Hüquq müdafiəçisini oktyabrın 7-dən telefon danışıqlarında məhrum ediblər, qohumlarla görüşlərə də icazə verilmir
Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusun işi üzrə oktyabrın 15-nə təyin edilmiş proses təxirə salınıb. Leyla İstintaq Təcridxanasına qaytarılıb. Burada onun əl ağacını alıblar. Buna onun məhkəmə zalından çıxarkən əl ağacı ilə mühafizəçini vurması səbəb olub.
Leyla Yunusun yaxınlarının “Turan İA”-a verdiyi məlumata görə, ondan izahat alıblar, daha sonra töhmət veriblər. Öz növbəsində, Leyla Yunus izahatında yazıb ki, heç kimi vurmayıb və bu, yalandır.
Leyla Yunusun yaxınları bildiriblər ki, 2015-ci il avqustun 14-də alman həkim Vitt onu müayinə edib. Daha sonra o, İstintaq Təcridxanasının tibbi-sanitar şöbəsinə yerləşdirilib. Hüquq müdafiəçisinin Vittin gətirdiyi dərmanları içəcəyi, 2 ay və ya ən azından 40 gün sözügedən şöbədə yatacağı barədə protokollar tərtib edilib.
Müayinə və protokolların tərtib edilməsi zamanı Səhiyyə Nazirliyinin nümayəndəsi Murad Məmmədov və Penitensiar Xidmətin Baş Tibb İdarəsinin nümayəndəsi İftixar Qurbanov iştirak ediblər. Lakin alman həkimin gedişindən sonra, avqustun 19-da Leyla Yunus tibbi-sanitar şöbədən çıxarılıb.
Müalicə başa çatmadığına görə o, əvvəlki kimi normal hərəkət edə bilmir və əl ağacına ehtiyacı var.
Bundan başqa, oktyabrın 7-dən onu telefon danışıqlarında məhrum ediblər, qadağa indiyə qədər davam edir, qohumlarla görüşlərə də icazə verilmir.
Penitensiar Sistemdən hər-hansı məlumat almaq mümkün olmayıb.
Leyla və Arif Yunus 2015-i il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən müvafiq olaraq 8,5 və 7 il müddətinə azadlıqdan məhrum edilib. Hər ikisi 2014-cü ildə həbs ediliblər və fırıldaqçılıq, qanunsuz sahibkarlıq, vergilərdən yayınmada ittiham olunurlar. Yunuslara qarşı dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb. Hər ikisi beynəlxalq Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb. Hazırda Bakı Apellyasiya Məhkəməsi onların şikayətinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salıb.