Leyla Yunusun Müdafiə Komitəsi mitinqə hazırlaşır

Sentyabrın 26-ı Leyla Yunusun və Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsi mətbuat konfransı keçirib. Milli Şuranın sərdi, müdafiə komitəsinin üzvü Cəmil Həsənlinin sözlərinə görə, təcili toplanmalarına səbəb, son günlər 1 saylı İstintaq Təcridxanasında saxlanılan Leyla Yunusa, 12 saylı həbsxanada saxlanılan Hacı Mövsüm Səmədova qarşı olunan təzyiqlər və Şəki şəhərindəki siyasi məhbusların mühakiməsi ilə bağlı narahatlıq doğuran məsələlərdir. Cəmil Həsənli çıxışında baş verənlərin birbaşa prezident İlham Əliyevin tapşırığı olduğunu deyib. Ziyalılar Forumunun rəhbəri Eldəniz Quliyev bildirib ki, hakimiyyət həbsdəki fəallara təzyiq etməklə, insanlarda qorxu yaratmağa çalışır: “Həm Leyla xanıma qarşı olan işgəncə, həm Hacı Mövsüm Səmədova qarşı, eləcə də Nidaçılara, gənclərə qarşı olan işgəncə bayırdakılara bir mesajdır. Yəni burada elə siz deyən kimi, yaxşı deyil ha. Burada biz döyə də bilərik, söyə də bilərik, hətta, öldürə də bilərik. Bax, qorxulusu budur. Biz buna alternativ fəaliyyət strategiyası müəyyən etməliyik”. Jurnalist Şahvələd Çobanoğlunun sözlərinə görə, belə davam edərsə, Leyla Yunus həbsxanada ölə bilər. O, vicdanlı həkimləri hüquq müdafiəçisini müayinə etməyə çağırıb: “Mən çağırış edirəm. Əgər imkan varsa, Azərbaycandakı vicdanlı həkimlər və yaxud özünə güvənən həkimlər, bu məsələyə aydınlıq gətirilməsini istəyənlər bizə müraciət edə bilərlər. Biz onları dəvət edirik. Özləri də Leyla xanımın yoxlanmasında iştirak edə bilərlər. O zaman məlum olacaq ki, bu, birbaşa ölümə hesablanmış addımdır”. AXCP sədri Əli Kərimli çıxışında deyib ki, Leyla Yunus və digər siyasi məhbuslara qarşı olunan təzyiqlərə görə, son nəticədə Azərbaycan cavab verməli olacaq: “Bütün bu baş verən qeyri-insani davranışların hesabını verməli olacağıq. İqtisadi tənəzzüllə verəcəyik, qeyri-sabitliklə verəcəyik, ölkənin daxilində ekstrimizmin artması ilə verəcəyik. Azərbaycan höküməti Azərbaycanı bu istiqamətə aparır. Bunu nəhayət, anlamalıdırlar. Elementar məsuliyyət hissini başa düşməlidirlər”. Mətbuat konfransının sonunda Müdafiə Komitəsi baş vermiş hadisələrlə bağlı aksiya keçirilməsinə qərar verib.

Ana səhifəVideoLeyla Yunusun Müdafiə Komitəsi mitinqə hazırlaşır