“Dişləri, saçları tökülür, şəkəri yüksəkdir – 220, təzyiqi yüksəkdir, gözləri pis görür, zəifləyib. Beş addımdan artıq gedə bilmir. Ayaqları şişib”
Penitensiar Xidmətin bəyanatlarına baxmayaraq, həbs edilmiş hüquq müdafiəçisi Leyla Yunusun vəziyyəti gündən-günə daha da pisləşir. Bu barədə “Turan İA”-a müsahibəsində Yunus ailəsinin dostu və həkim Azad İsazadə bildirib.
Dünən o, L.Yunusla telefonla danışıb. Xanım mədəsində kəskin ağrılar olduğunu və 12 kq arıqladığını təsdiq edib.
“Dişləri, saçları tökülür. Şəkəri yüksəkdir – 220. Təzyiqi yüksəkdir, gözləri pis görür. Zəifləyib. Beş addımdan artıq gedə bilmir. Ayaqları şişib”.
Azad İsazadə Leyla Yunusda Hepatit C-nin aktivləşdiyini və qara ciyərdəki proseslərin serroza apardığını ehtimal edir.
L.Yunus özü ilin sonuna qədər yaşayacağına ümid etmir. “O deyib ki, hələ gücü var, vəkilləri ilə görüşlərə gedir, amma tezliklə bunu da edə bilməyəcək, hətta telefona da yaxınlaşa bilməyəcək”, deyə İsazadə qeyd edib.
“Dünən ilk dəfədir ki, ölümdən danışdı. Vəsiyyət etdi ki, onu anasının yanında basdıraq. Anasının qəbrinin harada olduğunu başa saldı. Vəsiyyət elədi ki, bir gündən artıq yas olmasın”, deyə İsazadə bildirib.
“Məni sındırmaq istəyirlər. Məni öz yolumdan döndərmək istəyirlər. Amma mən bütün ömrümü bu işə həsr etmişəm. Mən bu yoldan qayıtmağı lazım bilmirəm”,- deyə İsazadə hüquq müdafiəçisindən sitat gətirib.
O, həddindən artıq emosional idi və qızını unutmamağı xahiş etdi, həyat yoldaşı Arifin vəziyyətindən narahatlığını bildirdi.
Arifə baş çəkən vəkillərin sözlərinə görə, onun səhhəti o qədər də pis deyil, saxlanma şəraiti də normaldır. Sonuncu dəfə o, kitab, yeməklərdən isə yalnız meyvə-tərəvəz gətirməyi xahiş edib.
Beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarını nəzərə alaraq, İsazadə ilin sonuna qədər hakimiyyətin Yunus cütünü azad edəcəyinə inanırmı? Bu suala cavabda İsazadə deyib: “Düzünü desəm, Leylanın son zənginə qədər inanırdım, ümidim var idi. Dünənki zəngdən sonra qorxuram ki, qərar qəbul etmək üçün vaxt qalmasın. Qorxuram ki, o, azad edilənə qədər yaşamasın”, – deyə İsazadə qeyd edib.