenti belə qərar qəbul edən ilk ölkənin nə üçün Niderland olduğunu insanlar sizdən soruşduqda bu vəziyyətlə üzləşməli olacaqsınız. Praktiki baxımdan, bunun yerdəki vəziyyətə birmənalı şəkildə heç bir təsiri olmayacaq. Vəziyyət indi sabitləşir. Belə bir günü demək olar ki, otuz ildir gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini görməyi səbirsizliklə gözləyirlər. Amma bu, vaxt aparacaq, çünki təcavüzkar demək olar ki, hər şeyi dağıdıb”.

İlham Əliyev səfirlə söhbətə bu mövzu ilə bağlı başlamasına da təəssüflənib: "Bu ancaq onunla əlaqədardır ki, bizim görüşümüz iki gün əvvələ təyin olunmuşdu və sizin parlamentin qərarı ondan sonra qəbul edilib. Bundan başqa mən nə deyə bilərəm? Bir daha deyirəm, bunu izah etmək asan olmayacaq. Bu, həmçinin sizin hökumətinizin, xarici işlər nazirinizin mövqeyindən asılı olacaq. Biz bununla bağlı onların şərhlərini gözləyirik. Çünki mənim köməkçim mənə deyib ki, müzakirə zamanı şərhlər olub, lakin biz şərhləri indi, bu qərar qəbul olunandan sonra gözləyirik. Sözsüz ki, biz Avropa Komissiyasından şərhlər gözləyəcəyik. Bildiyiniz kimi, Avropa Komissiyası və Azərbaycanın çox geniş əməkdaşlıq gündəliyi var. İki il əvvəl biz Brüsseldə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəkləyən “Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq. Azərbaycan öz ərazisində döyüşürdü, öz ərazi bütövlüyünü bərpa edirdi və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycan tərəfindən paraflanmış sənədə uyğundur”.

Səfir Paulin Eizema bildirib ki, Niderland hökuməti ilə çox sıx şəkildə əlaqə saxlayıb və məsələni müzakirə edib: “Mənim hökumətimin mövqeyi çox balanslaşdırılmışdır. Mən bunu yüksək qiymətləndirirəm. Bu, təhlilin, müzakirələrin və yaxşı dialoqun nəticəsində olub. Mən bir daha vurğulamaq istərdim ki, mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılmışdır. Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 Noyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7ixxx0

Ən çox baxılan