“Mən siyasi sifarişlərlə insanları məhv edən prokurorları, müstəntiqləri görmüşdüm, indi isə bu cür sifarişləri icra edən həkimləri də görürəm”
Həbsdə olan vicdan məhbusu, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus həbsxanadan mediaya məktub göndərib.
Oktyabrın 10-da Kürdəxanı təcridxanasının tibb mərkəzinə aparıldığını yazan L.Yunus onu müayinə edən “10-12 nəfər hündürboy, cantaraq kişinin” həkimə oxşamadıqlarını iddia edir.
Leyla Yunus yazır: “Oktyabrın 10-da, saat 12.00 radələrində məni Kürdəxanı İstintaq Təcridxanasının tibb mərkəzinə gətirdilər və çoxlu adamların toplaşdığı bir otağa saldılar. 23 sentyabrda mənim mayor Yaqubov tərəfindən döyülməyimlə bağlı sentyabrın 26-da məhkəmə tibb eksperti ilə birlikdə məni dindirən Sabunçu rayon prokurorluğunun müstəntiqi Ceyhun Hümbətov da orada mənə yaxınlaşdı. Həmin məhkəmə tibb eksperti də 10-15 iri cüssəli kişi ilə birlikdə həmin otaqda idi. Çeyhun Hümbətov bildirdi ki, bu kişilər məhkəmə tibb ekspertləridir və onlar məni müayinə edib tibbi rəy hazırlamalıdırlar. Bu adamların heç biri özünü təqdim etmədi və hansı sahə üzrə mütəxəssis olduğunu söyləmədi”.
Vicdan məhbusu bildirir ki, əvvəlcə onu “ağırçəkili boksyor”a bənzəyən oftalmoloq aparata dəvət edib: “Cəmi bir neçə dəqiqədən sonra mən bu oftalmoloqun ironiyalə səsini dinləməli oldum. Onun dediyindən belə çıxdı ki, mənim gözlərimlə bağlı hər şey əladır və tam sağlamdır. Dərhal anladım ki, bu qrupun məqsədi mənim bir kosmonavt kimi hətta kosmik uçuşlar üçün belə yararlı səhhətim olduğu haqqında ”tibbi arayış” tərtib etməkdir. Oftalmoloqdan sonra sırada gələn nevropatoloqun verdiyi rəy məni buna tamamilə inandırdı. Bu zaman mən uca səslə onlara bildirdim ki, mənim üçün hansı rəyi hazırlamaq istədiklərini yaxşı başa düşürəm”.
Leyla Yunus özlərini tibb personalı kimi təqdim edənlərə deyib ki, ölkədə, onsuz da, müstəqil ekspertlər yoxdur, üstəlik bunlar hətta paqon daşıyırlar.
“Bildirdim ki, vəkilim prokurorluğa müstəqil tibbi ekspertlərin məni müayinə etməsi haqqında müraciət edib. Və biz bu müraciətə rəsmi imtina cavabı almışıq. Bu qədər böyük kişilərin burada tamaşa düzəltməsi, sadəcə olaraq, ayıbdır. Onlar isə gülməyə və mənə istehza etməyə başladılar. Oftalmoloq isə hətta bildirdi ki, məndən məhkəməyə şikayət edəcək. Bu qədər adamdan yalnız ikisi bir kənarda başlarını aşağı dikərək dayanmışdılar. Bu kişilərdən biri sadəcə, həmin gün səhər saat 9.30-da götürülmüş sidiyin analizinin cavabı olaraq ”sənəd” təqdim etdi ki, hər şey qaydasındadır və normadan kənar heç nə yoxdur. Bu prosesdə nevropatoloq və psixiatr mənə qarşı xüsusilə aqressiv davranırdılar. Dözə bilmədim, isterikaya düşərək ağlamağa başladım. Burada dayanan həkimlərdən heç biri (!) mənə nə sakitləşdirici bir həb, nə valerian, nə də hətta adicə su təklif etmədi. Onlar özlərinin müstəqil olduqlarını bağırmaqda davam edirdilər”- deyə Leyla Yunus yazır.
Vicdan məhbusu həkimlərlə prokurorluq müstəntiqlərinin davranışlarının eyni olduğu qənaətindədir: “Prokurorlar da günahsılzlığıma istehza edib məni casusluqda ittiham edirdilər. Bu həkimlər də mənim ağrılarıma və xəstəliklərinə istehza edirdilər. Mən sakitləşdim və bu həkimlərə Penitensiar Xidmətin müəssisələrində ölənlərin adlarını sadalayaraq onlara bildirdim ki, məhz bu adamlar işgəncə faktlarını gizlədərək tibbi ekspertizanın nəticələrini saxtalaşdırıblar. Bundan sonra onlar təkrarən səs-səsə verib bağırışmağa başladılar”.
Leyla Yunus sonda yazır: “Günortadan sonra, o mənə dərman verəndə mənim gödəkçəyə və qalın şala büründüyümü görüb istehza ilə “Yunusova, hələ də donursuz, xəstələnirsiz…” deyə səsini eşitdim.
“Mən siyasi sifarişlərlə insanları məhv edən prokurorları, müstəntiqləri görmüşdüm, indi isə bu cür sifarişləri icra edən həkimləri də görürəm”-deyə Yunus məktubunu bu fikirlərlə bitirib.