Qaliblər 2015-ci ilin mart ayında keçiriləcək mərasimdə elan ediləcək
Həbsdə olan məşhur hüquq müdafiəçisi Leyla Yunusun ABŞ Dövlət Departamenti tərəfindən təsis edilmiş, beynəlxalq nüfuzlu “Qadınlara igidliyə görə” (International Women of Courage Award) mükafatına namizədliyi irəli sürülüb. Bu barədə Vaşinqtondakı diplomatik dairələrdən məlum olub.
Bu mükafatla sosial ədalət və insan hüquqlarına əməl olunması sahəsində göstərdiyi cəsarətə və liderlik keyfiyyətinə görə fərqlənən dünya qadınları layiq görülürlər.
International Women of Courage Award mükafatı 2007-ci ildə ABŞ dövlət katibi Kondoliza Rays tərəfindən təsis edilib. O vaxtdan indiyədək dünyanın 27 ölkəsindən 36 qadın bu nükafata layiq görülüb.
“Turan İA”-ın bu məlumatı şərh etmək xahişinə cavabda ABŞ səfirliyindən bildiriblər ki, mükafat üçün nominantların seçimi prosesi davam edir. Qaliblər 2015-ci ilin mart ayında keçiriləcək mərasimdə elan ediləcək.
Leyla Yunus vəkili vasitəsilə bildirib ki, bu nüfuzlu mükafata namizədliyinin irəli sürülməsini ölkədə bütün həbs edilmiş hüquq müdafiəçilərinə dəstək kimi qiymətləndirir.